• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

Bakıda “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçirilir

26.11.19 10:00 518
Bakıda “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçirilir
MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində "Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar öz işinə başlayıb.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, seminarın açılışında çıxış edən nazir müavini Sevda Məmmədəliyeva nazir Əbülfəs Qarayevin adından seminar iştirakçılarını salamlayaraq diqqətə çatdırdı ki, layihə mədəniyyət müəssisələrinin fiziki və əqli cəhətdən qüsurlu insanlar daxil olmaqla bütün ziyarətçilər üçün əlverişliliyinin təmin edilməsinə yönəlib.
Seminarda MDB ölkələrinin aparıcı muzeyləri, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri, QHT və xeyriyyə fondları, əlil icmalarının və s. təşkilatların 45-dən artıq nümayəndəsi iştirak edir: "İnanırıq ki, müxtəlif ölkələrdən olan nümayəndələrin iştirakı ilə bölüşülən təcrübələr sərhədsiz mədəniyyət məkanının yaradılması istiqamətində öz bəhrəsini verəcək. Həmçinin seminar çərçivəsində bu mövzuya müxtəlif rakurslardan yanaşmalar fiziki məhdudiyyətli şəxslərin yaradıcılıqda bərabərhüquqlu olmalarına təminat yaradacaq. Layihənin ideyası muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə dünyanın aparıcı muzeylərinin təcrübəsinin öyrənilməsi zamanı ərsəyə gəlib. Əlçatan mədəniyyətin yaradılması üzrə BMT-nin tövsiyələrini rəhbər tutaraq Azərbaycan Milli İncəsənət Muzeyi sərhədsiz mədəniyyət məkanının yaradılması sahəsində MDB-yə üzv dövlətlərlə fəal əməkdaşlıq platforması yaradır”.
Nazir müavini qeyd etdi ki, seminar çərçivəsində MDB ölkələrinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üzrə uğurlu təcrübəsi nəzərdən keçiriləcək. Bununla yanaşı, hüquqi məsələlər, turizm fəaliyyətinin təşkili, sağlamlıq imkanları məhdud şəxslərin incəsənət vasitəsilə inklüziv bədii təhsilin inkişafı, habelə bu qəbildən insanların sosiallaşması və əmək məşğulluğu məsələləri də diqqət mərkəzində olacaq. Tədbirdə ustad dərsləri, sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgilər təşkil ediləcək.
Sevda Məmmədəliyeva həmçinin diqqətə çatdırdı ki, Azərbaycan dövləti BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasına uyğun olaraq qurumun əlilliklə bağlı tövsiyələrini nəzərə alaraq bu sahəyə hər zaman qayğı ilə yanaşır. Bu il ərzində Prezident İlham Əliyevin sərəncamı ilə əlilliyə görə ödənilən müavinətin məbləği 94 faizə qədər qaldırılıb. Əlilliyi olanları himayə edənlərin də müavinətləri iki dəfəyə qədər artırılıb. Qarabağ əlillərinin müavinətləri də son ildə iki dəfəyə qədər artırılıb, onlar Prezident təqaüdü və digər sosial təminatlarla əhatə olunublar. Hazırda ölkəmizdə 80-ə yaxın təşkilat sağlamlıq imkanları məhdud şəxslərin problemləri ilə məşğul olur: "İlk növbədə Heydər Əliyev Fondu və onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə diqqətini xüsusilə vurğulamaq istərdim. Həmçinin Prezident İlham Əliyevin sərəncamına əsasən, "Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq uşaqlar arasında əlillik və fiziki qüsurluluğun dərəcəsi azalıb. Seminarda respublikamızda fəaliyyət göstərən xüsusi reabilitasiya mərkəzləri nümayəndələri də edirlər. Qanunvericiliyə əsasən, fiziki məhdudiyyəti insanların işlə təmin olunması ilə bağlı ölkədə beş faizlik kvota həyata keçirilir. Görmə məhdudiyyəti insanlar üçün musiqi məktəbləri, kitabxana, o cümlədən "ƏSA" adlı inklüziv teatr fəaliyyət göstərir. İnanıram ki, dörd gün davam edəcək seminar çərçivəsində təqdim olunacaq məruzələrdə muzey, ali təhsil müəssisələri və xeyriyyə fondlarının bölüşdükləri təcrübələr faydalı olacaq”.
Sonra Beynəlxalq Muzeylər Şurasının (İCOM) Rusiya üzrə nümayəndəsi Dinara Xalikova "İnklüziv muzey” layihəsi: əməkdaşların öyrədilməsindən ziyarətçilərin cəlb olunmasınadək”, Rusiya Dövlət Tretyakov Qalereyasının maarifləndirmə və nəşriyyat fəaliyyəti üzrə baş direktor müavini Marina Elsezzer "Tretyakov qalereyası – hamı üçün açıq muzey” mövzusunda məruzələrlə çıxış etdilər
Seminarın ikinci panel iclasında mövzu ilə bağlı üç təqdimat oldu. İlk olaraq "İnklüziv muzey. Eşitmə əlilliyi və zəifliyi olan ziyarətçilər” layihəsi üzrə İCOM-un Rusiya üzrə məsləhətçisi, Dövlət Tarix Muzeyinin əlçatanlıq proqramının kuratoru Vladislav Kolesnikov "Eşitmə əlilliyi və zəifliyi olan ziyarətçilərlə iş: sosial və mədəni potensial”, A.Kasteyev adına Dövlət İncəsənət Muzeyinin əməkdaşı Gülmira Şalabayeva "Sərhədsiz muzey: əlilliyi olan ziyarətçilər üçün muzeyin əlçatanlığı”, "QARAJ” müasir incəsənət muzeyinin bələdçisi Lyudmila Luçkova "QARAJ” muzeyinin layihələri: nəzəriyyə və təcrübələr” mövzusunda çıxış etdilər.
Günün ikinci yarısında seminar məruzələrlə öz işini davam etdirdi.
banner

Oxşar Xəbərlər