• şənbə, 20 Aprel, 15:25
  • Baku Bakı 23°C

Bakının fatehi – Gənclərə örnək

15.09.14 12:21 2302
Bakının fatehi – Gənclərə örnək
Tarixdə elə şəxsiyyətlər var ki, hər birimiz onlardan örnək götürməli, həyatımızın hansısa məqamlarında onların təcrübəsindən istifadə etməliyik. “Gənclərə örnək” rubrikamızın ilk qəhrəmanının Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı kimi Bakını ermənilərdən, ruslardan və ingilislərdən azad edən 29 yaşlı general-mayor Nuru Paşa olması təsadüfi deyil. Düz 116 il bundan əvvəl müstəqil Azərbaycan uğrunda döyüşlərə komandanlıq edən Nuru Paşa 1918-ci il sentyabrın 15-də gələcək paytaxtımız olan Bakını düşmənlərdən xilas edir…
Təhsili
Nuru Paşa Killigil 1881-ci ildə İstanbulda hərbçi Əhməd Tofiqin ailəsində doğulub. Atası Qaqauz xristianı türklərindən olub. Krım sarayından olan bir xanımla evləndikdən sonra islamı qəbul edib. Ruslar Krımı işğal etdikdə isə əvvəlcə Tuna yaxınlığındakı Kilyaya (Killigil soyadı buradan qaynaqlanır – L.M.), ora işğal edildikdə isə Abanaya köç edir. Daha sonra isə babasının işiylə bağlı İstanbula üz tuturlar.
Qeyd edək ki, Nuru Killigil Osmanlı dövlətinin müdafiə naziri Ənvər Paşanın bir yaş fərqilə kiçik qardaşıdır. Qardaşı Ənvərdən fərqli olaraq, Nuru Killigilin uşaqlıq və gənclik həyatı ilə bağlı məlumatlar olduqca azdır.
Nuru Paşa 1903-cü ildən Qülləli Əskəri Liseyində təhsil alıb. 1906-cı ildən isə təhsilini Quru Qoşunları Hərbi Məktəbində davam etdirib. Məktəbdə həmişə istehkam, əsgəri tərbiyə və alman dili dərslərində həmyaşıdlarından fərqlənib. 1909-cu ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirərək 3-cü Ordu komandanlığında zabit kimi xidmətə başlayıb, 1910-cu ilin yanvarından isə sultana məxsus piyada bölüyündə əmisi Xəlil Kut Paşanın əmri altında fəaliyyətə başlayıb.
Qeyd edək ki, Ənvər və Nuru paşaların hərbçi kimi yetişməsində əmiləri Xəlil Kut Paşanın əvəzsiz rolu olub. Azərbaycanın müstəqilliyində mühüm rol oynamış Osmanlı zabitlərindən olan Xəlil Paşa Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsində əvəzsiz rol oynayıb. Həmçinin Birinci Dünya Müharibəsində İraqdakı Kutul-Amare bölgəsində başda general Tounşend olmaqla 13 min ingilis əsgərini əsir götürməsi ilə tarixə adını yazıb.
İngilis-fransız qüvvələrinin axtarışa verdiyi zabit

Dövrün araşdırmaçıları Nuru Killigilin Liviya, Balkanlar, İraq və Qafqazda gedən döyüşlərdə peşəkar zabit kimi iştirak etdiyini və “əsl döyüşçü” olduğunu yazırlar. Sərrast nişançı olan N.Killigil 1911-ci ildə o zaman mayor rütbəsində olan qardaşı Ənvərlə birlikdə iştirak etdiyi Benqazi döyüşündə şəxsən 100 italyan əsgərini məhv edir. Mudros müqaviləsindən sonra ingilis-fransız qüvvələri Nuru Paşanı axtarışda olan 7 yüksək rütbəli osmanlı zabitinin siyahısına salaraq, hətta onu “milliyətçi-residivist” adlandırırlar.
Nuru Paşa 1911-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra, 1913-cü ildə kapitan, 1916-cı ildə mayor, 1918-ci ildə polkovnik-leytenant rütbələri alıb. 1914-cü ilin iyulunda Osmanlı dövlətinin Vyana səfirliyinin attaşeliyinə, həmin ilin avqustundan isə hərbi attaşeyə yavər təyin edilir.
Birinci Dünya Müharibəsi illərində döyüşkənliyi, güclü hərbi təhsili nəzərə alınaraq Nuru Paşa Şimali Afrika cəbhəsinə göndərildi. O, Liviya ərazisində cəbhə komandanı kimi Osmanlı dövlətinə və onun müttəfiqlərinə qarşı cəbhə yaradan qüvvələrlə döyüşlərə rəhbərlik edirdi. Bu cəbhədə göstərdiyi şücaətə görə Nuru Paşa 1916-cı ildə “Altun ləyaqət” ordeninə, Almaniyanın “Dəmir xaç” ordeninə, habelə Avstriya-Macarıstan dövlətinin 3-cü dərəcəli fərqlənmə nişanına, Türkiyənin “Altun-İmtiyaz” medalına layiq görülüb. Sultanın qərarı ilə 1918-ci ilin martında ona vaxtından əvvəl hərbi rütbə verilib. Tripoli Qərb cəbhəsində italyan qoşunlarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıq və sərkərdəlik qabiliyyətinə görə tarixi ədəbiyyatda “Tripoli qəhrəmanı” kimi şöhrətləndirilir.
Bakını azad edir

Ölkədəki vəziyyətlə bağlı 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının daxili işlər naziri Fətəli xan Xoyskinin xahişindən sonra Osmanlı müdafiə naziri Ənvər Paşanın əmri ilə həmin ilin iyununda türk qoşunları Nuru və Xəlil Paşanın komandanlığı altında Azərbaycana göndərildi. 1918-ci ilin yazında Osmanlı dövləti Azərbaycanı və Dağıstanı xilas etmək üçün qərargah yaradanda, Qafqaz İslam Ordusunun komandanı vəzifəsinə 29 yaşı olmasına baxmayaraq, böyük döyüş təcrübəsi olan, cəsur sərkərdə kimi tanınan Nuru Paşa təyin edildi. Ona sultan tərəfindən növbədənkənar general-mayor rütbəsi verildi. Nuru Paşa bir hərbçi kimi uğurunu Azərbaycanda əldə etdi. Belə ki, 1918-ci ilin iyununda Azərbaycana gələrək Qafqaz İslam Ordusunun yaradılmasında və təşkilatlanmasında, Azərbaycana türk qüvvələrinin vaxtında gətirilməsində, nəhayət, Azərbaycanın düşmənlərdən təmizlənməsində böyük rol oynadı. 1918-ci ilin iyunun əvvəllərində 300 nəfər təlimatçı ilə Gəncəyə gələn Nuru paşanın səfəri haqda Məhəmməd Əmin Rəsulzadə yazırdı: “O zaman müdhiş bir anarxiyaya məruz, digər tərəfdən də, bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru paşanı göydən enmiş xilaskar bir mələk kimi qarşılamışdı”.
Azərbaycanda, əsasən Stepan Şaumyanın nəzarətində olan Bakıda vəziyyət daha ağır idi. 1918-ci il mart qırğınından sonra Şaumyan Bakını güzəştə getmək niyyətində deyildi. S.Şaumyanın Leninlə mütəmadi məktublaşması da göstərir ki, Bakı mübahisə predmeti ola bilməzdi. Ruslar neftlə zəngin Bakını itirməyi ağıllarına belə gətirmirdilər. Ancaq Nuru Paşanın şücaəti nəticəsində həm ruslarım, həm də ermənilərin bu arzusu “gözlərində” qaldı. Nuru Paşanın qoşunları 1918-ci il sentyabrın 14-dək bir-birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq Azərbaycan torpaqlarını bolşevik-daşnak qüvvələrindən təmizlədi. Süquta uğrayan S.Şaumyanın hakimiyyətini Bakıda “Sentrokaspi” diktaturası əvəz edir. İngilislərdən hərbi yardım alan oyuncaq diktatura Qafqaz İslam Ordusunun hücumu qarşısında duruş gətirə bilmir. Şiddətli döyüşlərdən sonra, 1918-ci il sentyabrın 15-də – Qurban bayramı günü – Azərbaycan-Türkiyə ordu birləşmələri Bakını azad etdi.
Bakının azad olunması ilə əlaqədar Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın Xəlil Paşa və Nuru Paşaya göndərdiyi təbrik teleqramında deyilirdi:
“Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük bir sevinc və məmnunluqla qarşıladım. Türk və İslam tarixi bu xidmətləri unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”.
Qarabağda bayrağımız qaldırıldı

Bakı şəhəri azad edildikdən sonra Qafqaz İslam Ordusu hissələri Qarabağa göndərilərək Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatına başlanıldı və uğurlu döyüşlərlə qoşunlar Şuşaya daxil olaraq şəhərdə Azərbaycan bayrağını qaldırdı. Lakin Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olması Nuru Paşanın bu işini yarımçıq qoydu. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros müqaviləsindən sonra Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Amma Nuru Paşa 1920-ci il aprel çevrilişindən, Azərbaycan Xalq Cümhuriyyətinin dağılmasından sonra da gizli olaraq bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlib, bolşeviklərə qarşı döyüşlər aparıb, aran Qarabağ və Zaqatala bölgələrində xalqı bolşeviklərə qarşı üsyana qaldırıb.
1918-ci ilin noyabrında hərbi məktəbin ilk buraxılışında Azərbaycan xalq təhsili naziri Nəsib bəy Yusifbəyov çıxış edərək, bu təntənədə iştirak edən Nuru Paşanın atası Hacı Əhməd Paşaya demişdi:
“Zatı-aliləri, sizin şanlı oğullarınız Ənvər Paşa və Nuru paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaqdır”.
Qeyd edək ki, Azərbaycanın azadlığı uğrunda 10 mindən artıq hərbçinin iştirak etdiyi döyüşlərdə min nəfərə yaxın insan şəhid olub.
Azərbaycanı tərk etdikdən sonra

Azərbaycanda vəziyyət düzələndən sonra süvari alayı və bir batareya ilə Osmanlı dövlətinə dönən Nuru paşa Ərzuruma gələrək Naxçıvan dəstəsinə qoşulur və qurtuluş mübarizəsində iştirak edir. 1923-cü ildə təqaüdə çıxan Nuru Paşa İstanbul ətrafında dəmirtökmə fabriki açır. Müharibədən sonra Almaniyada yaşayan Nuru Killigil 1938-ci ildə Türkiyəyə geri qayıdır və Zeytunburnunda koks kömürü istehsal edən bir müəssisəni alır. O, buranı tapança, dəmir çubuq, əleyhqaz və güllə istehsal edən müəssisəyə çevirir.
Reallaşmayan böyük Turan ideyası

