• cümə, 19 Aprel, 18:49
  • Baku Bakı 24°C

Bakuinfo.Az bir yaşında

16.01.14 08:31 2321
Bakuinfo.Az bir yaşında
Ölkəmizin çoxsaylı elektron media vasitələri arasında öz sözünü deməyi bacaran, qısa müddətdə kifayət qədər oxucu auditoriyası toplayan Bakuinfo.Az saytı da var. Bu gün saytın yaradılmasından 1 il ötür. Bu münasibətlə saytın baş redaktoru Əvəz Qurbanlı ilə söhbətləşdik.
- Bakuinfo.Az-ın 1 yaşı tamam olur. Bu münasibətlə kollektivinizi və oxucularınızı təbrik edirik. Bilmək istərdik, bu bir ildə nəzərdə tutulan işlərin neçə faizini görə bildiniz?

- Bu layihəni başlayanda hər şeydən əvvəl nəzərdə tutmuşduq ki, öz dəst-xəttimiz olsun. Bilirsiniz, Azərbaycanın onlayn media məkanında kifayət qədər xəbər saytları var. Rəqabət müstəvisi genişdir. Bu müstəviyə daxil olmaq, mübarizə aparmaq və duruş gətirmək çox da asan deyildi. Bunun üçün sözün əsl mənasında, hər an mübarizə lazımdır. Hər gün yaranan saytlardan biri kimi fəaliyyət göstərəcəkdiksə, effekti çox az olacaqdı və bir-birini təkrar edən saytlardan birinə çevriləcəkdik, auditoriya qazana bilməyəcəkdik. Mütləq fərqli bir cəhətlə özümüzü göstərməli idik. Bəs bu fərqlilik nə olacaqdı?
Bu məsələ üzərində çox baş sındırdıq. Sonda qərara gəldik ki, bunun üçün bir sıra işlər görməliyik. Bir təfədən saytın dizaynından, xarici görünüşündən tutmuş, xəbər başlıqlarına qədər fərqli görsənməyə çalışacaqdıqsa, digər tərəfdən daha vacib məsələ qarşıda dururdu: saytın, necə deyərlər, ideoloji xəttini müəyyən etmək. Əlbəttə, bu xəttin müəyyənləşdirilməsi asan başa gəlmədi. Qarşımıza məqsəd qoyduq ki, obyektiv mövqe tutaq, ictimai-siyasi xəbərlərdə tərəfsizliyimiz daha çox hiss olunsun. Eyni zamanda, bəzi saytlardakı kimi pornoqrafik və reytinq qazanmaq naminə ucuz şou yaradan xəbərlər də bizlik olmayacaqdı. Bakuinfo.Az-ın timsalında ziyalı təbəqənin onlayn media orqanını ortaya qoymağa çalışırdıq. Etibarlı mənbələrin təsdiqləmədiyi xəbərləri tələm-tələsik yayımlayıb qeyri-ciddi imic qazanmaq fikrimiz yox idi. Bütün bunları nəzərə alanda, qarşımızda necə çətin bir işin dayandığını hiss edirdik.
Lakin heç nəyə baxmayaraq, işə başladıq və artıq budur, 1 ildir ki, prinsipial mövqeyimizdən çəkilmədən yolumuza uğurla davam edirik. Qısa müddətdə, demək olar ki, reklamdan istifadə etmədən saytımızı tanıda bildik. Amma bu günə qədər hansı işləri bacardıq, hansını bacarmadıq - qoy bunu oxucular qiymətləndirsin.
- Bakuinfo.Az hansı üstünlüyü ilə digər saytlardan fərqlənir?

- Qeyd etdiyim kimi, biz müstəqil media qurumu kimi formalaşmağı qarşımıza məqsəd qoymuşduq. Dünya mediası inkişaf edir. Azərbaycan medaisı da bu ailənin bir üzvü kimi inkişafdan geri qalmamalıdır. Dövlətimizin xüsusilə son illər mediaya göstərdiyi böyük diqqətin başlıca məqsədi də elə medianın inkişafına dəstəkdir. Müstəqil mətbuatın formalaşması və inkişaf etməsinin vacibliyi məsələsi dəfələrlə ölkə prezidentinin bəyanatlarında da səsləndirilib. Hesab edirəm ki, Azərbaycan mətbuatının bundan sonrakı inkişaf tempi bundan əvvəlkindən fərqli olmalıdır. Media qurumunun müstəqilliyi onun dayanıqlığı üçün mühüm və başlıca şərtlərdən biridir. Bu baxımdan, müstəqil fəaliyyət yolu seçməyimiz, bayaq qeyd etdiyimiz kimi, etik çərçivələrə xüsusi diqqət yetirməyimiz və s. fərqli cəhətərimizdən sayıla bilər. Lakin bununla yanaşı, saytımızın dizaynında da müəyyən fərqliliklər etməyə çalışmışdıq. Bakuinfo.Az-ın fəaliyyətə başladığı günə qədər Azərbaycanın onlayn mediasında fotoların keyfiyyəti demək olar ki, nəzərə alınmırdı. Biz bu sahədə ilk addımları atdıq və sübut etdik ki, xəbərdə yaxşı başlıqla bərabər, cəlbedici və keyfiyyətli şəkillər də çox vacibdir. Çəkinmədən deyə bilərəm ki, Azərbaycan saytlarında fotolara olan münasibət Bakuinfo.Az-dan sonra dəyişməyə başladı.
- Onlayn medianın gələcəyini necə görürsünüz?

