Bakıda V Beynəlxalq Təhsil Sərgisi keçirildi

Bakıda V Beynəlxalq Təhsil Sərgisi keçirildi

Təfsilat
09 Aprel 2013, 08:32 1454
Azərbaycanda xaricdə təhsil sərgilərini beynəlxalq səviyyədə təşkil edən Kaspi Təhsil Mərkəzi Hyatt Regency otelində V Beynəlxalq Təhsil Sərgisini keçirdi. Sərgidə 8 ölkəni təmsil edən 14 müxtəlif universitet və təhsil müəssisəsi təmsil olunurdu. Bu il keçirilən V Beynəlxalq Təhsil Sərgisində müxtəlif istiqamətlərdə dil kursları, bakalavr və magistr proqramları ilə Böyük Britaniyanın ilk onluğunda olan universitetləri, Polşa, Avstraliya, Kipr, İsveçrənin dünyaca məşhur universitetləri təmsil olunurdu.

İştirakçılar arasında dünyanın ən yaxşı 150 universiteti siyahısında olan Qlazqo universiteti, Aston Universiteti, Reading Universiteti və müxtəlif təqaüd proqramlarının təmsilçiləri öz stendləri ilə tələbələri və şagirdlərə məlumatlar verirdilər. Sərgiyə maraq olduqca böyük idi. Belə ki, müxtəlif məktəblərdə və universitetlərdə təhsil alan gənclər əcnəbi universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq suallarına cavab tapmaq üçün stendlərin qarşısına yığılmışdılar. Sərgi ziyarətçiləri iştirakçılar tərəfindən yerindəcə məlumatlandırılaraq, universitet və digər ölkələrin təhsil sistemi ilə yaxından tanışlıq imkanı qazanmaqla yanaşı, təhsilini xaricdə davam etdirmək istəyən gənclərin yerli və xarici mütəxəssislərdən məsləhətlər almasına şərait yaradırdı. Tələbələr xarici universitetlərə müraciət formaları, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları və digər məsələlərlə bağlı ətraflı məlumat alırdılar. Sərgidə iştirak edən gənclər nüfuzlu universitetlərdə təhsil imkanları almaq, xaricdə yay məktəbinə qatılmaq, müəyyən bakalavr və magistr proqramları ilə tanış oldular.

Xaricdə təhsil almaq imkanı

Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva bildirdi ki, artıq beşinci dəfə keçirilən Beynəlxalq Təhsil sərgisində əsas məqsəd tələbə və gəncləri xarici mütəxəssislərin iştirakı ilə dünyanın öncül universitetlərindəki təhsil imkanları barədə maarifləndirmək və Kaspi Təhsil Mərkəzinin köməyi ilə həmin universitetlərə çıxışlarını təmin etməkdir.

Ölkəmizdə keçirilən V Beynəlxalq Təhsil Sərgisini Təhsil Nazirinin müavini Qulu Novruzov açdı. Sərgidə çıxış edən nazirlik rəsmisi Kaspi təhsil mərkəzinin ölkədə yaşayan gənclərin yüksək səviyyəli təhsil alması üçün göstərdiyi xidmətlərdən danışdı və o bildirdi ki, beynəlxalq təhsil sərgilərinin keçirilməsi Azərbaycanda artıq ənənə halını alıb. Q.Novruzov çıxışında vurğuladı ki, bu ənənənin təməli Azərbaycanda ilk dəfə Kaspi Təhsil Mərkəzi tərəfindən qoyulub: "Artıq yeddinci ildir ki, təhsil sahəsində uğurla addımlayan, beynəlxalq təhsil mərkəzləri və dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq edən Kaspi Təhsil Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri tələbələrin və şagirdlərin xaricdə təhsil almaq imkanını təmin etməkdir. Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq təhsil sərgiləri artıq ənənə halını alıb və bu ənənənin təməli məhz Kaspi Təhsil Mərkəzi tərəfindən qoyulub".

