• şənbə, 20 Aprel, 14:05
  • Baku Bakı 23°C

“Bakıya ölmək üçün qayıtmışdım”

17.05.18 09:00 2172
“Bakıya ölmək üçün qayıtmışdım”
Kino ayrı bir dünyadır. Hər bir filmin öz tamaşaçısı və ona ötürdüyü mesaj var. Bir neçə həftə öncə kinoteatrımıza "Ol” adlı yeni bir film daxil oldu. Filmin rejissoru və aktyoru Namiq Ağayevdir. "Kaspi”nin qonağı olan rejissor bizimlə söhbətində yeni filmindən və sənətə gəlişindən danışdı. Özü də öz tərzində, nağılvari bir şəkildə.
- Sizi 90-93 illər "kuklaçı Namiq Ağayev” kimi tanıyırdım. Uşaqlıq xatirələrim sizi hələ də o kuklalara nağıl danışdıran rejissor kimi xatırlayır. "Ol” filmi ilə sanki o stereotipləri sındırdınız.
- O illər teatrda hazırlanan tamaşaların çoxu şou tamaşalar idi. Digər teatrlarda hazırlanan tamaşaları yola verirdilər. Ələkbər Hüseynov (Ələkbər əmi) ilə tamaşalar hazırlayırdıq. Bizim heç internetə çıxışımız da yox idi. Hər kəs pul arxasınca qaçırdı. Paytaxt teatrlarında tamaşalar hazırladım, dünyaya açıldıq. Türkiyəyə getdim, orda teatrlarda çalışdım. Tanınmış aktyor Tuncer Salmanla Türkiyədə "Ol” teatrını yaratdıq. Sonra Nazim Hikmətin "Hoşgeldin Nazım” tamaşasını hazırlayanda dedilər ki, başınızı aşağı salın, hamı kimi işləyin. Elə bu "hamı kimi işləyin” söhbəti axırımıza çıxdı. Amsterdamda, Bakıda, Moskvada, hətta Nazim Hikmət vəqfində həmin tamaşanı oynadıq. Biz Nazim Hikmətin tamaşasını barda da oynadıq. Hətta orda da tamaşaçılar onu qəbul etdi. Ümumiyyətlə, ən yaxşı tamaşaçı elə ən pis tamaşaçıdır, ən zövqsüz, ən kobud....
- Niyə "Ol”?
- Hər zaman tamaşaçıları müsbət enerji ilə yükləməyin tərəfindəyəm. Bunu bir restorana bənzədirəm. Məsələn, menyuda melanxolik, depressiv yeməklər ola bilər. Ancaq biz pozitivdən yanayıq. Mən bir aşçı və dolma bükən kimi bu filmdə təzə yarpaqlardan istifadə etdim.
Baxın, Allah "Ol” deyib. "Ol” həm mübtədadır, həm feldir. "Ol” deyilib və olub.
- Film çəkmək ideyası sizə hardan gəldi?
- Bu, mənim uşaqlıq missiyamdır. Uşaq yaşlarımda həyətdəki yaşıdlarıma bədahətən nağıllar, dastanlar danışırdım. O zamanlar filmlər səyyar şəkildə göstərilirdi və mən də belə bir film çəkəcəyimə inanırdım.
- Və siz o arzunu gerçəkləşdirdiniz.
- "Ol” filmində mən hər hansı bir tamaşaçının nəfəsini, baxış bucağını hesablamışam. Tamaşaçının zala daxil olub, filmin hansısa bir hissəsində çıxıb gedəcək halı yoxdur. Filmin əvvəlinin ilk beş dəqiqəsini bir az uzun etmişəmi ki, tamaşaçının canı sıxılsın, çünki az sonra onlar sözün əsil mənasında suya girəcəklər.

- Filmi çəkəndə düşündünüzmü ki, Azərbaycanda satılacaq, yoxsa yox? Davamlı olaraq ucuz komediya janrını izləyən tamaşaçıya birdən birə belə film təqdim etmək bir az risklidir...
- Mən bu filmə bir az da əyləncə qatmışdım. Gülən gülsün, ağlayan da ağlasın. Burada başa düşülməyən nə var axı? Bizim xalqın şüuraltı çox genişdir. Tamaşaçı bunu qəbul edəcəkdi. İmkan versəydilər. Hər tamaşaçının öz finalını etdim. Film ya kommersiyaya işləməlidir, ya da festivallara getməlidir. İkisini bir arada birləşdirmək ən çətin yoldur, bu, həmin yolda mənim ilk addımımdır.
- Tuncer Salmanın da filmdə rol alması sizin üçün də bir avantaj oldu.
- Tunceri çoxdan tanıyıram. Onunla birlikdə "Ol” teatrını yaradanda ipə-sapa yatmırdıq (gülürük). Nəinki Tuncer, Türkiyənin bir çox tanınmış aktyorları ilə dostam. İnşallah növbəti layihələrimdə onları da dəvət edəcəyəm. Hətta elə məşhur aktyorlar var ki, onlar mənim tələbəm olub. Dəvət etsəm, sevə-sevə filmlərimdə çəkilərlər. Ancaq onları pulsuz dəvət etmək istəmirəm. Düzdür, onların gözü toxdur. Çox yaxşı bir ssenariyə güzəştli şəkildə çəkilərlər.
- Bu gün yerli film sahəsində ssenari qıtlığı yaşandığı ssenarini özünüz yazdınız?
- Ssenari qıtlığı yaşandığı bir zamanda "dəmlənmiş” 40-a yaxın ssenarim var. İndi ssenaristlə rejissor sənəti birləşib. "Ver çəkim” deyən rejissorlar çoxdur.
- Ssenarilərinizi nə üçün başqa rejissorlara vermirsiniz?
- Ssenarilərimdə rejissor kodları var. Mənim ssenarim başqa rejissorları əzər. Niyə vermirəm? İstəsələr verərəm, ancaq rejissorların kompleksləri var. Çünki o ssenaridə rejissor diktəm var. Son vaxtlar aktyor kimi tanımağa başlamışam. Başqa rejissorlar məni hələm-hələm dəvət etmirlər. Düşünürlər ki, məni dəvət etsələr, gəlib çəkiliş məkanında onlara rejissorluq dərsi keçərəm.Yazdığım ssenariləri dostlarıma təklif etmişəm. Ancaq hamısı maddi problemlər yaşayır. 2-3 ssenarimin halallığını vermişəm. Ssenaristlik ədəbiyyatçılıq deyil. Ədəbiyyatçı ancaq hadisələri yazacaq. Ancaq təcrübəsi olan rejissor bir yarpağın qımıldamasından 10 dəqiqəlik kadr çıxara bilər. Mənim kinoda 18 yaşım var. Teatr proqramını bitirdim.
- Bu proqram nə üçün bitdi?
- Teatrda çox işlər gördüm. Dünya teatrlarını gəzdim, istədiyim ölkədə tamaşalar hazırladım. Teatr proqramım 40 yaşımda bitdi. 40 yaşına yaxın insanın həyatında mənəvi və fiziki mutasiya gedir. Sanki immunitetim yox oldu, ömrüm qurtardı. Bakıya ölmək üçün qayıtmışdım. Bakıya gələndən sonra isə yeni bir proqram - kino proqramı açıldı.
- Özünüzdə "tükənmə sindromu” hiss edirdinizmi?
- Yox, o sindrom yox idi. Amma nə məsələdirsə, Antalya sahillərində zaman çox dayanır. Orada bir dəqiqə sanki bir ildir. İnsan təbiətin enerjisini diktə edən parametrlərdən biridir. Orada sağ ola-ola əbədiyyətə qovuşmuşdum. Aralıq dənizi sahilləri relax bir yerdir. Təbiətə o qədər qovuşursan ki, assosial olursan. Vətənə gəlişimin 5-6 səbəbi varsa, onun biri də bu idi. Bakıya gəldikdən sonra sanki yaşamaq üçün yeni güc əldə etdim, bu, kino ilə əlaqədar oldu. Kliplər çəkməyə başladım. Bir il Kukla Teatrında iki tamaşa hazırladım. Mən belə danışıram, ancaq teatrsız qala bilmərəm. Döndükdən sonra Akademik Milli Dram Teatrında iki, Musiqili Teatrda da bir tamaşa işlədim.

- Sonra?
- Sonrası da heç.

- Necə heç?
- Nə olsun tamaşa hazırladım, ancaq teatrlarımız tamaşaları saxlaya bilmirlər, bilmədilər. Tamaşanı səhnələşdirmək bir, saxlamaq isə ikinci bir hünərdir. Nə Dram Teatrı, nə Kukla Teatrı tamaşalarımı saxlamağı bacarmadılar.
- Saxlaya bilmədilər deyəndə nəyi nəzərdə tutursunuz?
- Teatrın alt qatı o qədər sağlam olmalıdır ki… Hazırda teatrlarımız intriqasız yaşamırlar. Bu, bütün teatrlara aiddir. Suyun qalıb iyləndiyi kimi bir şey... Belə danışıram, ancaq mənim debatlıq intriqalarım olmayıb. Teatrlarda çalışan aktyorların çoxu dostlarım olub. Mövcud intriqa sistemi debatına çıxmaram.
- Ən çox hansı intriqalar maraqlı olur?
- Müdir və baş rejissorun arasında yaranan qısqanclıq. Tamaşa nümayiş olunanda rejissorun adı çəkilir, direktor da qısqanır ki, rejissorun adı niyə çəkilir, mənimsə adım hallanmır. Bu da peşəkarlığa yad bir hissdir. Bir də teatrla bağladığın müqaviləm bitir, mən də hər dəfə işlədiyim yeri tərk edirdim ki, kiminsə yerini dar etməyim. Ancaq indi özümə söz vermişəm ki, bu fikirləri özümdən uzaqlaşdıracağam. Mən niyə getməliyəm?Mənim beş sənətim var – aktyor, rejissor, rəssam, ssenarist və kuklaçı. Bu, mistik mübarizədir. Dram Teatrında "Qanlı Nigar” ən çox baxılan tamaşalardan biri idi. Kukla Teatrı öz əlimlə qurduğum teatrdır. Yaratdığım yox ha, yenidən qurulmasında öz alın tərimlə iştirak etdiyim teatr.
- Sizcə, ucuz komediya filmlərinin kinoteatrlarda at oynatdığı bir zamanda "Ol” filmi nə qədər tamaşaçı toplayacaq?
- Ucuz komediya filmləri çəkən uşaqlarla heç bir işim yoxdur. Sadəcə, biz öz yerimizdə deyilik. Əslində mənim "Bozbaş pictures”dən xoşum gəlir. Bunlar küçə komediya sistemidir. Bir müddət Yuğ Teatrından Akademik Milli Dram Teatrının boşluqlarını tələb edirdilər. Başqa bir teatr sistemlərimiz yox idi. Yəqin ki, siz nə demək istədiyimi anlayırsınız.Ucuz komediya filmlərini çəkənlər gözəl küçə komediantlarıdır, cavandırlar. Komediya çəkənlər də bizim öz balalarımızdır.
Türkiyə kino sistemində çalışan dostlarım da deyir ki, "Rəcəp İvedik”in çəkdiyi ucuz komediya filminin tamaşaçı sayı hətta Cem Yılmazı da keçib. Onlara da deyirəm ki, o tamaşaçıların əksəriyyəti bizim tamaşaçılardır. Yeməyənin payını yeyərlər. Biz alternativ kino az veririk. Tamaşaçıya aktiv kino təqdim etmək lazımdır.
- Bu qədər əlaqələriniz varkən, çəkdiyiniz filmi nə üçün Türkiyə kinoteatrlarda nümayiş etdirmirsiniz?
- Orada PR çox bahadır. Gərək reklam olsun, ona da pul çox tələb edirlər. Ona verdiyim pula burada "Dədə Qorqud” filmini çəkərəm. Və yaxud Mübariz İbrahimov haqqında film çəkərəm. Çox istəyərəm ki, İrəvan xanlığı ilə bağlı film çəkim. Bunu nə zamansa edəcəyimə də inanıram. Ümid dərmandır. İrəvan xanlığının yarım saatlıq sənədli filmini hazırlamışıq.
- "Ol” filminin "CinemaPlyus” kinoteatrlar şəbəkəsi ilə olan məsələsi nə yerdədir?
- Biz filmi dəfələrlə yoxlayıb kinoteatra təqdim etmişik. Biz premyera zamanı hər hansı texniki səhvə yer qoymamışdıq. Premyeradan əvvəl 5 dəfə səs məsələsini yoxlamışıq. Özümüzün və onların mütəxəssisləri ilə hazırlaşmışıq. Mənim filmimin rejissorları peşəkardırlar. Amma premyera günü belə bir problem ortaya çıxdı. Deməli, qəsdən olunub. Problemi aradan qaldırmaq üçün beş gün möhlət istədilər,amma problemi həll etmədilər. Bundan başqa mən onlara elə bir bilbord nümunəsi verməmişdim. O bilbordun nə qədər bərbad olduğunu gördünüz. Filmin pannolarını yenidən çap etdik, aydın görünməyən bir təsvirlər çap etmişdilər.
- Sizcə, film komediya janrında olsaydı bu qədər müzakirə mövzusu olmazdı?
- Bunun heç bir aidiyyəti yoxdur. Deyirlər filmin "Kəklikotu” qədər tamaşaçısı yoxdur. Mənim filmimi onun qədər PR etmirlər. Özləri də etiraf edirlər ki, sizin filminiz sənət kinosudur. Biz həm də kütləvi kino çəkirik. "Nəsimi”, "7 oğul istərəm”, "Dəli Kür”, "Axırıncı aşırım” kimi filmlər həm kütləvi, həm də sənət kinosudur. Mən dədə-babalarımızın yolu ilə gedirəm. Bizim tamaşaçılar genetik olaraq faciə sevən olub. Ancaq bizim camaatın boynuna qoyurlar ki, onlar komediya tələb edir. Xeyr, tamaşaçıya komediyalar sırınır. Camaat "bizə komediya verin” demir.
Xəyalə Rəis





banner

Oxşar Xəbərlər