• cümə axşamı, 28 mart, 23:54
  • Baku Bakı 13°C

"Baku Shopping Festival" Azərbaycanda sabitliyin və təhlükəsizliyin göstəricisidir

10.11.17 16:16 1184
"Baku Shopping Festival" Azərbaycanda sabitliyin və təhlükəsizliyin göstəricisidir
Festivalların keçirilməsini zəruri edən amillər
Ticarət festivalları keçirmək ənənəsinə tarixin müxtəlif dönəmlərində fərqli formalarda təsadüf edilir. Amma özəl standartlar və modern texnologiyalar tətbiq edilməsi baxımından "shopping festival" ticarət kampaniyaları sırasında brendə çevrilə bilib. Türkiyə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri festivalları sistemli şəkildə keçirilməklə ciddi nailiyyətlər əldə edə biliblər.
Mədəniyyət və turizm nazirliyinin nəzdindəAzərbaycan Konqreslər Bürosununtəşkilatçılığı ilə 2017-ci ilin 10 aprel-10 may aralığında keçirilən 1-ci "Baku Shopping Festival"ın uğurlu nəticələri eyni il daxilində 2-ci festivalın təşkilinə marağı artırıb. 1-ci festival nəticəsində dövlət büdcəsinə 5,6 milyon manat vəsait daxil oldu. Bundan başqa, ümumilikdə 1-ci Şopinq Festivalın maliyyə dövriyyəsi 18 milyon 167 min 892 manata çatıb ki, bu dövriyyədən özəl iaşə obyektləri, ticarət müəssisələri və digər xidmət sahələri gəlir əldə ediblər. Statistikaya görə, onların 18%-dən 200%-ə qədər satış artımları olub. Proqnozlara görə, 10 aprel-10 may tarixlərində keçirilən 1-ci, 15 oktyabr-15 noyabr tarixlərində keçiriləcək 2-ci festivallar nəticəsində ölkə büdcəsinə ümumilikdə 50 milyon manatadək vəsait daxil olacaq.
2017-ci ildə, şopinq festivalların keçirildiyi bir dövrdə ölkəyə gələn turistlərin kəmiyyəti də ötən illərlə maqayisədə artıb. İlin 9 ayı ərzində Azərbaycana 2 milyon 71 min 918 nəfər turist gəlib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz artım deməkdir. Hesablamalara görə, 2017-ci ilin ilk 8 ayı ərzinda gələn turistlərin ölkə içində xərclədikləri vəsait 700 milyon dollardan yüksəkdir və bu, ölkə büdcəsi ilə yanaşı, özəl xidmət sektoru üçün ciddi mənbədir.
Nəzərə alsaq ki, Şopinq Festival bir alət olaraq təkcə Azərbaycanda deyil, ümumilikdə yerləşdiyimiz regionda ilk dəfə Bakıda tətbiq edilir, onda bu təcrübənin növbəti illərdə daha da inkişaf edəcəyini, yeni elementlər artırmaqla daha yüksək nəticələr verəcəyini proqnozlaşdırmaq olar. Festivalın tətbiq olunduğu ilk il ərzində əldə edilən nəticələr bu pronozun reallıq gücünü artırır. Belə ki, eyni il tərkibində keçirilməsinə baxmayaraq, 1-ci Festivalla 2-ci Festivalın göstəriciləri arasında yüksək dinamika diqqət çəkir. 2-ci Festivala qatılan ticarət obyektlərinin sayı birinciyə nisbətən 3 dəfə yüksəlib. 2-ci Festivala 600-ə yaxın ticarət obyekti, hipermarket və supermarket, həmçinin də aptekin qoşulması deməyə əsas verir ki, 1-ci Festivalın nəticələri uğurlu olub, kampaniya alıcılarla yanaşı, xidmət təklif edənlər üçün də əlverişli şərait yarada bilib.
Məlumat üçün bildirək ki, şopinq festivallar turist axını cəlb etmək üçün tətbiq edilən ən təkmil, innovativ alətlərdən biri kimi beynəlxalq səviyyədə öz təsdiqini tapıb. Amma turizm sənayesini inkişaf etdirmək arzusunda olan ölkələrin əksəriyyəti bu alətdən istifadə etmək istəsə də, festivalların təşkil edilməsi üçün gərəkən mühiti formalaşdırmaq hər kəsə nəsib olmur. Ölkədə ictimai-siyasi sabitliyin mövcud olması, təhlükəsizlik mühitinin formalaşdırılması festivalların keçirilməsini şərtləndirən amillər sırasındadır. Şopinq festivalların keçirildiyi ölkələrin təcrübəsi bu faktı təsdiqləyir.
Şopinq festivalların uğur qazandırdığı şəhərlər
Dubay Əmirliyi (Birləşmiş Ərəb Əmirlikləri-BƏƏ) 1996-cı ildən başlayaraq "Shopping Festival"ı 22 il müddətində fasiləsiz keçirməklə öz paytaxtını dünya ticarət markası edib. Dubay hazırda bu kampaniyadan ən çox gəlir əldə edən şəhərdir. Şəhərə illik turist axını təqribən 14,26 milyon nəfərlə ölçülür ki, bunun da təqribən 2,6 milyon nəfərə yaxını bilavasitə şopinq festivvallar mövsümünə aiddir. Dubay dünyada turistlərin ən çox səfər etdikləri şəhərlər sırasında ilk beşlikdə 4-cü yerdədir: Birinci yerə London (illik 18,82 milyon nəfər), ikinci yerə Paris ( illik 18,24 milyon nəfər), üçüncü yerə Honkonq (illik 16,06 milyon nəfər) dördüncü yerə Dubay (illik 14,26 nəfər), beşinci yerə isə İstanbul (illik 12,56 milyon nəfər) sahiblik edir. Dubayın əldə etdiyi bu yüksək nəticədə şopinq festivalların da öz yeri var. Statistikaya görə, 1996-2016-cı illər aralığında keçirilən ticarət festivallarına ümimilikdə 56 milyon nəfərdən çox turist qatılıb.
"Shopping Festival"ların sistemli və effektiv keçirildiyi ikinci şəhər İstanbuldur. 2011-ci ildən etibarən bu təcrübəni tətbiq etməyə, İstambul öz epitetlərinin sırasını daha da genişləndirə bilib. Belə ki, "tarixi şəhər", "fərqli sivilizasiyalar, mədəniyyətlər beşiyi olan şəhər", "turist şəhəri" kimi ad çıxarmış İstanbul, 2011-ci ildən sonra həm də dünyanın cəlbedici ticarət mərkəzlərindən biri kimi məşhurdur.
Dünya turistlərinin üz tutduqları şəhərlər sırasında ilk beşlikdə yer alan İstanbul (illik 12,56 milyon nəfər) özünün cəlbediciliyi ilə bütövlükdə Türkiyə turizm sənayesinə təsir edə bilib. Belə ki, Türkiyə 2014-cü ildə dünyada xarici turistlərin ən çox üz tutduqları ölkələr sırasında 6-cı yerə yüksələ bilib. Bu nəticənin əldə edilməsində bütövlükdə İstanbul şəhərinin, ayrılıqda isə, şopinq festivalların əhəmiyyətli payı var. Hər il 40 günlük ticarət festivalı keçirilən şəhərə milyonlarla turist axın edir, dövlət büdcəsi ilə yanaşı xidmət sektoruna, ticarət obyektlərinə milyardlarla dollar gəlir qazandırır. Hesablamalara görə, Türkiyə 2016-cı ildə təkcə xarici turist axınından 37 milyard dollar qazanc götürə bilib.
