• çərşənbə axşamı, 19 mart, 11:30
  • Baku Bakı 8°C

Bakıda küçə itlərinə sahib tapan ingilis -Humanizm

13.02.17 12:50 3584
Bakıda küçə itlərinə sahib tapan ingilis -Humanizm
Bakı küçələrində və ətraf rayonlarda küçə itlərinin sayı günbəgün artmaqda davam edir. Sahibsiz, heyvanlar kimilərsə tərəfindən döyülür, öldürülür, işgəncələrə məruz qalır, ya da acından, soyuqdan tələf olurlar. Bir qrup gənc bunun qarşısını almaq və küçə itlərini sahib tapmaq üçün təşkilat yaradıb. Əsas məqsədləri insanlar arasında heyvan sevgisini təbliğ etmək və küçə itlərinin ev şəraitində saxlanılıb qorunmasıdır.
15 min dollar və ya həbs…

Sahibsiz it-pişiklərlə bağlı problemin həlli üçün müxtəlif yollar var ki, onlardan ən əsası bu yiyəsiz dördayaqlılar üçün xüsusi sığınacaq-bəsləmə məntəqələridir. Belə məntəqələr dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, qonşu Türkiyədə küçələrdə yaşayan və ya sahibləri tərəfindən atılmış heyvanlar üçün sığınacaqlar var. Avropanın bir çox ölkələrində isə heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Almaniya konstitusiyasına görə, əgər heyvanlara çəkilişlər əziyyət verərsə, onların kinoya çəkilməsi qəti qadağandır. Avstriyada itlərin quyruğunu, yaxud da qulağını kəsmək, zəncirləmək qanun pozuntusu hesab edilir. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə, ya da 1 ilik həbs cəzası gözləyir. Lakin ölkəmizdə küçə itləri ilə bağlı bu qədər ciddi tədbirlər görülmür. Haqqında danışacağımız qurum isə könüllü şəkildə küçə itləri toplayır, reabilitasiya edir və xaricı ailələrə verir. Bizim sahib çıxmadığımız itlər əcnəbilərin ən yaxın dostuna çevrilir. Bunu həyata keçirən təşkilatın adı "Baku Street Dog Rescue”dur ("Bakı küçələrində itlərinin xilası”). Ətraflı məlumat almaq üçün təşkilata yollanırıq.

"Əsas fokusumuz xaricdəki sığınacaqlardır”

Təşkilatın Azərbaycanda rəhbəri İngiltərə vətəndaşıNatali Fosterdir. Natali Avropa oyunları zamanı Azərbaycana gəlib. Həmkarları ilə birlikdə layihə çərçivəsində işləyərkən küçədə çoxlu itlər görüblər: "Bizə məlumat verdilər ki, bu itlər stadion ərazisindən təmizlənəcək. Avropa ölkələrində təmizlənmək o deməkdir ki, bu itlər hansısa quruma, sığınacağa veriləcək. Amma burada, sadəcə, ərazidən göndəriləcəkdi… Həmin vaxt bir pişiyi götürüb saxladım və İngiltərəyə, evimə apardım. Bir müddət sonra yenidən Azərbaycana qayıtdım, heyvanları xilas etmək üçün təşkilat yaratdıq”.
Sahiblənmə qaydalarına gəldikdə, həmsöhbətimiz deyir ki, itlərin reabilitasiyası aparıldıqdan sonra veriləcək evlər araşdırılır, sənədlə, sübutla xaricə göndərilir: "Avropa ölkələrində sığınacaqlarda olduğu kimi, bizim də özümüzün sahibləndirmə qaydalarımız var. İtləri müəyyən ərizələr, müqavilələrlə veririk. Kimsə bizə müraciət edirsə, biz onunla tanış olur, evini ziyarət edirik. Ondan sonra qərar veririk ki, bunu ailəyə vermək olar, ya yox. Biz heç bir halda həyətdə saxlamaq və ya hansısa ərazini qorumaq üçün it vermirik. Xilas etdiyimiz itlər ev şəraitinə ailənin dostu kimi verilir. Təəssüflər olsun ki, Azərbaycanda bir çox hallarda sırf cins it axtarırlar, küçə itlərini bəyənmirlər. Bu səbəbdən bizim əsas hədəfimiz xaricdəki sığınacaqlardır. Çünki onların oturuşmuş qaydaları var. Sahibləndirildikdən sonra izləmə və lazım olanda geri qaytarma mexanizmi var. Biz adətən itləri xilas edəndən sonra, onlara sahib tapmazdan əvvəl çalışırıq əmin olaq ki, həmin itlər sosialdır, yoxsa yox. Yəni onun insanlarla, uşaqlarla yola getməsinə baxırıq. Bu, çox vacib şərtdir. Küçədə insanlar çox vaxt itləri döyürlər. Belə itləri müalicə edirik və ünsiyyət yaratmağa, zədəni sağaltmağa çalışırıq. Bundan sonra sahibinə veririk. Bəzi itlər var ki, tərbiyələndirilməsi çox vaxt aparır. Belə itləri sahibləndirmirik, amma sığınacaq kimi xarici ölkələrdə xüsusi yerlərə göndəririk. Orada həyat şəraitləri daha yaxşı olur”.

Laura, Scarrlett, Bobic, Dante, Jannie, Linda…

Laura, Scarrlett, Bobic, Dante, Jannie, Linda… Bunlar itlərin adlarıdır. Küçədən tapılaraq təmizlənib, reabilitasiyası aparılıb və öz sahiblərini gözləyir. O qədər gözəl oyunlar, hərəkətlər edirlər ki, həqiqətən cins itlərdən fərqlənmirlər.
Təşkilatda Natali ilə birlikdə könüllülər də çalışır. Xəyal Sadiq bu könüllülərdən biridir. Deyir ki, heyvanları vurub döyənlər anlamalıdır ki, onlar əşya deyil, canlıdırlar. Onlar da insanlar kimi acır, hiss edir, ağrı çəkirlər: "Düzdür, ölkəmizdə heyvansevərlər də az deyil. Amma bəziləri var ki, itlərdən iyrənir, onları görəndə qaçır, vururlar, heyvanlardan uzaq gəzir, onları özləri üçün ciddi təhlükə hesab edirlər. Bir dəfə iti gəzdirəndə valideyn uşağına icazə verdi ki, çubuqla iti vursun. Tərbiyə metodu da düzgün qurulmalıdır. Uşaqlar elə bilir ki, onlar canlı deyil, heç nə hiss etmirlər. Amma bu, belə deyil. Uşaqlar maarifləndirilməlidir ki, söhbət küçədə olan hansısa əjdahadan deyil, canlıdan gedir. İnsanların bəziləri itləri mağazadan hansısa əyləncə vasitəsi kimi, suvenir kimi alırlar, sonra bir az saxlayıb həvəslərini öldürüb, onları tərk edirlər. Bu yolverilməzdir”.
Azərbaycanda olan könüllülərlə yanaşı, mərkəzin İngiltərədə, Danimarkada, Hollandiyada Amerikada, İsveçdə də könüllüləri var. Hansı ki, həmin könüllülər itlər buradan göndərildikdən sonra o ölkələrdə lazımi işləri görürlər.

"Heyvanlar da insanlar kimidir”

Xəyal deyir ki, itlər və pişiklər bəzi insanların düşündüyü kimi infeksiya mənbəyi deyillər: "İnsanlar çox zaman fikirləşir ki, itlər çirklidir və murdardır, evə təmizlik yox, natəmizlik gətirirlər. Heyvanlar da insanlar kimidir. Məsələn, insan da vaxtında təmizlənməsə, infeksiya mənbəyi olur. Heyvanlar da həmçinin. İkinci məsələ ondan ibarətdir ki, heyvanlarla uşaqların münasibətinə yanaşma tərzində müəyyən səhvlər var. İnsanlar evdə uşaq olduğu zaman heyvan saxlamaqdan qaçırlar. Amma elmi araşdırmalar göstərir ki, balaca uşaqların immuniteti yavaş-yavaş inkişaf etməyə başlayır. Pişiklə bir yerdə böyüyən uşağın immuniteti normal uşaqdan 8 faiz daha güclü olur, itlərlə birlikdə böyüyənlərdə isə 32 faiz güclənir. İnsanlar anlamalıdır ki, itlər bakteriya yuvası deyil. Sadəcə, düzgün qulluq etmək lazımdır”.
Belə bir deyim var: ev alarkən qonşularının yaxşı və pis olduğunu anlamaq üçün o məhəllədə yaşayan küçə itlərinə baxın. Küçə itləri çox olan məhəllənin insanları da yaxşıdır.

"Ərazinizdə olan itləri qısırlaşdırın...”

Natali deyir ki, bu misalda həqiqət payı var: "Yeganə problem odur ki, nə qədər yaxşı insan olsa da, bir nöqtədən sonra itlər çoxalmağa başlayır. Çoxaldıqdan sonra razı insanlarla yanaşı, narazı insanlar da olur və həmin ərazidən itləri təmizləyirlər. Bu problemi həll etmək üçün axtalaşdırma proqramını həyata keçirmək lazımdır. Yəni küçədə olan heyvanları sevə bilərsiniz, onlara yemək verə bilərsiniz. Amma həqiqətən küçədə olan heyvan problemini həll etmək istəyirsinizsə, axtalaşdırmaq məsələsinə ciddi yanaşmaq lazımdır. Kömək etmək lazımdır ki, küçədəki sahibsiz itlər qısırlaşdırılsın, onlar yeni balalar doğmasın, küçədə artmasınlar. Ayrı-ayrı klinikalar, təşkilatlar var. Endirimli proqramlar edirlər. Bir neçə iti aşağı qiymətlə qısırlaşdırırlar. İtlər məskunlaşdıqları yeri öz əraziləri kimi qoruyurlar. Məsələn, sizin ərazidə itlər varsa, onları qısırlaşdırsanız, artmayacaqlar və sizin məhəlləyə sahiblənib öz əraziləri kimi qoruyacaqlar. Əgər küçədə yemək tapa bilsələr, itlərin ömrü 6-7 ildir. Normalda ev şəraitində bu 15-20 ilə qədər uzanır. Amma küçədə tez ölürlər. Həmin müddətdə itlər ərazini qoruyur, yeni itlərin daxil olmasına icazə vermirlər. Əgər itə sahiblənmək istəyirsinizsə, pul verib mağazadan almayın. Küçə iti ilə cins itlər arasında fərq yoxdur. İstənilən küçə iti televiziyalarda reklam olunan cins itlərlə eynidir. Sadəcə, hansısa növlərlə qarışırlar. Amma cins olaraq fərq olmur. Əksinə, küçə itləri ayrı-ayrı cins itlərdən sağlam və sadiq olurlar”.

"Hər qısırlaşdırılan it artımın qarşısını alır”

Təşkilat tərəfindən 2 il müddətində artıq 300-dən yuxarı küçə iti xilas edilib, reabilitasiyası həyata keçirilib və xarici ölkədə sahibləndirilib. Təxminən 10-15 küçə pişiyi sahibləndirilib. Təşkilat bütün xərcləri toplanan ianələr hesabına həyata keçirir. İtlər reabilitasiya edildikdən sonra da satılmır. Tam pulsuz şəkildə verilir. Xaricdən və Azərbaycandan toplanan ianələr isə itlərin sahiblənənə qədər saxlanmasına, onların dərmanlarına, həkim məsrəflərinə, sənədlərinin düzəldilməsinə xərclənir”.
Həmsöhbətlərimiz deyir ki, şərt insanların küçədəki heyvanlara sığal çəkməsində deyil. Yayda heç olmasa çölə bir qab su qoysunlar ki, heyvanlar ölməsin: "Öz ərzaqlarından artıq qalanları paketləşdirib itlər üçün qoya bilərlər. İnsanlar tullantılarını, sadəcə, tullantı kimi görürlər. Onların içində itlərin, pişiklərin qidalana biləcəyi yeməklər var. 5 dəqiqə vaxt ayırıb bunları ayırıb itlərə verə bilərlər. Qısırlaşdırmağa çox üstünlük versinlər. Hər qısırlaşdırılan it, növbəti nəslin artmaması üçün imkan yaradır”.

Himayə-ailə

Təşkilatın məqsədi Azərbaycanda himayə-ailə şəbəkəsini yaratmaqdır: "İnsanlar burada itə sahib olmaya bilərlər, amma 2 ay bir iti ev şəraitində qonaq etmək mümkündür. Bütün qida ehtiyaclarını biz qarşılayacağıq. Sadəcə, sığınacaqda qalmaq əvəzinə ailələrdə qalsınlar. Burada məqsəd itin ailə mühitinə öyrəşməsi və sosiallaşmasıdır. Bundan sonra sahiblənmə daha asan başa gəlir”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər