• şənbə, 20 Aprel, 17:01
  • Baku Bakı 23°C

Bakıda qeyri-qanuni duracaqlar ləğv olundu

28.04.14 17:22 1101
Bakıda qeyri-qanuni duracaqlar ləğv olundu
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevin APA-ya müsahibəsi

- Həsən müəllim, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtdakı qeyri-qanuni yaradılmış avtomobil duracaqlarının ləğv edilməsi barədə imzaladığı sərəncamdan ötən müddət ərzində nə qədər qeyri-qanuni duracaq ləğv edilib?

- Xeyli sayda duracaq ləğv olunub. “Malakan” bağı, Opera və Balet Teatrı, Səməd Vurğun bağının ətrafındakı bəzi yerlərdə, o cümlədən “28 Mall” ticarət mərkəzinin ətrafındakı qeyri-qanuni duracaqları ləğv etmişik. Bu günə qədər avtomobil sürücülərinə təxminən 35 minə yaxın xəbərdarlıq paylanılıb. Hələ ki, fərdi addımlar atmırıq, sadəcə, xəbərdarlıq edirik. Dövlət Yol Polisi ilə əməkdaşlıq çərçivəsində bu işlər davam etdirilir. Demək olar ki, bu gün üçün artıq 35-40 yerdə avtomobil saxlamırlar.
- Qeyri-qanuni duracaqları təşkil edən fiziki və hüquqi şəxslərə cərimələr tətbiq olunur?

- Cərimələr tətbiq olunmayıb. Hələ ki, xəbərdarlıq edirik. Ancaq təbii ki, eyni hal təkrarlanırsa, həmin sürücülərə qarşı cərimələr tətbiq olunacaq.
- Paytaxtda qeyri-qanuni duracaqları təşkil edən əsas hüquqi və ya fiziki şəxslər müəyyənləşib?

- Bilirsiniz, hər hansı dükanın sahibi marağından irəli gələrək dükanının qabağına duracaq işarəsi qoyur. Ümumiyyətlə, qeyri-qanuni duracaqların məhz hansısa qurum və ya şəxslər tərəfindən təşkil edilməsini demək olmaz. Biz bu məsələlərin sivil qaydaya salınması üçün çalışırıq.
- Bakıda nə qədər müvəqqəti duracaqların yaradılması nəzərdə tutulur?

- Hazırda bu məsələyə baxılır. Həm Dövlət Yol Polisi, həm də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birgə hansı yerlərdə və nə qədər duracaq qoyulmasını müəyyənləşdiririk. Çünki bu məsələ bir az vaxt aparır. İlk öncə küçələrin eni ölçülür, elə küçələr var ki, ensizdir və bu şərait hansısa duracaqların orda olmasına icazə vermir. Ensiz yollarla da bağlı müəyyən tədbir görüləcək. Eyni zamanda bizim əsas tələblərimizdən biri odur ki, avtomobillər səkidə dayanmasın. Çünki səkilər insanların rahat hərəkəti üçün nəzərdə tutulub.
- Bakıda dayanacaq probleminin həlli istiqamətində hansı addımların atılması nəzərdə tutulur?

- Plan üzrə qeyri-qanuni duracaqları ləğv edirik, müvəqqəti duracaqlar öz bəhrəsini göstərəcək. Çünki artıq müvəqqəti dayanacaq olan yerdə sakinlər harada dayanmalı olduqlarını biləcəklər. Eyni zamanda bu addım tıxacın da qarşısını alacaq. Həmçinin qeyri-qanuni duracaqlarda evakuator şəkli olan nişanlar qoyulacaq ki, sürücülər həmin yerlərdə avtomobillərin saxlanmasına icazə verilmədiyini əvvəlcədən bilsinlər. Bu da bir dünya praktikasıdır.
banner

Oxşar Xəbərlər