Q.Novruzov qeyd edib ki, təşkil olunan sərgilərdən sonra xaricdə təhsil alan gənclərin sayında artım müşahidə olunur: "Bu gün burada dünyanın müxtəlif ölkələrindən çoxsaylı universitetlər, təhsil mərkəzləri və müxtəlif universitetləri birləşdirən şəbəkələr iştirak edirlər. Təhsil sərgilərində iştirak edən gənclərin xaricdə təhsil almaq arzularını reallaşdırmaq üçün bilavasitə təhsil verənlərlə, xarici təhsil institutları ilə birbaşa ünsiyyət imkanları olur və hər dəfə ölkədə keçirilən təhsil sərgilərdən sonra biz çoxsaylı tələbələrimizin sərgilərdə iştirak edən universitetlərə qəbul olunması faktını aşkar edirik. Çünki, bu cür sərgilər Azərbaycan gənclərinin daha yaxşı təhsil alması üçün dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanını ortaya qoyur".

Xaricə birbaşa sənəd vermək imkanı

Kaspi Təhsil Mərkəzinin direktor müavini Emin Əmrullayev bildirdi ki, keçirdikləri bütün sərgilərə rekord sayda tələbə və şagirdlər cəlb edilib: "Bu gün burda iştirak edən tələbələr, şagirdlər və digər iştirakçılar 14-15 universitetlə birbaşa ünsiyyət qurmaq imkanını əldə edirlər. Bundan əlavə, Kaspi Təhsil Mərkəzinin əməkdaşlıq etdiyi 70-ə qədər universitetlə tanış olurlar. Təbii ki, tələbələr və şagirdlər üçün daha çox universitetlər tanımaq və onlarla birbaşa ünsiyyətə girmək gələcəkdə onların sərgidə iştirak edən universitetlərə qəbul olunmasını asanlaşdırır. E.Əmrullayevin sözlərinə görə, bəzi universitetlər tələbələrin birbaşa qəbul sənədlərini sərgidə qəbul edirlər: "Düşünürəm ki, sərgi iştirakçıları üçün müxtəlif məlumatlar əldə etmək və qəbul prosesini sürətləndirmək baxımından sərgi çox maraqlı olacaq. Sərgi bitdikdən sonra da tələbələrə imkan yaratmışıq ki, universitetlərlə təkbətək ünsiyyət qursun və özlərinin fərdi ehtiyaclar ilə bağlı universitetlərə sual ünvanlaya bilsinlər".

Açılış mərasimi bitikdən sərgi iştirakçıları sərgi ilə tanış oldular. Hər vaxt olduğu kimi V Beynəlxalq Təhsil Sərginin ziyarətçilərini əsasən məktəblilər və tələbələr təşkil edirdi. Gənclər maraqla stendlərə yaxınlaşır, universitetlər haqqında məlumat toplayır və onları maraqlandıran suallara cavab tapmağa çalışırdılar.

Sərgi ilə bağlı təəssüratlar

Sərgi iştirakçılarından sərgi ilə bağlı təəssüratlarını öyrənmək üçün onların bir neçəsi ilə söhbətləşdik. Turizm Universitetinin tələbələri Gülnar YaqubovaƏhməd Əkbərli bu sərgidən çox razı qaldıqlarını bildirdilər. Onlar xaricdə magistr təhsili almaq üçün universitet təmsilçiləri ilə söhbət edərək suallarına cavab tapmağa çalışırdılar.

Qafqaz Universitetinin üçüncü kurs tələbəsi Ofeliya Rzayeva bizimlə söhbətində sərgidə onu maraqlandıran bütün suallara cavab tapdığını bildirdi: "Kaspi Təhsil Mərkəzi tərəfindən keçirilən V Beynəlxalq təhsil sərgisi mənim çox xoşuma gəldi. Mən hazırda bakalavr olduğum üçün xaricdə magistratura təhsili ilə maraqlanıram. Burada çox yaxşı universitetlər var və üstəlik təhsil haqları da bizim üçün münasibdir. Universitet təmsilçiləri bizə kifayət qədər geniş məlumat verir, hətta yataqxana xərclərinə qədər biz informasiya alırıq".

Azərbaycan Dillər Universitetini birinci kurs tələbəsi Əsgərli İlham bizimlə söhbətində əsasən Avstraliya və Böyük Britaniya universitetləri ilə maraqlandığını bildirdi: "Sərgidən çox razı qaldım. Çünki, burada dünyaca məşhur bir çox universitetlərin nümayəndələri var ki, onlarla birbaşa ünsiyyət qura bilirik. Bəzi məlumatları internetdən də araşdırmaq mümkündür amma birbaşa ünsiyyət qurmaq bizə daha çox informasiya almaq imkanı verir. Mən həmçinin xarici universitetlərdə təqaüd proqramları haqqında geniş məlumat aldım".

Qafqaz Universitetinin birinci kurs tələbəsi Ağazadə Emin isə öz yoldaşları ilə birlikdə xaricdə yay məktəbi ilə maraqlanır: "Sərgi ilə bağlı təəssüratların çox yaxşıdır. Çünki, bizə burada dünyanın tanınmış universitetlərinin əməkdaşları ilə canlı ünsiyyət qurmaq imkanı yaradılıb. Biz əsasən Böyük Britaniya və Avstraliyanın yay məktəbləri ilə maraqlanırıq və bütün suallarımıza səlis məlumat verilir. Jurnallar vasitəsilə isə xaricdə təhsillə əyani şəkildə tanış ola bilirik. Həmçinin sərgidə iştirak etdikdən sonra bizə məlum oldu ki, əslində xaricdə təhsil almaq düşündüyümüz qədər çətin və imkansız deyilmiş".

Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi Qəhrəmanova Dürdanə bizimlə söhbətində sərginin yüksək səviyyədə keçirildiyini bildirdi: "Mən əsasən dövlət yolu ilə xaricdə təhsil almaq haqqında məlumat aldım. Təəssüratlarım çox yaxşıdır, çünki, bu qədər tələbə olmasına baxmayaraq hər kəsə yorulmadan geniş informasiya verilir. Həmçinin təhsil haqları da məni qane etdi. Universiteti bitirdikdən sonra Böyük Britaniyada təhsil almağı düşünürəm".

Təkbətək ünsiyyət imkanı

Məlumat üçün bildirək ki, xaricdə təhsilə maraqlı olan gənclərin universitetlərin nümayəndələri ilə daha effektiv və təkbətək görüşmələri və birbaşa konsultasiya olunmaları üçün Aprelin 7-də Kaspi Təhsil Mərkəzində universitetlərin fərdi seminarları da təşkil edilib.

Qeyd edək ki, Kaspi Təhsil Mərkəzi 2007-ci ildən fəaliyyətə başlayaraq qısa müddət ərzində ölkə vətəndaşlarına xarici dillərin tədrisi, universitet hazırlığı, məktəbəqədər hazırlıq və xaricdə təhsil imkanları üzrə yüksək keyfiyyətli xidmət göstərməkdədir. Kaspi Təhsil Mərkəzinin fəaliyyəti nəticəsində minlərlə insan xarici dil biliklərinə yiyələnmiş, 500-ə qədər vətəndaş ölkə universitetlərinə qəbul olmuş, yüzlərlə gənc isə əcnəbi universitetlərdə təhsil almaq imkanı əldə etmişdir.

2009-cu ildən fəaliyyətə başlayan Kaspi Qlobal - Xaricdə Təhsil Xidmətləri dünyanın bir sıra nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurmuş və bu universitetlərin Azərbaycanda qəbul prosesini həyata keçirməkdədir. 2009-cu ilin noyabr ayından başlayaraq Kaspi Təhsil Mərkəzi ənənəvi olaraq Beynəlxalq Təhsil Sərgiləri təşkil edir. Sərgilərin keçirilməsində əsas məqsəd yerli auditoriya ilə əcnəbi universitetlər arasında birbaşa ünsiyyətin qurulması və xaricdə təhsilin təşviqidir.

Aygün Cəfərli