Bakının zibilqabı problemi

Bakının zibilqabı problemi

Cəmiyyət
30 Noyabr 2012, 08:50 3201
- Bəzən olur ki, zibili əlimdə 1 saat gəzdirirəm, amma atmağa zibil qabı tapmıram.
Bu sözləri bizimlə söhbətində Bakı sakini Xəyalə dedi. Xəyalə bildirdi ki, ətrafındakı rəfiqələrinin hamısı onu buna görə qınayırlar: “Rəfiqələrim əllərində tullantı olanda zibil qabı tapmadıqda, onu elə küçəyə atırlar. Bunu da belə əsaslandırırlar ki, zibil qutusu yoxdursa, yerə atmağımızda bir qəbahət də yoxdur. Deyirlər ki, bunun qeydinə onlar deyil, Bakı meri qalmalıdır”.

Qanun nə deyir?

Qeyd edək ki, ötən ay Milli Məclis "İstehsalat və məişət tullantıları haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar. Həmçinin, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.

“Bakı zibilin içində itib batacaq”

Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin hüquqi məsələlər üzrə eksperti Samir Veysəlov bizimlə söhbətində vəzifəli və hüquqi şəxslərin cərimələlərinin artırılmasının təqirəlayiq olduğunu dedi: “Bir şərtlə ki, qanun icra edilsin, yəni cərimələr tətbiq edilməlidir ki, küçələrdə zibil qutuları quraşdırlsın. Əks təqdirdə, Bakı, xüsusilə şəhərdən kənar yerlər zibilin içində itib-batacaq”.

S.Veysəlov bildirdi ki, Bakının mərkəzində, əsasən də parklarda zibil qutularına tez-tez rast gəlmək mümkündür: “Bir də əhalinin “Torqovıy” kimi tanıdığı Nizami küçəsində hər 5-6 metrdən bir zibil qutuları qoyulub, amma parklar istisna olmaqla, şəhərin digər hissələrində heç 100 metrdən bir də zibil qutusu tapmaq çətindir. Bakıətrafı qəsəbələrdə isə zibil qutusunun adını çəkməyə belə ehtiyac yoxdur. Çünki gözdən-könüldən uzaq olduğuna görə burada axtarsan, üs-üstə heç 10 zibil qutusu tapmazsan. Buna görə də sakinlər zibili yerə atırlar. Bu da kiçik yaşlı uşaqların tərbiyəsinə pis təsir edir. Gələcəkdə həmin qəsəbələrdə zibil qutuları quraşdırılsa da, böyüyən uşaqlar yenə də zibili yerə atacaqlar. Çünki belə tərbiyə alıb böyüyüblər, böyüklərin zibili yerə atdığını görüblər. İndiki və gələcək gəncliyi qınamamaq üçün müvafiq icra hakimiyyətləri orqanları üzərilərinə düşən vəzifəni vaxtında yerinə yetirməlidirlər”.

Məsul şəxslər sualdan qaçırlar

S.Veysəlov Avropa ölkələrindən də misallar çəkdi. Dedi ki, Qərbi Avropa ölkələrində hər addımdan bir zibil qutusu olduğundan, yerdə bir çöpə də rast gəlməzsən: “Elə bil küçələri hər saatdan bir nəinki süpürürlər, hətta yuyurlar. Çünki təsərrüfat sistemi bu ölkələrdə mükəmməl qurulub. Sözügedən ölkələrin vətəndaşlarında elə tərbiyə formalaşdırılıb ki, zibil qabı olmasa belə, zibili heç vaxt küçəyə atmazlar. Yaxud qonşu Türkiyənin baş şəhəri İstanbulda tullantıların yığılması xidmətini bələdiyyələr həyata keçirir. Buna görə də küçələrdə bir dənə də olsun zibil görməzsən. Özü də qeyd edim ki, İstanbulda zibil qutuları çox az sayda qoyulub”. Müsahibimiz ölkəmizdə də tullantıların toplanması, şəhərin təmizliyi məslələrinin bələdiyyələrə verilməli olduğunu dedi.

Məsələ ilə bağlı bir neçə bələdiyyə ilə danışdıq. Bələdiyyələrdən bildirdilər ki, zibil qutularının qoyulması, ümumiyyətlə, şəhərin təmizliyi onların nəzarətində deyil. Amma bələdiyyələrin əməkdaşları bu işi onların görməli olduğunu dedilər: “Bir çox xidmətlər kimi bu xidməti də biz göstərməliyik, amma bizə heç bir iş tapşırmaq istəmirlər”.

