AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakının sürüşən yerindən reportaj  FOTOLAR

Bakının sürüşən yerindən reportaj FOTOLAR

Təfsilat
04 Dekabr 2012, 15:31 1785
Bakının Səbail rayonu ərazisində Badamdar qəsəbəsində baş verən torpaq sürüşməsi artıq üç gündür diqqət mərkəzindədir. 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, “Bəyoğlu” restoranın qarşısında qeydə alınan sürüşmə zonası böyük bir ərazini əhatə edir. Dekabrın 1-də sürüşməyə başlayan ərazidə torpağın hərəkəti intensiv şəkildə müşahidə edilir.
Oradakı vəziyyətin hələ də gərgin olduğunu nəzərə alıb sürüşmə zonasına baş çəkdik. Əvvəlcə deyək ki, həmin istiqamətdə gedən yol artıq bağlanıb. Odur ki, yolu piyada qət etməli olduq. Təpənin ətəyindən sürüşmə zonasının sahəsi təsəvvür etdiyimizdən də böyük göründü. Lakin burada durmaqla, torpağın axınını və real vəziyyətini müəyyən etmək çətin idi. Ona görə çətin də olsa, təpənin lap zirvəsinə dırmaşdıq. Amma burada heç bir şəxsə rast gəlmədik. Yəni ərazidə nə rəsmi müşahidə üzvləri, nə də səlahiyyətli nazirlik nümayəndələri vardı. Sən demə, onlar dünən ərazidə olub, vəziyyətlə tanış olublarmış. Bəlkə də indi də orada idilər, dediyim kimi, sürüşmə zonasının sahəsi böyük olduğundan heç kimə rastlaşmadıq.

Rəsmi açıqlamaya görə, hadisə yerində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sürüşmə dinamikası ilə bağlı monitorinqlər aparıb. Nazirliklərin nümayəndələri bildiriblər ki, sürüşmənin baş verməsinə səbəb həmin ərazidən yuxarıda yerləşən su-kanalizasiya xətləri sularının yamaca axıdılması olub. Sürüşmə ərazisində dekabrın 1-də 10 metr, dekabrın 2-də 1 metr, sonrakı gün isə 0,5 metr hərəkət müşahidə edilib.

Beləcə, torpağın enli yarıqlar açılmış hissələrinə çox yaxınlaşmamaq şərtilə, düz gəlib çıxdıq təpənin zirvəsinə. Buradan hər şeyi daha aydın görmək oldu. Ən təhlükəlisi isə odur ki, sürüşmə zonasının düz yuxarısında yaşayış evləri var. Bu evlərin nə vaxtsa torpaq qarışıq axıb getməsinə isə heç kim zəmanət verə bilməz. Çünki, təpənin üzərində yerləşən evlərin bünövrəsinin əsas dayaqçısı, yəni yamac artıq yoxdur, sürüşüb. Sürüşmə isə elə düz zirvədəki evlərin demək olar ki, barısının dibindən başlayıb. Hətta, həmin evlərdən birinə çıxan pilləkənin aşağı pilləsinin artıq çatladığını da gördük.

Bundan əlavə, sürüşmə ərazisinin düz yuxarısında bir neçə qaya parçası hələ də asılı vəziyyətdə qalıb. Əgər onlar da gələcəkdə yerindən oynayarsa, birbaşa yola, həmçinin aşağıdakı evlərə zərər verə bilər. Çünki, qayaların həcmi kifayət qədər böyükdür. Hadisənin baş verdiyi ərazidə bir çox həyət evləri ilə yanaşı, beşmərtəbəli bina da var. Məlumata görə, hadisə baş verdikdən dərhal sonra Səbail rayon İcra Hakimiyyətinin xəbərdarlığına əsasən, sakinlər evlərindən çıxarılıb və qohumlarının, tanışlarının evlərində məskunlaşıblar. Görünür, bu səbəbdəndir ki, evlərin ətrafında insan görmədik. Onların da təəssüratlarını öyrənmək maraqlı olardı.

Yuxarıda dediyimiz kimi, həmin əraziyə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub. Bunun üçün yolun həm bu, həm də o başından qadağanedici işarələr yerləşdirilib. Ancaq müşahidəmiz göstərdi ki, bəzi avtomobillər ara-sıra imkan tapıb qadağanedici işarənin yanından ötüb keçirdilər. Ətrafda isə buna nəzarət edən heç kim yox idi. Biz hətta düşünürdük ki, əlbət, sürüşmə zonası artıq dövrəyə alınıb, yəni nəinki avtomobillər, heç piyadalara da ora keçməyə icazə verilmir. Amma göründüyü kimi, bəzi avtomobillər kimi, biz də çox asanlıqla təhlükəli zonaya keçə bildik.

Nazirlik nümayəndələri də bildiriblər ki, belə sürücülərə yolun bağlı olması barədə nə qədər xəbərdarlıq edilsə də, onlar buna heç bir əhəmiyyət vermədən sürüşmə ərazisində nəqliyyatın hərəkətini davam etdirirlər.

Qeyd edək ki, sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə qədər, çatın görünən dərinliyi isə 4-5 metrə qədər olub. Hazırda sürüşmə zonası çətin və mürəkkəb ərazi olduğuna görə, həmin zonaya texnika cəlb etmək mümkün deyil. Qeydə aldığımız şəkillərdən də vəziyyətin real təhlükəsini görə bilərsiniz

Elgün Mənsimov
Fotolar müəllifindir
FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR">