• cümə, 29 Mart, 05:41
  • Baku Bakı 7°C

Bakının meşəsi - Fotolar

27.05.14 09:16 9087
Bakının meşəsi - Fotolar
Yay fəslinin ölkəmizə təşrif buyurmasına 1 ay vaxt qalsa da, günəş isti şəfəqlərini ətrafa yayır. Yaz fəsli olmasına baxmayaraq, anomal istilər özünü göstərməyə başlayıb. Bu istilərlə “baş etmək” üçün kimisi dənizə, kimisi də təbiət qoynuna, ağacların sıx olduğu yerlərə üz tutur. Paytaxt ərazisində təbiət qoynunda istirahət etmək üçün insanların üz tutduğu yerlərdən biri də, Badamdar qəsəbəsində yerləşən Elmlər Akademiyasının Mərkəzi Nəbatat (Botanika) bağıdır.
Botanika bağının tarixi
1934-cü ilin iyulun 3-də Nəbatat bağı və Nəbatat İnstitutu üçün Dağüstü parkdan başlamış “Qurd qapısı”na gedən yol arasında 80-100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə qərar qəbul edilib və nəticədə belə bir gözəl məkan yaranıb. Abşeron yarımadasının cənubi-şərq hissəsində salınan Nəbatat bağı Bakının cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq onun yaşıl mədəni mərkəzlərindən biri hesab olunur. Bu bağda respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efir yağlı və digər faydalı bitkilərin iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır.
“Burada ruhumuz dincəlir”
Son zamanlar bu bağ şəhər sakinlərinin mədəni istirahət guşəsinə çevrilib. Xüsusilə gənc ailələr, tələbələr, övladlarını gəzdirən valideynlər, yaşlılar istirahət etmək üçün məhz bu məkanı seçirlər. Biz də Botanika bağı ilə tanış olmaq və gördüklərimizi qələmə almaq məqsədilə sözügedən ünvana üz tutduq.
Məlumat üçün bildirək ki, bağa girmək üçün bilet almaq lazımdır. Biletlərin qiyməti böyüklər üçün 1 manat, kiçiklər üçün 50 qəpikdir. Biletimizi aldıqdan sonra bağa daxil olduq. Ərazisi böyük olduğundan sakinlərin rahat gəzməsi üçün müəyyən guşələr ayrılıb və lövhədə hansı guşənin hansı istiqamətdə olduğu göstərilib. Biz də əvvəlcə uşaq guşəsi yazılan istiqamətlə hərəkət etdik. Burada valideynlər uşaqları ilə birlikdə istirahət edirdilər. Meşədə, ağacların sıxlıq təşkil etdiyi yerlərdə uşaqlar üçün salınan yelləncəklər, oyun alətləri uşaqları əyləndirirdi. Quşların civiltisi uşaqların şən qəhqəhələrinə qarışmışdı. Valideynləri isə kənarda kötüklərin üzərində oturub istirahət edirdilər. Belə valideynlərdən biri də Roza xanımdır. Roza xanımın 6 yaşlı oğlu yelləncəkdə yellənir, 3 yaşlı qızı isə kötük üzərində oturub anasının onun üçün hazırladığı buterbrodu yeyirdi. Gənc ananın sözlərinə görə, buranın havası təmiz olduğu üçün demək olar ki, hər gün uşaqlarını buraya gətirir: “Bu bağda dincəlmək insana zövq verir. Mən də tez-tez uşaqlarımı bura gətirirəm. Onlar həm burada oynayır, həm də təmiz hava qəbul edirlər. Oğlum Nəbatat bağını çox sevir. Şəhərin sıxlığı, maşınların səsindən qaçıb bağa gəlmək bizim də ruhumuzu dincəldir”.
Sevgililərin görüş yeri
Bakı Nəbatat bağı uşaqlarla yanaşı, sevgililərin də sevdiyi məkanlardandır. Demək olar, hər skamyada bir-biri ilə söhbət edən cütlüklərə rast gəlmək mümkündür. Adlarının çəkilməsini istəməyən sevgililər deyir ki, Nəbatat bağı onların sevimli görüş yerləridir: “Buranın təkcə yay fəslində yox, soyuq qış günlərində də öz ləzzəti olur. Sevdiyin insanla baş-başa qalmaq üçün bura olduqca münasibdir. Xiyabanların arası ilə dolaşaraq romantik ortamın dadını çıxarırıq. Bağda o qədər sakitlik olur ki, ağacların xışıltısını, quşların civiltisini eşitmək mümkündür. Bəzən biz söhbət etmirik, saatlarla əl-ələ tutub bu səslərə qulaq asıb zövq alırıq”.
Civildəyən quşların, ayaqlar altında şaqqıldayan ağac yarpaqlarının sədaları altında bağı seyr edirdik ki, kənarda çəmənlik üzərində xalça sərib dincələn insanları gördük. Yaxınlaşdıqda bildik ki, evlərindən özləri üçün yemək-içmək gətirib burada istirahət edən ailədir. Evləri yaxınlıqda olduğu üçün havalar isinən kimi hər həftə ailəvi şəkildə buraya gəlib dincəlirlər.
Qaydalara riayət etməyən cərimələnir
Botanika bağında ağacların üzərinə plakatlar vurulub. Bu plakatlarda hər bir ağac haqqında məlumat verilir. Bağın bir neçə yerində balıqlar saxlanılan hovuzlar da var. Lakin bu hovuzlar dərin olduğu üçün bağa gələnlərə çox da yaxınlaşmamağı məsləhət görürlər. Ağaclara vurulan plakatlarda qeyd olunub ki, balıqları yemləmək, onlara hər hansı bir əşya atmaq, ümumiyyətlə, bağı zibilləmək qadağandır. Bu qaydalara riayət etməyən sakinlər 10-20 manat məbləğində pul ilə cərimələnirlər.
“Botanika bağı doğma məkanımdır”
Bağda gəzərkən müxtəlif yerlərdə quraşdırılan çardaqlar da diqqətimizdən yayınmadı. Bu çardaqlarda kimisi yemək yeyir, kimisi də çay içərək bir-biriləri ilə söhbətləşirdilər. Parka oğlu, gəlini, nəvələri ilə istirahət etməyə gələn Məsmə xala deyir ki, 40 ilə yaxın bu parkın əməkdaşı kimi burada işləyib. Onun sözlərinə görə, park ona doğma evi qədər əzizdir: “Mən gənc yaşlarımdan bura gəlib-gedən adamam. Biz yoldaşımla birlikdə burada işləyirdik. Bu bağı o qədər çox sevirəm ki, burada gəncliyimin xatirələri var. Uşaqlarımı da demək olar, burada böyütmüşəm. Ona görə canları bərk, ruhları sağlamdır. İndi də çalışıram hər gün nəvələrimi gətirəm”. Məsmə xalanın sözlərinə görə, burada uzun müddət işlədiyi üçün onlar üçün giriş pulsuzdur: “Buraya girişin biletlə olması çox yaxşıdır. Çünki pulsuz olsa, istirahət etmək istəyənlərdən çox bağa zərər vermək istəyənlər gələcək. Bu zaman buranın gözəlliyindən əlamət qalmaz. Belə gözəl təbiət qoynunda biz də dincəlib zövq alırıq. Xüsusən adam axşam üstü buradan heç ayrılmaq istəmir. Bir yandan küləyin sərin mehi, bir yandan təmiz hava sanki insanlara həyat verir. Bu bağ mənim doğma evim kimidir”.
Məsmə xala ilə sağollaşdıqdan sonra yenidən bağın seyrinə çıxırıq.
Şəhərin meşəsi
Təmiz havası olan bu bağı təkcə şəhər sakinləri deyil, şəhərimizin qonaqları da ziyarət edir, bağın gözəlliklərini fotolara köçürürlər. Bağın daimi sakini olan Türkiyə vətəndaşı deyir ki, Botanika bağı Bakı şəhərinin meşəsidir: “Bir baxın, quşların səsi sanki bir nəğmədir. Bura həm sakitdir, həm də havası təmizdir. Burada dincəlməkdən, şəkil çəkməkdən zövq alıram”.
Bağda 3-4 saat gəzdikdən sonra, çıxışa doğru hərəkət edir və təmiz havası olan bu gözəl məkanı tərk edirik.
Qeyd edək ki, Bakı Nəbatat bağı səhər saat 9-dan axşam 9-a kimi mədəni istirahət etmək istəyən sakinlərin üzünə açıqdır.
Aygün ƏZİZ
Səid QƏRİB

banner

Oxşar Xəbərlər