• cümə, 29 Mart, 13:28
  • Baku Bakı 14°C

“Bakını göz yaşları ilə tərk elədim”

08.07.15 11:29 2680
“Bakını göz yaşları ilə tərk elədim”
I Avropa Oyunlarının təşkilində iştirak edən rusiyalı Yekaterina Pirivalova ölkəmizə və insanlarımıza vurulub
Almaniyalı jurnalist isə ölkəsinin Azərbaycana qarşı qərəzli siyasətini tənqid edib
İyun ayının 12-dən 28-dək Azərbaycanda keçirilən I Avropa Oyunları hələ də Rusiya mediasının gündəmindədir. Rusiyanın nüfuzlu “Realnoe vremya” nəşrində I Avropa Oyunları haqqında Anastasiya Yuryevanın “Birinci Avropa Oyunları Bakı-2015: təşkilatçıların gözü ilə” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə I Avropa Oyunlarının təşkili prosesində iştirak edən rusiyalı Yekaterina Pirivalovanın fikirlərinə yer verilib. O bildirib ki, Oyunları çox peşəkar insanlar təşkil ediblər: “Təşkilatçıların təxminən 50%-i xaricilər idi və onlar başqa mötəbər yarışların təşkilində iştirak ediblər. İlk öncə biz insanların Oyunlara maraq göstərməyəcəyindən qorxurduq. Buna görə də Azərbaycan xalqının bu yarışa marağını artırmaq üçün əlimizdən gələni edirdik. İnsanlar bu cür tədbirlərə gəlməyə və bilet almağa öyrəşməmişdilər. Bu səbəbdən də biletlərin aşağı qiymətdə satılmasına qərar verildi. Bütün bu tədbirlər yerli əhali arasında Oyunlara marağı artırdı və insanlar bilet almaq üçün növbəyə durmağa başladı. Bütün idman növlərində stadionlar ağzına kimi dolu idi”.
Y.Pirivalova açılış mərasiminin möhtəşəm olduğunu qeyd edib: “Azərbaycanlılar açılış mərasimində şərq ruhunu qoruya bildilər. Oyunlar zamanı çoxlu sayda qonaqlar gəlmişdi. Onlar Azərbaycan mədəniyyəti ilə tanış oldular. Biz ümumiyyətlə azərbaycanlılar haqqında səhv fikirlərə malikik. Onlar yalnız Rusiyaya ticarətlə məşğul olmaq üçün gələn insanlar deyil. Azərbaycan xalqı çox fərqlidir. Onların əksəriyyəti ali təhsil sahibidirlər. İnsanların çoxu rus, ingilis və türk dillərini bilir və bunu normal hal hesab edirlər. Azərbaycanlıların yaşlı nəsil ilə rəftarı isə çox təqdirəlayiqdir. Qonaqpərvərlik onlar üçün hər şeydən qabaq gəlir. Ölkə yüksək sürətlə inkişaf edir. Əgər gənclər xaricdə təhsil alırlarsa, onlar sonradan öz ölkələrinə qayıdırlar və paytaxt Bakıda işləyirlər. Bakı çox gözəl şəhərdir. Milli yeməklərə, insanların qonaqpərvərliyinə söz ola bilməz. Mən bu şəhəri göz yaşları ilə tərk elədim. İnanıram ki, nə vaxtsa bu şəhərə, bu ölkəyə qayıdacağam”.
Həmçinin Rusiyanın məşhur “Vestnikkavkaza.ru” xəbər portalında alman jurnalist Xayko Laqnerin Azərbaycan və I Avropa Oyunları haqqında fikirlərinə yer verilib.
X.Laqner bildirib ki, beynəlxalq yarışlar insanları birləşdirməli və xalqlar arasında yaxınlaşmaya təkan verməlidir: “Təşkilatçı ölkə haqqında olan problemlər yarışdan öncə müzakirə edilməlidir. Əlbəttə, hər hansı bir dövləti tənqid etmək də olar. Lakin hər bir tənqid real faktlara söykənməlidir və ölkələrə qarşı ikili standartlı siyasət yürüdülməməlidir. Amma bu fundamental dəyərlərə Azərbaycana qarşı riayət olunmayıb. Mən buna bir neçə misal göstərə bilərəm. Almaniyanın məşhur “Tagesschau” xəbər proqramında qeyd olunub ki, guya Azərbaycan əhalisinin yarısı yoxsulluq səviyyəsində yaşayır. Mən bunu Dünya Bankının göstəriciləri ilə müqayisə etdim. Məlum oldu ki, əhalinin yalnız 5.3%-i kasıblıq həddində yaşayır. Mən bir neçə dəfə Azərbaycanda olmuşam və Dünya Bankının göstəriciləri real həyata daha uyğundur. Həmçinin Almaniya Bundestaqı açılış mərasimi günündə Azərbaycanda insan haqlarının vəziyyəti barəsində dinləmələr keçirdi. Mən ölkəmizin hər hansı bir beynəlxalq tədbirdən öncə təşkilatçı ölkə haqqında bu cür dinləmələr keçirdiyini xatırlamıram. O cümlədən Sosial Demokratlardan olan bir deputat, Azərbaycan səfirinin Almaniya mətbuatında onun ölkəsi haqqında silsilə qarayaxma kampaniyasına etiraz etməsinə hiddətləndiyini bildirib. Deputatlar tərəfindən demokratiyanın belə başa düşülməsinə insan heç bir söz tapa bilmir”.
Jurnalist qeyd edib ki, alman siyasətçilərdə demokratiya və insan haqlarının yalnız başqa ölkələrdə pozulduğu barəsində fikirlər mövcuddur: “Onlar ilk öncə ölkədaxili məsələləri həll etmək əvəzinə, başqa dövlətlərdə olan problemləri qabartmağa çalışırlar. Həmçinin Azərbaycan kimi müstəqil siyasət yeridən ölkələr böyük dövlətlər tərəfindən yaxşı tərəfdaş hesab edilmir. Belə kiçik dövlətlərdə müxtəlif problemlər var. Lakin əldə edilmiş uğurları görmək və qiymətləndirmək lazımdır”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər