Bakıətrafı qəsəbələrdə güzəştli kreditlərdən istifadə etməklə istixanalar yaradılır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq
subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi
və sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.Bu məqsədlə Bakıətrafı qəsəbələrdə və regionlarda mütəmadi olaraq
işgüzar forumlar təşkil edilir. Növbəti belə tədbir - sahibkarlığın güzəştli
kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum sentyabrın
29-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması
mexanizmi barədə məlumatlar verilib, Sabunçuda həyata keçirilməsi məqsədəuyğun
hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya
layihələri maliyyələşdirilib.
120-dən
çox sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması
məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market”in,
istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, plastik qablar və corab
istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi
investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya
layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri
hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və
metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev
bildirib ki, 2016-ci ilin ötən dövrü ərzində ölkə üzrə 1791 sahibkarlıq
subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 117,5 milyon manat
güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin
reallaşdırılması 5600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə
isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq
subyektlərinin 1300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 342,8
milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində
müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,3 milyon
manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq,
quşçuluq, tərəvəzçilik, istixana kompleksinin yaradılması, un məmulatları,
mebel, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu
kreditlərin reallaşdırılması 170-dən çox yeni iş yerinin yaradılmasına imkan
verir.
Forum çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində tərəvəz
məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər Bakı qəsəbələrində 32
müasir istixana kompleksinin yaradılmasına 95.8 milyon manat güzəştli kredit
verilib. Dövlətin maliyyə dəstəyi ilə tərəvəz məhsulları istehsal edən istixanaların yaradılması tərəvəz istehsalının və ixracının
artırılması imkanlarını daha da genişləndirir.