• cümə axşamı, 28 mart, 23:28
  • Baku Bakı 13°C

“Bakıdan kəndə qayıdanda məni qəhrəman kimi qarşıladılar” - Məktəb illəri

21.09.18 13:00 890
“Bakıdan kəndə qayıdanda məni qəhrəman kimi qarşıladılar” - Məktəb illəri
"Məktəb illəri həyatımızın ən gözəl, ən qayğısız illəridir” desək, yəqin ki, yanılmarıq. Hətta uzun illər keçsə belə, o anları şirin bir xatirə kimi xatırlayırıq. Budəfəki "Məktəb illəri” rubrikasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin o qayğısız illərinə qiyabi səfər etdik.
Həmsöhbətim dərslərini yaxşı oxusa da, dəcəlliyindən də qalmırmış: "Məktəbdə oxuyanda məndə bütün şagirdlərin xarakterindən bir az var idi. Qiymətlərim həmişə əla olurdu, amma bununla yanaşı, dəcəlliyimdən də qalmırdım. Valideynlərim buna görə həmişə narahat olurdu. Yaddaşım güclü olduğuna görə, orta məktəbdə dərs oxumağa çox vaxt ayırmırdım. Sinif yoldaşlarımın 3-4 saata hazırladığı dərsə, mən yarım saat sərf edirdim. Bizim məktəb meşənin yanında olduğuna görə, sinif yoldaşlarımızla oynamağa gedirdik. Valideynlərim də həmişə məndən narahat qalırdı. Onlar elə bilirdi ki, mən dərslərimi oxumuram. Onlara izah edə bilmirdim ki, başqalarının bir neçə saata etdiyi işi tez bir zamanda yerinə yetirirəm. Bu, eynilə universitetdə də davam etdi. Müəllimlərimiz mühazirə oxuyanda, mən onu dəftərə yazmırdım. Deyirdilər ki, bu qədər material yadında qalmayacaq. Amma yaddaşım güclü olduğuna görə, yazmağa ehtiyac qalmırdı”.
Həmsöhbətim məktəb vaxtı yadında qalan maraqlı xatirəsini də bizimlə bölüşdü: "Orta məktəbdə oxuyarkən respublika fənn olimpiadasına qatılmışdım. Bu olimpiadada tarix fənni üzrə iştirakçı idim. O dövrdə olimpiada üç mərhələdə – rayon, zona, respublika turu əsasında keçirilirdi. Mən səkkiz rayon ərazisində birincilik qazanıb ikinci mərhələyə keçdim. Zona üzrə birincilik qazandıqdan sonra isə respublika mərhələsində üçüncü yeri tutdum. Bu, o dövr üçün çox böyük hadisə kimi qiymətləndirildi. Çünki mən təhsilimi kənd məktəbində alırdım. Belə bir hadisə bizim və qonşu kənd məktəbləri arasında ilk dəfə idi ki, baş verirdi. O dövrə görə, bu, böyük göstərici kimi qiymətləndirildi. Bakıdan kəndə qayıdanda məni qəhrəman kimi qarşılamışdılar. Məktəb vaxtı yadda qalan xatirələr çox olur. Amma mənim üçün ən yaddaqalan an bu idi”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər