• cümə axşamı, 25 aprel, 13:37
  • Baku Bakı 23°C

Bakıda VI Beynəlxalq təhsil sərgisi keçirilib - Reportaj

08.04.14 10:05 1939
Bakıda VI Beynəlxalq təhsil sərgisi keçirilib - Reportaj
“Kaspi” Təhsil Mərkəzi “Hilton” otelində VI Beynəlxalq təhsil sərgisinə ev sahibliyi edib. Dünyanın qabaqcıl təhsil ocaqlarının iştirak etdiyi sərginin açılışında “Kaspi” Təhsil Mərkəzinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxış edərək bildirib ki, sərginin məqsədi xarici mütəxəssislərin iştirakı ilə dünyanın qabaqcıl universitetlərindəki təhsil imkanları barədə tələbə və gənclərimizi maarifləndirmək, mərkəzin köməyi ilə onların həmin universitetlərə çıxışlarını təmin etməkdir. O, əvvəlki təcrübələrə əsaslanaraq, builki sərginin də Azərbaycan gənclərinin arzularının reallaşmasında mühüm rol oynayacağını diqqətə çatdırıb. Qeyd edib ki, gənclərimiz heç bir məsafə qət etmədən, əlavə xərc çəkmədən Avropanın ən nüfuzlu təhsil müəssisələri barədə ətraflı məlumat əldə edəcəklər.
Sona Vəliyeva istər çar Rusiyası, istərsə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlıların xaricdə təhsil almaq təcrübəsinin olmasına da diqqət çəkib. Deyib ki, 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə 100 nəfərdən çox azərbaycanlı gənc xaricə ali təhsil almağa göndərilib. Sovetlər dönəmində bu prosesin dayandığını söyləyən S.Vəliyeva yalnız ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu sahədə dirçəliş olduğunu, yüzlərlə gəncin respublikadan kənarda təhsil almağa göndərildiyini vurğulayıb: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu məsələ yenidən diqqət mərkəzində olub. Bu gün isə xaricdə təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkəmizdə uğurla həyata keçirilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bunun bariz nümunəsidir. Dövlət Proqramı özəl təhsil müəssisəsi olaraq “Kaspi” Təhsil Mərkəzinə də öz işini səmərəli qurmağa imkan verir. Bunun nəticəsidir ki, “Kaspi” Təhsil Mərkəzi fəaliyyəti dövründə 500-dən çox gəncin xaricdə təhsil almasını təmin edib. Bundan əlavə, mərkəz bu gənclərin sonrakı taleləri ilə də maraqlanıb və üzləşdikləri problemləri həll edib. Əgər biz müasir dünyada təhsilin mühüm rolunu nəzərə alsaq, VI Beynəlxalq təhsil sərgisinin də yaxşı nəticələr verəcəyini əminliklə qeyd edə bilərik. Ona görə də bu sərgidə iştirak edən gənclərə uğurlar arzulayıram”.
S.Vəliyeva “Kaspi” Təhsil Mərkəzinin 2007-ci ilin mayında təhsil sahəsinə yeniliklər gətirmək və beynəlxalq standartlara cavab verən təhsil sistemi yaratmaq məqsədilə qurulduğunu xatırladıb. Bildirib ki, Mərkəzin əsas vəzifəsi gənclərdə maarifçi təfəkkürün inkişaf etdirilməsi, gələcək kadrların yetişdirilməsidir: “Mərkəz savadlı müəllim kollektivi, münbit dərs şəraiti, zəngin avadanlığa malik sinif otaqları ilə təmin olunub. Burada dərslərin keyfiyyətinin artırılması məqsədilə xüsusi laboratoriyalar və kabinetlər abituriyentlərin istifadəsinə verilib. Eyni zamanda, mərkəzin minlərlə kitaba, DVD və CD-lərə malik zəngin kitabxana və oxu zalı da var. “Kaspi” Təhsil Mərkəzində mütəmadi olaraq hər rübün sonunda sınaq imtahanları və hər ay valideyn iclası keçirilir. Mərkəzi bitirən gənclərin əksəriyyəti ABŞ, Böyük Britaniya, İsveçrə, Rusiya və s. ölkələrin nüfuzlu universitetlərində təhsil alırlar. Hazırda “Kaspi” Təhsil Mərkəzində xarici dillər, kompyuter kursları, 7-12 yaş arasında uşaqlar üçün xüsusi ingilis dili, TOEFL və DAAD proqramları, magistraturaya hazırlıq kursları fəaliyyət göstərir”.
“Kaspi” Təhsil Mərkəzi təsisçisinin açılış nitqindən sonra iştirakçılar sərgi ilə tanış olublar. Dünyanın nüfuzlu xarici təhsil müəssisələri barədə məlumat kitabları, bukletlər və sairin nümayiş etdirildiyi sərgidə ekspertlər tərəfindən qəbul şərtləri, təhsil proqramları barədə məlumatlar verilib.
“Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev isə qəzetimizə açıqlamasında bu dəfə aprelin 6-na təsadüf edən təhsil sərgisinin hər il ənənəvi olaraq keçirildiyini, əsas məqsədin azərbaycanlı tələbələri xarici universitetlərlə Bakıda görüşdürmək olduğunu söyləyib. Qeyd edib ki, gənclər bu sərgi vasitəsilə xaricdə təhsil almaq arzularını reallaşdıra bilərlər: “Təhsil sərgisinin mövsüm olaraq məhz indi keçirilməsi çox əhəmiyyətlidir. 2014-cü ilin sentyabr ayında ali təhsil almağa başlayacaq tələbələr üçün bu sərgini son şans kimi də dəyərləndirmək olar. Çünki bundan sonra universitetlərin qəbul imkanlarının sona çatması üçün cəmi 1-2 ay qalır. Sərgidə iştirak edəcək tələbələr 50-yə yaxın xarici universitet barədə məlumat ala bilərlər. Sərgi dünyanın ən yaxşı təhsil müəssisələrini Azərbaycanın paytaxtına gətirib. Gün ərzində Britaniya, ABŞ, Türkiyə, Almaniya, İsveçrə, Kanada, Hollandiya, Litva və Polşanın ən öndə gedən təhsil müəssisələri uşaqlar, yeniyetmələr və böyüklər üçün orta, ali, biznes sahəsi üzrə təhsil, eləcə də qısamüddətli kurslar və tətil proqramları barədə məlumatlarla təmin ediləcəklər. Bütün sərgi ziyarətçilərinin təhsil ocaqlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, təhsil müəssisələri, universitetlərə qəbul, ödənişsiz təhsil, təqaüdlər, tələbə vizalarının verilməsi qaydaları, tələbə həyatının xüsusiyyətləri və digər vacib detallar barədə məlumat almaq imkanları olacaq. Sərgi zamanı ziyarətçilər seminar və mühazirələrdə iştirak edərək xarici universitetlərdə tədris metodlarının necə olduğunu da görə bilərlər”.
Sərgidə iştirak edən gənclər də onlar üçün yaradılmış bu imkanları müsbət qiymətləndiriblər. Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbəsi Yusif Bağırov bizimlə söhbətində mütəmadi olaraq belə sərgilərdə iştirak etdiyini, bu dəfə isə iki qrup yoldaşıyla birgə gəldiyini bildirib. O, İngiltərə ali təhsil müəssisələrində oxumaq üçün yetərli bilgi aldıqlarını dilə gətirib: “Hər üçümüzün bura gəlməkdə məqsədimiz İngiltərə universitetlərində ali təhsil almaq imkanları ilə maraqlanmaq idi. Ekspertlərlə danışdıq, lazımi məlumatlar aldıq, qiymətləri, şərtləri, tələbələr üçün orada yaşam səviyyəsini, hətta miqrantlara münasibəti öyrəndik. Demək olar ki, sərgidə özümüz üçün ətraflı məlumat toplaya bildik”.
Universiteti ötən il bitirən Gülnar Əliyeva isə Türkiyədə ikinci ali təhsil almaq istədiyini, bunun üçün də sərgiyə gəldiyini söyləyib. İlk dəfə belə bir sərgidə iştirak etdiyini qeyd edən gənc xanım tədbirin onda xoş təəssürat yaratdığını, özü üçün gərəkli məlumatlar əldə etdiyini vurğulayıb.
Bakıda keçirilən VI Beynəlxalq təhsil sərgisinin iştirakçıları təşkilatçılığın yüksək səviyyədə olmasını müsbət qiymətləndiriblər. Böyük Britaniyanın Aston Universitetinin beynəlxalq şöbəsinin regional meneceri Yuliya Vittem, İngiltərənin Brayton şəhərində fəaliyyət göstərən “INTO University Partnerships” təşkilatının nümayəndəsi İrina Şerbakova, Birləşmiş Krallığın Norviç şəhərində yerləşən “East Anglia” Universitetinin (UEA) nümayəndəsi Nilu Raşidova və başqaları azərbaycanlı gənclərin təhsil sərgisinə böyük maraq göstərdiyini bildiriblər.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər