• cümə axşamı, 28 mart, 21:02
  • Baku Bakı 13°C

Bakıdan Sumqayıta tıxacsız aparan yol

02.11.19 09:30 1684
Bakıdan Sumqayıta tıxacsız aparan yol
Mütəxəssislər deyir ki, Bakı-Sumqayıt yolunu qaydaya salmaq üçün görüləcək işlər mərhələli şəkildə həyata keçirilməlidir
"Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur". Bunu Prezident İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olarkən deyib. Ölkə başçısı Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova tapşırıq verib: "Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə, baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın”.
Bakı-Sumqayıt yolunda olan tıxac problemini həll etmək üçün bəzi addımlar atılsa da, istənilən nəticə əldə edilmir. Həmin istiqamətdə yenə tıxac problemi yaşanır. Bəs bu problemi birdəfəlik həll etmək üçün hansı addımlar atılmalıdır?
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli alternativ yol kimi metro xəttinin çəkilməsini təklif edir: "Tıxac əsas olaraq "Şamaxinka” deyilən ərazidən başlayıb Bakı Mühəndislər Universitetinə qədər davam edir. Amma ən problemli bölgə ekologiya postuna qədər olan hissədir. Genişləndirmə işlərinin burada aparılması daha məqsədəuyğun hesab edilir. Həmin ərazidə iki tunel var, biri Xırdalan dairəsində, digəri isə "Şamaxinka” tərəfdən Bakıya gələn yoldadır. Tıxaclar əsasən bu istiqamətdə olan yollarda müşahidə edilir. Hesab edirəm ki, Xırdalan dairəsində genişləndirmə işlərinin aparılması mümkündür. Əslində həmin yol əvvəldən daha geniş inşa edilsəydi, bu gün belə problemlə rastlaşmazdıq. Tunellərdə genişləndirmə işləri edilsə və ya alternativ yerüstü nəqliyyat xətti çəkilsə, tıxaclar azalar. Həmin ərazidə yerləşən ekologiya postunun yerinin dəyişdirilməsi də mümkündür. Postun yerinin dəyişdirilməsi də nəqliyyatın intensivliyindəki problemi qismən aradan qaldırar. Düşünürəm ki, metro tikintisi də bu istiqamətdə olan tıxacların həllinə kömək edər. Belə ki, fərqi yoxdur, istər yerüstü, istər yeraltı metro xəttinin çəkilişi alternativ yol sayıla bilər. Çox yaxşı olar ki, metronun Avtovağzal stansiyasından Xırdalana, Xırdalandan Masazır, Saray və Sumqayıt ərazilərinə xətt çəkilsin”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bu məsələnin çoxdan müzakirə edildiyini və müəyyən təkliflərin irəli sürüldüyünü qeyd etdi: "Cənab prezidentin məsələ ilə bağlı tapşırığı onun bu yolda olan tıxaclardan xəbərdar olduğunu göstərir. Bakı-Sumqayıt yolu, daha doğrusu Xırdalan dairəsi ilə 20 Yanvar arasında olan ərazi əzəldən problemli olub. Bu tıxacların niyə baş verdiyi məlumdur. Çünki yolun ortası genişdir, amma giriş hissəsi dardır. Yəni həm "Şamaxinka”, həm də Xırdalan tərəfdən girişdə yol daralaraq 2 zolaq olur. Ortada isə 6 zolaqdır. Mən də olan məlumata görə, təxminən 1 il əvvəl tıxacın qarşısını almaq üçün Xırdalan dairəsinin genişləndirilməsi ilə bağlı bir layihə təklif edilib. Deyilənə görə, dairə tam ləğv ediləcək, oradan körpü şəklində istifadə etmək mümkün olacaq. Məsələn, "Koroğlu” metrosu yaxınlığında olan körpü qovşağı kimi qovşaq yaradıla bilər. Eyni zamanda "Şamaxinka” deyilən ərazidə də bir az genişləndirmə işləri görülsə, tıxacın qarşısı alınmış olar. Təəssüf ki, bu, çox böyük vəsait və zaman tələb edir. Həmin yolla bağlı atılacaq yeni addımlar nə vaxt icra olunacaqsa, ilk olaraq onun alternativi düşünülməlidir. Çünki alternativ yol olmasa, Sumqayıt və ətraf qəsəbələrdə yaşayan əhali çox əziyyət çəkəcək. Bildiyim qədəri ilə əvvəl təklif edilən layihənin icrası ona görə baş tutmadı ki, həmin yolu bir müddət bağlamaq lazımdır. Yəni layihənin icrası üçün Bakı-Sumqayıt yolu 6 ay bağlı qalmalıdır. Bu isə ciddi problemlər yarada bilər. Hazırda Biləcəri tərəfdən Sumqayıta alternativ yol çəkilməsi təklif edilir. Biləcəridən Sumqayıta yol var, amma o da bir zolaqdan ibarətdir. Təsəvvür edin, Bakı-Sumqayıt yolunda 6 zolaqda hərəkət edən maşınları birzolaqlı yola yönəldən zaman nələr baş verər. Ona görə, ekspertlər həmişə deyirdi ki, qanuna uyğun olaraq, yol kənarlarında 12 metr məsafə saxlayın, çünki yolun sağı və solu 12 metr boş olmalıdır. Amma təəssüf ki, ekspertlərin, mütəxəssislərin dediyini eşidən olmadı. İndi isə bunun əziyyətini çəkirik. Ümid edirəm ki, cənab Prezidentin tapşırığından sonra Bakı-Sumqayıt yolunu qaydaya salmaq üçün görüləcək işlər mərhələli şəkildə həyata keçiriləcək ki, yol tam bağlanmasın”.
Nəqliyyat məsələlər üzrə ekspert Azər Allahverənov bu istiqamətdə dünya təcrübəsindən də yararlanmağı tövsiyə edir: "Bakı-Sumqayıt yolunda olan tıxacın aradan qaldırılması üçün bir sıra təkliflər irəli sürülür. Bunlardan bəziləri ola bilsin, qısa müddətdə reallaşsın, amma böyük vəsait, bəziləri isə daha uzun müddətli çəkib, lakin az vəsait tələb etsin. Hər hansı problemi həll etmək üçün addım atanda, onun iqtisadi səmərəliliyi də nəzərdən keçirilir. Yəni onun nə dərəcədə səmərəli, effektiv olacağı ölçülməlidir. Əgər söhbət yolun genişləndirilməsindən gedirsə, burada ciddi məsrəflər çıxır. Bundan başqa, çıxış yolu kimi nəqliyyat vasitələrinin axının bölüşdürülməsi də mümkündür. Bölüşdürmə bir neçə mərhələdə gedə bilər. Bu isə yolun relyefindən, infrastrukturundan asılıdır. İki, üçmərtəbəli yol qovşaqları da salına bilər. Dünya təcrübəsində bu istiqamətdə sınaqdan çıxmış üsullar var. Bütün bunların hamısını nəzərə alaraq, məsələnin həlli ilə bağlı təkliflərin irəli sürülməsi labüddür”
Günel Azadə
banner

Oxşar Xəbərlər