"Shopping Festival" siyasi sabitlik, təhlükəsizlik mühitində effekt verir
İstanbulda şopinq festivalların keçirildiyi illəri müqayisəli təhlil edərkən, bir nüans da ortaya çıxır. İnnovativ texnologiyaların tətbiq edilməsi, cəlbedici kampaniyaların təşkilinin nəticəsi olaraq Türkiyədə 2011-2015-ci illər arasında turizm sənayesi yüksək səviyyədə inkişaf edərək pik həddə çatdı. 2014-cü ildə 42 milyon nəfərlik xarici turisti qəbul etməklə Türkiyə turizmin inkişaf etdiyi ölkələr sırasında 6-cı yerə yüksələ bildi. Turizmin inkişafı yönündə bir alət olaraq şopinq festivalın tətbiq edilməsi, İstanbulu həm turist axını, həm də ticarət dövriyyəsi baxımından Dubayla qönşu cərgəyə gətirə bildi. Amma eyni texnologiyaların tətbiqinin davam etdirilməsinə baxmayaraq, təəssüf ki, qardaş ölkədə son iki il müddətində (2015-2016-cı illər) turzm axınında inkişaf yox, tənəzzül yaşandı. Müqayisə üçün baxaq: Türkiyəyə xarici turist axını 2014-cü ildə 42 milyon nəfər, 2015-ci ildə 36 milyon nəfər, 2016-cı ildə 25 milyon nəfər.
Tənəzzülün səbəbi bəllidir. Ekspertlər qeyd edirlər ki, turizm axını sahəsində müvəqqəti tənəzzül yaranmasının ilk səbəbi 2015-ci ildə Türkiyədə törətdilən dövlət çevrilişi cəhdi və silsilə terror aktlarıdır. Türkiyənin sürətli inkişafı, sabitliyi, regionda güc və söz sahibi olmasıyla barışmayan düşmən qüvvələrin yaratdıqları bu problemlər Türkiyəni öz strateji yolundan döndərə bilməsə də, turist axınına təsir göstəmək kimi taktiki problemlərə səbəb oldu. Sevindirici haldır ki, qardaş ölkə bu problemləri cəsarətlə ram edə bildi, sabitlik və inkişaf kursu bərpa edildi. Türkiyə ictimaiyyətinin ayıq tərpənərək təxribata getməməsi, öz iqtidarının arxasında möhkəm durması, düşmən qüvvələrin planını poza bildi.
Amma istənilən halda bir fakt öz təsdiqini tapdı ki, ölkədə sabitliyin, təhlükəsizliyin pozulmasına yönəlik cəhdlər, ictimai-siyasi, o cümlədən, iqtisadi sferaya təsirsiz ötüşmür. Nə qədər innovativ texnologiyalar tətbiq edilsə belə, sabitliyin pozulduğu bir yerdə həm ümumilikdə iqtisadiyyatda, həm də turizm sahəsində dinamika sönür. Təhlükəsizlik və sabitlik lüks həyat tərzinə aid olan turizm üçün önəmli faktordur.
Azərbaycan regionun ən sabit, dinamik ölkəsidir
Mənsub olduğumuz regionda "Shopping Festival" kimi bir layihəni həyata keçirmək iradəsini özündə tapan ilk ölkə Azərbaycandır. Ümumilikdə region üçün yeni ənənə olan kampaniyanın Bakıda uğurlu keçirilməsi, effektiv nəticələr verməsi, ixtisaslaşmış turizm sənayesinin quruculuğu sahəsində nailiyyətlərin qazanılması Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin göstəricisidir. Yerləşdiyimiz regionda cərəyan edən siyasi gərginliyə, maliyyə-iqtisadi böhrana, təhlükəsizliklə bağlı problemlərə rəğmən, Azərbaycan öz ərazisində siyasi sabitliyi, iqtisadi dinamikanı, təhlükəsizlik mühitini təmin edə bilib, ölkə turistlər və ticarət edənlər üçün rahat bir məkana çevrilib.
Müşfiq Ələsgərli
Milli.Az

banner

Oxşar Xəbərlər