- Onlayn media yeni dövrün mətbuatıdır. Təbii ki, texnologiyanın inkişafı ilə bərabər, onlayn media da getdikcə inkişaf edəcək. Dünyada keçirilən sorğuların nəticələrinə görə, yaxın onilliklərdə ümumiyyətlə, çap mətbuatı qalmayacaq və ya çox zəifləyəcək. Qəzetlər, jurnallar muzeylərə və arxivlərə yollanacaq. Ancaq mən vəziyyətin lap bu yerə çatacağını düşünmürəm. İstənilən halda, çap mətbuatı da onlayn media ilə bərabər fəaliyyətini davam etdirəcək. Çünki hər iki media növünün özəl cəhətləri var və heç vaxt bunlar bir-birini tam əvəz edə bilməyəcək. Bəli, onlayn medianın auditoriyası getdikcə daha da böyüyəcək. Amma o da müəyyən həddə qədər.
- Sizcə, İnternetdə əsasən hansı sahələrə aid xəbərlər daha çox oxunur və bu göstərici sizin saytda necədir?

- İnternet vahid məkan olsa da, insanların maraq dairəsi cəmiyyətlərə görə dəyişir. Tutaq ki, videomateriallardan danışsaq, İnternetin Azərbaycan istifadəçiləri arasında, məsələn, meyxana videoları rekord qırırsa, başqa bir cəmiyyətin nümayəndələri daha çox maraqlı elmi nəticələri özündə əks etdirən videomateriallara üstünlük verirlər. Xəbərlər də belədir. Hansı sahəyə aid xəbərlərin oxunması məlum auditoriyanın intellektual səviyyəsi ilə düz mütənasibdir. Söhbət Azərbaycanın İnternet saytlarından və auditoriyasından gedirsə, təəssüflə deməliyəm ki, ən çox oxunan xəbərlər şou-biznes və kriminal xəbərləri, ən az oxunan isə elm və mədəniyyət xəbərləridir.
- Bu, nəyin göstəricisidir?

- Məncə, bu, daha çox, Azərbaycan auditoriyasının ciddi xəbər oxucularının İnternet məkanına kifayət qədər inteqrasiya etməməsinin göstəricisidir. Unutmamalıyıq ki, Azərbaycanda bugünkü internet istifadəçilərinin böyük əksəriyyətini gənclər, onların da əksəriyyətini təhsilsiz gənclər təşkil edir. Bu auditoriyadan hansı tipli xəbərləri oxuyacaqlarını gözləyə bilərik? Əlbəttə, onları şou-biznes, əyləncə və kriminal xəbərləri daha çox maraqlandıracaq. Amma bədbinliyə də ciddi əsas yoxdur. Vaxt gələcək, intellektual baxımdan “güc nisbəti” dəyişəcək, elmi və mədəni xəbərlərin oxucuları daha çox üstünlük təşkil edəcək.
“Bakuinfo.Az-da hansı xəbərlər daha çox oxunur” sualına gəldikdə isə, deyə bilərəm ki, bizdə maraqlı və ictimai-siyasi əhəmiyyət kəsb edən xəbərlər daha çox oxunur. Əgər saytımızın ən çox oxunan 10 xəbəri (top-10) sırasına baxsanız, demək olar ki, bir dənə də olsun, şou-biznes xəbəri tapa bilməyəcəksiniz. Hesab edirəm ki, bu da bizim xəbərə olan münasibətimizin göstəricisidir.
- Hazırkı sayt bolluğunda fərqlənmək üçün nə etmək lazımdır?

- Fərqlilik cəhətləri saytların ideoloji xəttinə görə müxtəlif ola bilər. Yuxarıda öz təcrübəmizdən misallar gətirdim. Amma ümumilikdə xəbər saytını oxunaqlı edən bir vacib məqamı həmişə yadda saxlamaq lazımdır: etibarlı mənbə tərəfindən təsdiqlənmiş, böyük ictimai maraq kəsb edən eksklüziv xəbərlər saytdan əskik olmamalıdır. Bu xəbərlərin əldə edilməsi, təbii ki, ayrı söhbətin mövzusudur. Hər bir halda, belə xəbərləri əldə etmək dünyanın istənilən jurnalisti və ya media qurumu üçün o qədər də asan başa gəlmir.
- İşinizə nə qədər zaman ayırırsınız?

- Onlayn mediada sutkada 24 saat xəbərlər yenilənir. Ona görə də hətta iş vaxtı olmayanda, redaksiyadan kənarda olanda da xəbər axtarmağa, xəbər izləməyə məcburuq. Onlayn media - jurnalistləri fasiləsiz işləyən xəbər istehsalçısına çevirdi. Bu baxımdan, işə nə qədər zaman ayırmalı olduğumuzu özümüz hansısa rəqəmlərlə müəyyənləşdirə bilmirik. Və hazırda bizim saytda xəbərlərin yenilənməsi həftənin 7 günü, sutkada 24 saat ərzində dayanmadan baş verir.
- Gələcək planlarınız nədir?

- Planlar ideya şəklindədir. Maraqlı ideya isə qiymətli əşya kimidir. Göstərdinsə, oğurlana bilər. Ona görə də gələcək barədə planlarımızı geniş açıqlamaq niyyətində deyiləm. Amma təbii ki, planlar var. Saytın daha geniş fəaliyyəti, rəqabətə davamlılığının artırılması üçün bir şeylər düşünürük. İnşallah, zamanı gələndə, planlarımızı əməli iş formasında ortaya qoymaq fikrindəyik.
Murad
banner

Oxşar Xəbərlər