• çərşənbə axşamı, 16 aprel, 15:58
  • Baku Bakı 19°C

Bakıda xüsusi qrup sürücülərlə bağlı reydlər aparır

01.10.13 10:29 1295
Bakıda xüsusi qrup sürücülərlə bağlı reydlər aparır
Paytaxt ərazisində sərnişindaşıma ilə məşğul olan sürücüllər arasında nizam-intizamın yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə sentyabrın 26-dan etibarən paytaxt ərazisində avtobus dayanacaqlarında reydlərə başlanılıb.
Kimlər, niyə cəzalandırılıb?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) rəhbərliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq idarənin bölmə və şöbə əməkdaşlarından ibarət xüsusi qrup təşkil edilib. Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bizimlə söhbətində bildirdi ki, hər gün Bakı Şəhər Dövlət Yol Polisi əməkdaşları dislokasiya üzrə müəyyən bir yerə təhkim edilir: “Bu bizim gündəlik işimizdir. Təkcə sentyabrın 30-da günün ikinci yarısına qədər dayanacaqdan kənarda avtobusların saxlanılıb, sərnişinlərin düşürülməsini təmin etdiyinə görə 8 sürücü, sürücülük vəsiqəsi olmadan avtobusu idarə etdiyinə görə 2, işıqforun qırmızı işığında hərəkət edən 1, yol ayrıclarının keçmə qaydalarını pozan 3 və “qoşa xətt”in tələbini pozub əks istiqamətli yol zolağına daxil olan iki sürücüyə protokol tərtib edilib”.
V.Əsədovun sözlərinə görə, avtobus sürücülərindən başqa, pik saatlarda bəy-gəlin karvanının müşayiətinə, dayanma-durmanı qadağan edən nişanların təsir zonasında dayanmış avtomobillərə, xüsusilə təhsil ocaqlarının ətrafında dərsdən çıxma ərəfəsində sürücülərin yol hərəkəti hissəsində dayanıb şagirdləri qəbul etdiyinə görə xeyli sürücüyə protokol tərtib edilib: “Avtobus dayanacaqlarında taksi fəaliyyəti ilə məşğul olan 21 sürücüyə dayanacağı zəbt etdiyinə görə, məktəblərin yaxınlığında dayanmanı-durmanı, parklanmanı qadağan edən nişanların təsir zonasında avtomobil saxlayan 40-a yaxın sürücüyə protokol tərtib edilib. Bülbül, Rəşid Behbudov, Zərifə Əliyeva, İnşaatçılar, Üzeyir Hacıbəyov, Rəsul Rza küçələrində yolların hərəkət hissəsində ikinci cərgədə sıxlıq-tıxac yaratdıqlarına görə 30-a yaxın avtomobil evakuasiya edilib. Avtopatrul maşınlarına quraşdırılmış kompyuterlərin köməyi ilə 19 sürücü barəsində tədbir görülməsi barədə material hazırlanıb və s. Bunlar hamısı sentyabrın 30-da günün ikinci yarısına qədər baş verib”.
Qeyd edək ki, ötən həftə aparılan reydlər zamanı sərnişinlərlə yanacaqdoldurma stansiyasına daxil olduğuna görə, eləcə də işıqforun qırmızı işığında hərəkət edən, yolayrıcılarını keçmə qaydalarını pozan, nəqliyyat vasitəsini qapıları açıq vəziyyətdə idarə edən, texniki baxışdan keçməyən xeyli avtobusun sürücüsü barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.
Sürücülük vəsiqəsi olmayan sürücülər
V.Əsədov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək bildirib ki, yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi və yol hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədilə avtobus sürücüləri arasında təbliğat işlərinə diqqət artırılsın, dispetçerlər ayrılsın, marşrut boyu dispetçerlərin köməyindən istifadə edərək sürücülərin hərəkətləri nəzarətdə saxlanılsın. “Trend”ə açıqlamasında bu barədə danışan V.Əsədov deyib ki, dispetçerlər marşrut boyu avtobusların hərəkətinə nəzarəti gücləndirməli, sükan arxasındakı sürücülərin yolda xəbərsiz dəyişdirilməsinə imkan verməməlidirlər: “Belə ki, sürücülər ilk avtobus dayanacağından sürücülük vəsiqəsi ilə çıxır, son dayanacağa çatmamış, artıq onların sürücülük vəsiqəsinin olmadığı aşkar edilir. Bütün bunların hamısı sürücülərin nəzarətsiz olduğundan, bir-birilərini özbaşına dəyişdirdiyindən xəbər verir. Hər halda sərnişindaşımada nizam-intizamın tam yaradılması üçün bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərin üzərinə böyük məsuliyyət düşür. Onlar bu problemin kökündən həll edilməsi üçün öz üzərilərinə düşən funksional vəzifələri, işləri yerinə yetirməlidirlər”.
Cəzalandırmanın effekti olacaq
Sosial Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, sözügedən reydlərin bir dəfə deyil, mütəmadi aparılması sərnişindaşımada problemlərin həll olunmasına gətirib çıxara bilər: “Ciddi sanksiyalar, cərimələr həyata keçirilməlidir. Yalnız bu halda sürücülük vəsiqəsi olmayan avtobus sürücüləri və belə sürücüləri işə götürən şirkətlər məsuliyyət hiss edəcək. Avtobusların xətdən çıxarılması həmin şirkətlər üçün ciddi maneəyə gətirib çıxaracaq. Dövlət Yol Polisi əməkdaşlarının bu məsələyə müdaxiləsi nəticəsində sürücülük vəsiqəsi olan, amma qaydaları pozan sürücülərin tez-tez xətaya yol verməsi və cərimələnməsi sonda cərimə ballarının üst-üstə yığılaraq bəzi hallarda onların sürücülük hüququndan məhrum edilməsinə gətirib çıxaracaq. Bu baxımdan, sözügedən sanksiyaların əhəmiyyətli rolu olacaq. Artıq sürücülər daha məsuliyyətli olmağa çalışacaqlar”.
İ.Hüseynov düşünür ki, sanksiyalarla yanaşı, sürücülər arasında maarifləndirmə işləri də aparılmalıdır: “KİV, xüsusilə telekanallar bu işə cəlb edilməlidir. Dünyada sürücülük mədəniyyəti deyilən bir termin var. Hər bir sürücü öz vətəndaşının, millətinin övladına sevgi ilə, mədəniyyətlə yanaşmalıdır, anlamalıdır ki, törətdiyi hər bir yol qəzası neçə-neçə ailəyə bədbəxtlik gətirir”.
Ekspert düşünür ki, cəzalandrma metodunun işə salınması və təbliğat işləri Azərbaycan vətəndaşının qəzaya düşmək əmsalını aşağı endirə bilər.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər