• çərşənbə, 24 Aprel, 18:40
  • Baku Bakı 23°C

Bakının heç bir məkanında pulsuz iftar verilmir

11.07.13 09:38 2332
Bakının heç bir məkanında pulsuz iftar verilmir
Müsəlmanların mübarək ayı olan Ramazan artıq başlayıb. Kimisi səhhətinə görə oruc tuta bilmir, kimisi isə həm sağlamlığı üçün, həm də dini nöqteyi-nəzərdən oruc tutmağı özünə borc bilir. Bu ayın ən gözəl tərəfi isə oruc tutanlara iftar süfrələrinin təşkil olunmasıdır. Şəhərimizdə fəaliyyət göstərən kafe və restoranların iftar süfrəsi təşkil edib-etməməsi ilə maraqlandıq.
Əlaqə saxladığımız restoran və kafelərin əvvəlki qaydada işlədiyini, iftar süfrələri üçün ödənişlərdə heç bir endirim olmadığını öyrəndik. Bəzi rayonlarımızda pulsuz iftar süfrəsi açan restoranların olduğu deyilsə də, paytaxtımızda belə məkana rast gəlmədik. İftar süfrəsi təklif olunan məkanlarda isə qiymətlər fərqli idi. Əlaqə saxladığımız iaşə obyektlərindən yalnız “İskəndər kabab”da orucunu açanlara ödənişsiz olaraq qarpız, pendir, su, xurma verildiyini öyrəndik. Bu qidalar məhz iftar üçün bura gələnlərin süfrəsinə əlavə olaraq düzülür. Administratorun sözlərinə görə, bura orucunu açmaq üçün gəlib, lakin heç bir yemək sifariş etməyən oruclular da bu qidalarla iftarlarını aça bilərlər.
“Əli və Nino” kafesində isə ayrıca olaraq iftar süfrələri təşkil olunur. Hətta burada hər günün öz menyusu var. Oruc tutanlara həftənin birinci günü mərci supu, kükü, toyuq qızartması və təzə salat verilir. İkinci gün isə oruclulara dovğa, aş-qara və toyuq salatı təqdim olunur. İftar üçün buraya üçüncü gün yolunuz düşsə, toyuq supu, lülə kababı, paytaxt salatı, sobada qızardılmış badımcan və pomidor yeyəcəksiniz. Dördüncü gün doğramac, kartof pürəsi, Kiyev katleti və şuba salatı, beşinci gün isə kartof supu, qızardılmış tərəvəzlər, monastrsayağı toyuq əti və krab salatı verilir. Altıncı gün gələnlər tərəvəz supu, qızardılmış kartof, qızardılmış toyuq qanadları və təzə salat, yeddinci gün gələnlər isə vermişel supu, buxara verilmiş tərəvəzlər, ət sousu və koul slou salatından dadacaqlar. Buraya hansı gün gəlməyinizdən asılı olmayaraq iftar süfrəsi üçün 8 manat ödəniş edəcəksiniz.
“Dalida de luxe” restoranında isə iftar boşqabı təqdim olunur. Boşqabın içində yağ, pendir, bal, qaymaq, pomidor-xiyar, xurma, zeytun verilir. Bundan əlavə oruc tutanlar menyudan istədikləri supu sərbəst seçə bilərlər. Burada iftar etmək çoban salatı, çay və su əlavə olunmaqla 7 manata başa gəlir.
“Ramses” restoranından bildirdilər ki, onlar yalnız banket olmayan günlərdə iftar süfrəsi aça bilərlər. Bunun üçün isə ən azı 5-10 nəfər sifarişçi olmalıdır.
İlahiyyatçı ekspert Elşad Miri restoranlarda iftarın ödənişlə verilməsini normal hal hesab edir:“ Belə iftar süfrələrinin təqdim olunmasını biznes-lança bənzədirəm. Bunda heç bir qəbahət, günah yoxdur. Əgər kimsə restoranlardan pulsuz yemək gözləyirsə, bu, tamamilə başqa bir məsələdir. Türkiyədə və başqa müsəlman ölkələrində iftar çadırları qurulur, yeməklər heç bir ödəniş olmadan oruc tutan şəxslərə paylanılır. İnsanlara o cür iftar süfrələrinin verilməsini isə əsasən, bələdiyyələr həyata keçirir”. Müsahibimiz qiymətlərin baha olması barədə də fikrini bölüşdü: “Qiymətlər restorana, yerinə, markasına görə dəyişir. Adi bir qab yemək hansısa restoranda 150 manata başa gəlirsə, deməli, iftar süfrəsinə də restoran öz istədiyi qiyməti qoyacaq. Onlar öz adına uyğun qiymət müəyyənləşdirirlər”.
Qeyd edək ki, ayın 9-u İstanbulun mərkəzi Taksim meydanında iki iftar süfrəsi açılıb. Yeməklər açıq havada paylanılıb. Deyilənə görə, Birləşmiş Ərəb Əmirliklərində isə Ginnesin rekordlar kitabına düşəcək iftar süfrəsi hazırlanacaq. İftar süfrəsinin uzunluğunun 600 metr olacağı gözlənilir. Süfrənin büdcəsini isə 100-140 min dollar təşkil edə bilər.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər