• çərşənbə, 24 Aprel, 00:11
  • Baku Bakı 14°C

Bakıda QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçirilir

01.12.14 16:40 988
Bakıda QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçirilir
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda (Organization of the Black Sea Economic Cooperation - BSEC, Working Group on Cooperation in Science and Technology) 2014-cü il 1 iyul – 2016-cı il 30 iyun müddəti üçün Ölkə əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.
Bu müddət ərzində isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Ölkə əlaqələndiricisi adından QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyətini əlaqələndirəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 2014-cü il dekabrın 1-də “Kempinski Hotel Badamdar”da QDİƏT Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun yüksək səviyyəli iclası öz işinə başlayıb.
İclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 2 və 4 illik Fəaliyyət Planları, Bəyannamə, digər müvafiq sənədlər müzakirə olunur. 2 gün davam edəcək iclasda müzakirə olunan planlar və bəyannamə QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin 2014-cü il 3 dekabr tarixində baş tutacaq yüksək səviyyəli iclasında qəbul olunmaq üçün təqdim ediləcək.
İclasın işinə QDİƏT-ə üzv olan Azərbaycan, Türkiyə, Serbiya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Moldova, Ukraynadan yüksək səviyyəli ekspertlər qatılıb. İclasda həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda yerləşən Daimi Katibliyinin rəhbərliyi, Təşkilatın Parlament Assambleyasının, Yunanıstanda fəaliyyət göstərən Qara Dəniz Tədqiqatları Beynəlxalq Mərkəzinin, üzv dövlətlərin Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edirlər.
3 dekabr iclasında bir neçə ölkənin elm və texnologiya üzrə nazirlərinin iştirakı gözlənilir.
banner

Oxşar Xəbərlər