1941-ci ildə Almaniyanın Türkiyədəki səfiri Franz fon Papen ilə görüşdən sonra N.Killigil Türkiyədə Turançılar hərakatına gizli dəstək verməyə başlayır. Onun Turançılıq barədə fikirləri Almaniya Xarici İşlər Nazirliyinin Türkiyə işlərindən məsul məsləhətçisi Ernst Voermann tərəfindən hazırlanan hesabata salınır. Bundan sonra Berlinə çağrılan N.Killigil Məmməd Əmin Rəsulzadə, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski ilə birlikdə Almaniyada Turançılıq Masasının və SS-in Türküstan alayının qurulmasına rəhbərlik edir.
Nuru Paşa türk xalqlarının Türkiyəyə inteqrasiyasını vacib sayırdı. O, təkliflərində qeyd edirdi ki, birləşə biləcək ilk türk xalqları Türkiyə sərhəddinə yaxın yaşayan azərbaycanlı və türkmənlərdir. Daha sonra isə buradan Tatarıstana qədər olan bölgənin birləşə biləcəyini bildirirdi. Onun fikrincə, Türkiyə Almaniya ilə birlikdə Sovetlər Birliyinə qarşı döyüşməli, almanlar türk əsilli sovet əsirlərindən ordular təşkil edərək onları Türkiyənin tabeçiliyinə verməli idi.
Tarixçi Reha Oğuz Türkan N.Killigil ilə almanlar arasında son məqamda fikir ayrılığı yarandığını yazır: “SSRİ-nin dərinliklərinə irəliləyən almanlar Qızıl Ordudan milyonlarla əsir götürmüşdülər. Bunların arasında on minlərlə azərbaycanlı, özbək, qazax, qırğız, tatar, türkmən və digər türk xalqlarının nümayəndələri var idi. N.Paşa Almaniyanın müdafiə naziri Alferd Rozenberqlə görüşdə türkdilli xalqların nümayəndələrindən alaylar təşkil edərək ruslara qarşı döyüşlərdə istifadə etmək təklifini irəli sürmüşdü. Hitler tərəfindən bəyənilən bu təklifə əsasən SSRİ türklərindən ibarət olan bu qoşunlara komandan olaraq Nuru Paşa düşünülürdü. Paşa almanlardan SSRİ-dəki türk yurdlarının Almaniya müstəmləkəsi olmayacağına, müstəqilliklərinə hörmət göstəriləcəyinə dair zəmanət verilməsini və bunun dünyaya elan edilməsini istəsə də, Hitler sovetlərdən azad ediləcək türk xalqlarına müstəqillik təminatı vermir. Rozenberq və daha sonra görüşdüyü Ribbentrop “indi yeri deyil, hələ işə girişin, sovetlər məğlub olsun, o zaman düşünürərik” dedikdə Nuru Paşa danışıqları dayandırıb Türkiyəyə qayıdır”.
Beləliklə, Nuru Paşa 1942-ci ildə Türkiyəyə dönərək silah zavodunda sahibkarlıq fəaliyyətini davam etdirir. 1944-cü ilin sonuna doğru Böyük Vətən Müharibəsində Almaniyanın uduzduğu anlaşılanda İsmət İnönü hakimiyyəti Almaniyanı dəstəkləyənlərə qarşı sərt tədbirlər görməyə başlayır. Bu zaman Nuru Paşa siyasi çalışmalarına ara verir.
Partlayış nəticəsində cəsədi də tapılmır

Döyüşlərdən, siyasi fəaliyyətdən ailə qurmağa vaxt tapmayan qəhrəmanımız 1946-cı ildə 65 yaşında Misirli şahzadə İffət xanımla Əli Bəyin qızı olan 1901 doğumlu Misli Mələk xanımla evlənir. Amma bu izdivacdan onların övladları olmur.
1949-cu il martın 2-də Nuru Killigilin silah zavodunda ardıcıl olaraq üç partlayış baş verir. İlk partlayış kimya bölməsində olur. Sonradan mərmilərin saxlanıldığı bölməyə keçən alov mərmilərin partlamasına gətirib çıxarır. Növbəti gün də belə partlayışlar davam edir. Zavodun ətrafı girişə bağlanır. Daxili işlər naziri hadisə yerinə gələrək, məsələ ilə şəxsən maraqlanır. Partlayış nəticəsində aralarında Nuru Killigilin də olduğu 27 nəfər həyatını itirir. Nuru Killigilin cəsədi tapılmadığından ona aid məzara boş tabut dəfn edilir. Partlayışın necə baş verdiyi isə hələ də sirr olaraq qalıb. Bəzi iddialar hadisənin qəsdən törədildiyini bildirir. 18 mart tarixində həmin hadisə Türkiyə Böyük Millət Məclisində müzakirə olunur. Bəzi millət vəkillərinin “hadisənin səbəbi gizlədilməyə çalışılır” deməsi də hadisənin təxribat olması fikirlərinin olduğuna sübutdur. Türkiyə mətbuatının apardığı araşdırmada partlayışda yeni yaranan İsrail dövlətinin əli olub. Buna səbəb kimi Nuru Paşanın ərəblərə silah satması göstərilir.
Məlumatları Türkiyə və Azərbaycan mənbələri əsasında hazırladı:
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər