• cümə, 19 Aprel, 07:43
  • Baku Bakı 13°C

Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayıb

24.06.19 13:45 873
Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayıb
İyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayıb.
AZƏRTACxəbər verir ki, forum UNESCO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib.
Tədbiri AzMİU-nun rektoru Gülçöhrə Məmmədova açaraq forumun ilk tədbirinin təmsil etdiyi ali təhsil ocağında təşkil olunmasından məmnunluğunu ifadə edərək onun işinə uğurlar arzulayıb.
Forumda sessiyanın keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, ölkəmizin son illərdə sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.
Nazir Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.
Diqqətə çatdırılıb ki, iyulun 2-dək davam edəcək Ümumdünya İrs Gənc Peşəkarlar Forumunda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu "Ümümdünya İrsi: Qlobal Çağırışlar üçün Yerli İdeyalar”a həse dilib. Forumun ümumi məqsədi XIX əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxışında işğal olunmuş ərazilərimizdəki zəngin mədəni irs nümunələri barədə məlumat verib və belə tədbirlərin mədəni irsin öyrənilməsi və tanıdılması baxımdan əhəmiyyətini qeyd edib.
Qonaqları tədbir iştirakçılarına təqdim edən Forumun əməliyyat qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib ki, tədbirin proqramı rəngarəngliyi ilə seçilir. Belə ki, Forumun ilk 4 günü fərqli məkanlarda - Azərbaycan Memarlıq və İnşaat Universiteti, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və Qəbələ-İsmayıllı-Lahıc bölgəsində baş tutacaq. Əcnəbi və yerli irs ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar ediləcək, dəyirmi masalar yolu ilə iştirakçılar 1972-ci il Dünya Mədəni və Təbii İrsinin Qorunması ilə bağlı Dünya İrs Konvensiyasına dair praktiki biliklər əldə edəcəklər. Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin qlobal konsepsiyaları ilə tanış olacaqlar. Sonda Forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz Bəyannamələrini təqdim edəcəklər.
Tədbirdə Dünya İrs Mərkəzinin direktoru Meştild Roslerin iştirakçılara videomüraciəti olub.
Sonra Mədəniyyət Nazirliyi ilə AzMİU arasında təhsil, innovasiya, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
banner

Oxşar Xəbərlər