Bələdiyyələrdən bildirdilər ki, rayonlarda zibil qutularının quraşdırılması, ümumiyyətlə, təmizlik məsələlərinə mənzil kommunal təsərrüfan birlikləri (MKTB) baxır. Məsələylə bağlı Bakı şəhər Kommunal Departamenti ilə də danışmaq istədik. Amma departamentin rəhbəri Ramiz Verdiyevi yerində tapa bilmədik. Səbayel, Yasamal, Nərimaov, Nizami, Binəqədi və Sabunçu rayonlarının MKTB-lərindən suallarımıza cavab verən tapılmadı.
Qeyd edək ki, paytaxt və paytaxtətrafı rayonlarda küçələrin zibillənməsinin əsas baiskarı MKTB-lərdir. Amma təəssüflər olsun ki, indiyə kimi öhdəliklərinə düşən vəzifəni yerinə yetirmədiklərinə görə bir dənə də vəzifəli şəxs cərimələnməyib. Yəqin MKTB-də işləyənlər düşünürlər ki, vətəndaşlara yaşadıqları yerdən ərizə verməklə işləri tamamlanır.

Ayıbımız və üz qaramız

Təəssüflə onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da paytaxtda kifayət qədər zibil qutusunun olduğunu düşünür. Buna görə də mətbuata verdiyi açıqlamasında adamların zibili zibil qabına deyil, küçəyə atdıqlarını deyib: «Bakıda zibil qutuları problemi yoxdur, ancaq zibili zibil qutusuna atmaq problemi var. Gedirik, zibilqutusu da yanımızdadır, çəkdiyimiz siqareti oraya yox, yerə atırıq, üstəlik, onu ayağamızla əzirik də».

Qeyd edək ki, Milli Məclisdə çıxış edən deputat Elmira Axundova təklif edib ki, parlament tərəfindən son illər qəbul edilən qanunların icrası məsələsi payız sessiyasının gündəliyinə daxil edilsin: “Parlamentin yaz sessiyasında “İstehsalat və məişət tullantıları” haqqında qanuna, həmçinin nəzərdə tutulmamış yerlərə zibil tullantıları atmağa görə cərimələrin həcminin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Çox yaxşı dəyişikliklərdir, amma dəyişən heç bir şey yoxdur. Əgər bu dəyişikliklərin icrasına bu gün başlasaq, gərək ölkə əhalisinin yarısını və bu tullantıların toplanması və daşınmasına cavabdeh olan icra hakimiyyəti və bələdiyyə məmurlarının hamısını cərimə edək. Üstəlik, “Təmiz şəhər” ASC mövcuddur ki, bu məsələlər onun da səlahiyyətinə daxildir. Tam məsuliyyətlə deyə bilərəm: hələ ki heç bir şəhər strukturu öz vəzifəsinin öhdəsindən gələ bilmir. Abşeron qəsəbələri – Buzovna, Şüvəlan, Zaqulba, Pirşağı və digərləri - həmçinin, gözəl dənizimizin sahil boyu ictimai çimərliklər də tullantılarla zibillənib. Qəsəbələrin heç birində zibil qutuları yoxdur, demək olar ki, zibil konteynerləri mövcud deyil, olanlar isə həftələrlə təmizlənmir. Gözəl şəhərimiz Bakının özündə də müasir zibil qutuları hələ də quraşdırılmayıb və sakinlər siqaret kötüklərini və dondurma qablarını atmağa yer tapmırlar. Sahil boyunca nəhəng zibil yığınları, dənizin və şəhərin üzərində uçuşan, ağaclardan asılı qalan polietilen paketlər – bu bizim ayıbımız və üz qaramızdır!”

“Elə bil, küçəni deyil, zibilliyi süpürürük”

Bunları nəzərə alan E.Axundova təklif edib ki, parlament qəbul etdiyi qanunların icrasının keyfiyyətini müzakirə etmək üçün nazirlərin, icra hakimiyyəti başçılarının, iri bələdiyyə rəhbərlərinin iştirakı ilə xüsusi iclaslar təşkil etməlidir. E.Axundova bildirib ki, əgər ölkə başçısı tərəfindən imzalanan qanunlara qarşı olan bu cür münasibət davam edəcəksə, icra və qanunverici hakimiyyəti orqanlarının hörməti düşməkdə davam edəcək.
Qaradağ rayonunun Sahil qəsəbəsində küçələrin təmizliyi ilə məşğul olan Şəhla xala da zibil qutularının olmamasından narazılığını bildirdi: “İşimiz çox çətindir. Hər gün küçələri süpürürük, amma inanın ki, elə bil küçəni deyil, zibilliyi süpürürük. Camaatı da qınamaq mümkün deyil. Gərək zibil qutusu ola ki, zibili yerə deyil, qutuya atalar”.

Lalə Musaqızı