Bakının avtomobil bazarında uzulaşma
2018-ci
ilin fevralında Bakının avtomobil bazarında orta qiymət 22 208 manata bərabər
olub. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru
Nüsrət İbrahimov deyib.
Onun
sözlərinə görə, ötən ayla müqayisədə bazarda orta qiymətlər 1,83 faiz azalıb.
Ekspert
qeyd edib ki, bu ilin fevralında ümumilikdə 2 163 avtmobil satışa çıxarılıb:
"Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər
portfeli 7 faiz artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi – 88,2
faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyadan olan avtomobillərin
orta qiyməti 21 343 manat təşkil edib. Dizel mühərrikli avtomobillərin payı
11,8 faizə bərabər olub. Bu avtomobillərin orta qiyməti 28 682 manat olub.
Bazarda avtomatik ötürücülər qutusu ilə avtomobillərin payı 64,4 faiz təşkil
edib, orta qiyməti isə 29 669 manata bərabər olub. Mexaniki ötürücülər qutusu
ilə avtomobillərin bazarda payı isə 35,6 faiz, orta qiyməti 8 709 manat
olub".
N.İbrahimov bildirib ki, 2018-ci ilun fevralında
bazarda avtomobillərin orta yürüş məsafəsi təxminən 182,17 min kilometr təşkil
edib. Bu rəqəm bir ay ərzində 2,9 faiz azalıb. Avtomobillərin orta yaşı 13,3 ilə
bərabər olub.
Ekspert əlavə edib ki, bazarda təqdim olunan
avtomobillərin orta illik köhnəlmə dərəcəsi 6,09 faiz təşkil edib:
"Yaşı beş ilədək olan avtomobillərdə bu göstərici
10,4 faiz, 5 ildən 10 ilədək olan avtomobillərdə 6,53 faiz təşkil edib".
Bazarda qiymətlərin ucuzlaşmasını şərh edən ekspert
bildirib ki, bu, yanvar ayında qiymətlərin kəskin qalxmasından sonrakı
korreksiya ilə əlaqədardır:
"Yanvar ayında Bakının avtomobil bazarında orta
qiymət 20,39 faiz qalxmışdı. Adətən bu cür kəskin qalxmadan sonra qiymətlər
stabilləşir və korreksiya baş verir".