• cümə, 19 Aprel, 22:35
  • Baku Bakı 24°C

Bakının yenilikçi butik oteli – Reportaj Fotolar

22.04.14 11:24 4728
Bakının yenilikçi butik oteli – Reportaj Fotolar
Avropa və Asiya arasında körpü rolu oynayan Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər turizmin inkişafı istiqamətində də özünü göstərməkdədir. Buna əyani misal olaraq, ölkəmizdə otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlərin reallaşmasını, o cümlədən ötən 10 il ərzində 14 beşulduzlu otel də daxil olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsini göstərmək olar.
Təkcə paytaxt Bakıda “Kempinski”, “Hilton”, “Marriott”, “Four Seasons”, “Jumeirah”, “Fairmont” kimi beşulduzlu otellərin istifadəyə verilməsi də turizmin inkişafına geniş imkanlar yaradır. Bu mənada paytaxt şəhərimizin Heydər Əliyev prospekti 2 ünvanında 2008-ci ildə istifadəyə verilən 5 ulduzlu “Excelsior Hotel Baku”nun da turizm sektorunun inkişafında özünəməxsus yeri var. Hər şeydən öncə bildirək ki, Bakının işgüzar mərkəzinin yaxınlığında yerləşən “Excelsior Hotel Baku”dan biznes, ticarət və əyləncə mərkəzlərinə asanlıqla getmək olur, Heydər Əliyev Beynəlxalq Hava Limanı isə buradan sadəcə 25 dəqiqəlik məsafədədir. Otelin müasir tələblərə cavab verən və peşəkar sürücülərin idarə etdiyi avtomobilləri vasitəsilə müştərilər Bakı Dəmiryol Vağzalına 5 (3 km), Fəvvarələr Meydanına 15 (4 km), Prezident Administrasiyasına 7 dəqiqəyə (5 km) çatdırıla bilərlər. Bununla yanaşı, müştərilər həmin avtomobilləri saatlıq icarə üçün də istifadə edə bilərlər. Ümumiyyətlə, “Excelsior”un avtomobil xidməti qonaqlara Bakı Beynəlxalq Hava Limanına və oradan, həmçinin Bakı şəhəri daxilində rahat nəqliyyat təklif edir.
Ənənəni, yenilikləri müasir dəbdəbə və qədimilik çalarlarıyla özündə birləşdirən “Excelsior Hotel Baku” klassik memarlıqla müasir dizayn elementlərinin vəhdətini təcəssüm etdirir. O, özünəməxsus atmosferi, fərqli xidməti və müasir texnologiyaları ilə Bakının yenilikçi butik otelidir. “Excelsior”un Satış və marketinq üzrə direktoru Damla Çuhadaroğlu Bayıkın iştirakı ilə otellə yaxından tanışlıq zamanı buranın başdan ayağa dəbdəbə və zərifliklə əhatə olunduğunu görməmək mümkün deyildi. Onun müşayiəti ilə oteli gəzərkən öyrəndik ki, 5 mərtəbəli “Excelsior”da yüksək zövqlə dekorasiya edilmiş ümumilikdə 61 gözəl nömrə və dəbdəbəli süit var. Bunlardan 45-i “Heritage”, yəni standart (41 m2), 9-u “Duke” (24 m2) nömrələrdir. Süitlərdən 4-ü “Crown” (60 m2), 2-si “Royal” (63 m2), 1-i isə “İmperial” (300 m2) süitdir. Otel otaqlarının hər birində fərdi iqlim nəzarəti funksiyalı mərkəzi kondisioner sistemi, sürətli internet, şəhərin müxtəlif istiqamətlərinə yönəlmiş ürəkaçan mənzərə var. Bununla yanaşı, nömrələrin axşam təmizliyi, 24 saatlıq otaq, tam konsiyerj xidmətləri, şəxsi seyf, səsli poçt və səsucaldan funksiyalı rəqəmsal ikixətli telefonlar, kompyuter və faks qoşulmaları, nömrələrə pulsuz çay-kofe, istirahət mərkəzləri, geniş vanna otaqları, yumşaq xələt və otaq ayaqqabıları, keyfiyyətli vanna ləvazimatları da xidmətə daxildir. Qiymətlərə gəldikdə, müştərilər bir gecəlik standart nömrə üçün 130 AZN, “Duke” üçün 111 AZN və 18 faiz Əlavə Dəyər Vergisi ödəməlidirlər. Süitlərdə gecələmək üçün isə “Crown”a 260, “Royal”a 310, “İmperial”a 3000 AZN və 18 faiz Əlavə Dəyər Vergisi ödəmək tələb olunur. Bir sözlə, bu lüks oteldə müştərilərin gözləyə biləcəyi bütün müasir rahatlıqlar var. 5 ulduzlu “Excelsior Hotel Baku”da nömrə götürmək istəyən müştərilər dünyanın istənilən ölkəsindən, sadəcə internetin imkanlarından yararlanmaqla otelin 9 dildə fəaliyyət göstərən (www.excelsiorhotelbaku.az) saytına daxil olub istədikləri otağı kirayələyə bilərlər. Müştərilər saytda otelin bütün xidmətləri, o cümlədən hər bir otaq və xidmətlər barədə də ətraflı məlumat ala bilərlər.
“Excelsior Hotel Baku” yemək-içməyi, əyləncəni sevənlər üçün də əla məkanlardan biri sayılır. Bakıda mövcud olan ən nəfis yemək təcrübələrindən möhtəşəm bar atmosferinədək hər şey burada cəmləşib, desək yanılmarıq. Otelin “Belvedere Restoranı” paytaxtımızın ən gözəl yemək məkanı olaraq qonaqlara dünya mətbəxlərindən eksklüziv təamlar təqdim edir. Hər gün səhər saat 7:00-dan gecə yarısınadək işləyən restoranda açıq bufet tərzi eksklüziv səhər yeməyi, o cümlədən gün ərzində “la carte” menyu verilir. Bazar günlərinin açıq bufet brançları isə hər zaman müştərilər üçün sürprizlərlə yadda qalır. “Belvedere restoranı”nın yaxınlığında, otelin sakit və gizli guşəsində, geniş çeşidli ekzotik kokteyllər, seçilmiş Kuba siqarlarının müşayiəti ilə rahat və zövqlü görüşlərin keçirilə biləcəyi “L’Atelier Bar”ı da müştərilərin xidmətindədir. Gecə gec saatlaradək açıq olan barda oteldə istirahət edənlər müxtəlif xidmətlərdən yararlana bilərlər. “Excelsior Hotel Baku”dakı “La Patisserie” isə şəhərin ən dadlı qəhvəsini içmək istəyənlərin əsl yeridir. Burada həmçinin çay, şirniyyatlar, suflelər, tortlar, sendviçlər və təzə bişirilmiş çörək və bulkalar da əldə etmək mümkündür. Bunlarla yanaşı, səhər saat 8:00-dan axşam 22:00-dək açıq olan və oteldəki “Aura” Sağlamlıq Mərkəzinin daxilində yerləşən “Vitality Barı”nda da müştərilərə çox gözəl salatlar, balanslı qida və vegetarian yeməkləri təqdim olunur. Bu cür sadə yeməklər təzə sıxılmış meyvə suları, evdə hazırlanmış südlü kokteyllər kimi təzə inqrediyentlər və sağlıqlı alternativlərlə kombinasiya edilir. Yay mövsümlərində isə “Hovuzkənarı bar”da müxtəlif qəlyanaltı və manqal yeməkləri təqdim olunur. Barın rahatladıcı atmosferində müştərilər istirahətlərini öz istədikləri kimi qura bilərlər.
“Excelsior Hotel Baku” ciddi iş görüşmələri, beynəlxalq səviyyəli tədbirlər üçün də əla məkandır. Burada fəaliyyət göstərən konfrans, iclas zalları və 250 nəfərlik banket zalı müştərilərin xidmətindədir.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər