• çərşənbə, 17 Aprel, 03:56
  • Baku Bakı 14°C

Bakıda klassik avtomobillərin yürüşü keçirilib - Fotolar

09.11.16 19:19 4223
Bakıda klassik avtomobillərin yürüşü keçirilib - Fotolar
Bu gün Bakı açıq səma altında avtomobil muzeyinə çevrilmişdi. Trend-in məlumatına görə, paytaxtımızda Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə bakılılar və şəhərin qonaqları üçün 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş klassik avtomobillərin yürüşü keçirilib.

Tədbirdə Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, mədəniyyət nümayəndələri, gənclər və klassik avtomobil həvəskarları iştirak ediblər.

Səhər saatlarından etibarən Heydər Əliyev Mərkəzinin önündə klassik musiqi sədaları altında böyük coşqu var idi. Tədbirə gələn qonaqlar müxtəlif retro avtomobillərlə şəkillər çəkdirirdi. Bu yürüşdə əvvəlcədən qeydiyyatdan keçməklə hər kəs iştirak edə bilərdi. Yeganə şərt 1980-ci ilədək istehsal olunmuş avtomobilə sahib olmaq idi.

Klassik avtomobil yürüşündə "Mersedes”, "Rolls-Roys”, "Mustanq”, "Kraysler”, eləcə də "Pobeda”, "Zaporojets”, "Moskviç”, QAZ, ZİL və ZİM kimi avtomobillər iştirak edib.

Milli bayraqlarla bəzədilmiş 70-dən artıq parlaq retro avtomobil yola çıxaraq Dövlət Bayrağı Meydanına doğru hərəkətə başlayıb. Yol boyunca siqnal verərək hərəkət edən avtomobillər sakinlərin xoş təəccübünə səbəb olub. Klassik maşınları görən şəhər sakinləri bu maraqlı hadisəni mobil telefonlarının yaddaşına köçürməyə çalışıblar.

Dövlət Bayrağı Meydanında isə paradda iştirak edən avtomobillərin sərgisi təşkil olunub. Burada tamaşaçılar retro avtomobillərin sahibləri ilə ünsiyyət qurublar.
Tədbirin ən yaşlı iştirakçılarından olan 67 yaşlı Vaqif Qurbanov 1955-ci il istehsallı ZİM avtomobili ilə parada qatılıb. O, Trend-ə açıqlamasında belə bir avtomobil sahibinin özü haqqında heç bir şey deməyə ehtiyac olmadığını deyib: "Bu avtomobil sahibinin həyat tərzi barədə hər şeyi deyir”.

Digər iştirakçı - 1962-ci il istehsallı QAZ-21-in sahibi Əlisəfa Zeynalov bu avtomobilin ona babasından qaldığını deyib. Onun sözlərinə görə, bu avtomobili atası, özü və uşaqları idarə edib.

Azad Kərimov isə paradda beş klassik avtomobillə iştirak edib. Onlardan biri də sahibinin həmyaşıdı olan 1959-cu il istehsallı "Folksvagen” olub.

Retro avtomobillərin yürüşü və sərgisi paytaxt həyatının ən yaddaqalan hadisələrindən biri kimi tarixə keçəcək.














banner

Oxşar Xəbərlər