• cümə, 26 Aprel, 13:51
  • Baku Bakı 23°C

“Bakının işğaldan azad olunması türk millətinin sonrakı taleyini müəyyənləşdirdi”

13.09.18 20:47 1016
“Bakının işğaldan azad olunması türk millətinin sonrakı taleyini müəyyənləşdirdi”
1918-ci il sentyabrın 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan və türk əsgərlərinin, zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olundu. Bu tarixi hadisədən 100 il keçir. Bakının işğaldan azad edilməsi hansı geosiyasi əhəmiyyət daşıyırdı? O dövrdə qardaş ölkə Türkiyənin Azərbaycana yardımı iki millətin tarixində hansı rol oynayıb?
Millət vəkili Aydın Mirzəzadə Bakının işğaldan azad edilməsinin böyük siyasi əhəmiyyət daşıdığını deyir: "15 sentyabr təkcə Bakının erməni daşnaklarından və rus bolşeviklərindən azad olunma günü deyil. Bu, həm də regionun və Azərbaycan xalqının tarixinə çox əhəmiyyətli bir hadisə kimi həkk olunub. Vaxtilə dövlətçiliyi əlindən alınan bir xalq tarixin müəyyən əlverişli vaxtında öz dövlətçiliyini yenidən bərpa edib. Bu zaman mənfur qüvvələr yenidən bu dövlətçilik ənənələrini öz beşiyində boğmağa çalışırdılar. Azərbaycan xalqı qonşu dövlət Türkiyədən gələn Qafqaz İslam Ordusunun dəstəyi ilə öz ərazisini tamamilə işğaldan azad etdi. Gələcəkdə paytaxt elan olunan Bakıda Azərbaycan bayrağı dalğalandı. Həmin dövrdə erməni daşnaklarının və rus bolşeviklərinin nəzarəti altında olan ərazi Göyçaya qədər uzanırdı. Azərbaycanın müstəqilliyi faktiki olaraq sual altında qalırdı. Bakının azad edilməsi Azərbaycan xalqının milli dövlətçiliyini əldə etmək hüququnu təsdiq etdi. Bununla da Türkiyə Azərbaycan xalqının dünya birliyində öz layiqli yerini tutmasına kömək oldu”.
Politoloq Natiq Miri qeyd etdi ki, Bakı liman şəhəri olmaqla ölkəmiz üçün mühüm strateji əhəmiyyət daşıyır: "Həm Xəzər dənizinə çıxış, həm də Rusiya kimi böyük dövlətlə qonşuluq baxımından Bakının böyük strateji əhəmiyyəti var. Bundan əlavə, rus bolşevikləri və ermənilərin yardımı ilə demək olar ki, Bakıda bütün hakimiyyət ələ alınmışdı. Bakının müsəlman əhalisinə, xüsusilə də Azərbaycan türklərinə qarşı kütləvi olaraq soyqırımı tətbiq edirdilər. Ona görə də, Türkiyə ordusuna təcili olaraq müraciət olundu. Bu konteksdən yanaşdıqda, 15 sentyabrda Bakının işğaldan azad olunması həm mənəvi, həm siyasi, həm də geosiyasi baxımdan çox tarixi bir əhəmiyyət daşıyırdı. Bakının işğaldan azad olunması ilə iki qardaş xalqın ən çətin məqamlarda bir-birinə əl tutması, yardım etməsi məsələsi də nümunə oldu. Bu hadisə həm də onu göstərdi ki, sözün əsl mənasında, türkün türkdən başqa dostu yoxdur. Türkiyə ən çətin məqamda qardaş Azərbaycanı erməni daşnakları və rus bolşeviklərinin əlində qoymadı. Böyük sənaye və neft şəhəri olan Bakını azad etməklə, Azərbaycanın bir növ yeni paytaxtını müəyyənləşdirdi. Bakının azad olunması ilə Azərbaycanın yeni dövlət kimi formalaşmasına şərait yarandı. Bundan sonra xüsusi qərarla bütün dövlət atributları, eyni zamanda Azərbaycanın milli ordusunun yaradılmasına da qərar verildi. Bu mənada düşünürəm ki, Bakının azad olunması sıradan bir hadisə deyildi. Bu, həm də iki qardaş ölkəni bir-birinə yaxınlaşdıran və unudulmayacaq bir siyasi hadisə hesab olunur”.
Millət vəkili Fərəc Quliyev deyir ki, Ermənistanın o dövrdəki siyasəti indi də davam edir: "Onlar yüz il əvvəlki iddialarından indi də əl çəkmirlər. Ermənilərin türk etnosunun yaşadığı ərazilərdə "Böyük Ermənistan” dövləti qurmaq və türk xalqını tarixdən silmək arzusu indi də qalmaqdadır. Onlar bu bölgədə ağalıq etmək iddialarından heç vaxt əl çəkməyib. Bu mənada Azərbaycan və Türkiyənin istənilən məsələdə müttəfiq olmağı hər iki dövlətin xeyrinədir. Bu, bir millətin taleyi məsələsidir. Bizim ortaq düşmənimiz var və bu düşmən bizi millət olaraq aradan qaldırmaq istəyir. Hesab edirəm ki, 1918-ci ildə baş verən hadisələr təkcə Azərbaycanın deyil, Türkiyənin də həyatında önəmli rol oynayıb. Belə bir təqdirdə, Türkiyənin Azərbaycana yardım etməsi tamamilə təbiidir. Qarabağda işğal olunmuş ərazilərdə mübarizə aparmağın vaxtı olduğunu Milli Məclisdə dəfələrlə gündəmə gətirmişik. Hesab edirəm ki, Bakının işğaldan azad edilməsi və 1918-ci ildə baş verən hadisələri əsas götürərək, daha dərin işlər görülməlidir. Bizim ortaq müdafiə sənayesi nazirliyimiz yaradıldı. Bir sıra mədəni və iqtisadi əlaqələr hərbi müstəviyə transfer olunub. Bütün bunlar sevindirici haldır. Türkiyənin Bakının işğaldan azad edilməsində Azərbaycana köməyi böyük tarixi hadisədir. Amma Azərbaycan da qardaş ölkəyə borclu qalmadı. Biz Türkiyəyə maddi-mənəvi dəstəyimizi hər zaman göstərmişik. 100 il əvvəl baş verən bu hadisə hər iki tərəf üçün ciddi örnək olmalıdır”.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər