• şənbə, 20 Aprel, 02:30
  • Baku Bakı 15°C

Bakıda kitab bayramı Reportaj Fotolar

23.09.13 17:29 3004
Bakıda kitab bayramı Reportaj Fotolar
Bu gün Azərbaycan paytaxtı növbəti dəfə beynəlxalq kitab bayramına ev sahibliyi etdi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Beynəlxalq kitab sərgi–yarmarkası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Sərgi-yarmarkada 100-dən çox yerli, 40-dan çox xarici nəşriyyat və təşkilatın, eləcə də səfirliklərin nümayəndələri iştirak edirdi.
Çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev kitab sərgisinin təşkil olunmasının əhəmiyyətindən söhbət açaraq əcnəbi naşirləri salamladı: “Vətənimizə təşrif buyuran bütün əcnəbi naşirləri və eləcə də yerli nəşr ocaqlarını salamlayıram. Onlara yaradıcılıqlarında və nailiyyətlərində uğurlar arzulayıram. Sərginin ilk dəfə açıq səma altında keçirilməsində məqsəd Bakı sakinləri, qonaqlar, gənclər üçün rahat və sərbəst şəkildə kitab almaq imkanı yaratmaqdır. Azərbaycanda bir həftə müddətində kitab bayramı qeyd ediləcək. Bu sərginin kitab nəşrlərimizin fəaliyyətində xüsusi yer tutacağına inanıram. Biz də öz növbəmizdə 2 ildən bir, belə sərgiləri keçirəcəyimizi planlaşdırmışıq. Məqsədimiz Azərbaycanda nəşriyyat işinə, kitab çapının genişləndirilməsinə, əhalinin bilik və savadının artırılmasına öz köməyimizi göstərməkdir. Bu layihə ulu öndər Heydər Əliyevin məntiqi siyasətinin davamıdır. O öz çıxışlarında kitabın cəmiyyət üçün dəyələrindən bəhs edərək, insanlara kitabın faydalarından danışardı. Bu gün Azərbaycanda kitab nəşri, satışı gücləndirilməkdədir. Bunun üçün ilk növbədə prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm. III Bakı Beynəlxalq kitab yarmarkası Azərbaycanda kitab işinə beynəlxalq marağın nəticəsidir. Belə tədbirlərin sayının artırılması çox vacib məsələlərdəndir. Bu tədbirlər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub. Sərgi və konfransın vətənimizdə keçirilməsi Azərbaycan kitab ailəsinin yüksək səviyyədə olmasına dəlalət edir. Bu da Azərbaycanın kitaba olan sevgisinin göstəricisidir. Bu gün Azərbaycan kitabı ölkəmizin hüdudlarını aşaraq öz layiqli yerini beynəlxalq sərgilərdə nümayiş etdirməyə müvəffəq olur. Heydər Əliyev Fondu tərəfindən nəşr olunan kitablar beynəlxalq mükafatlara layiq görülür. Bu da az nailiyyət deyil. Ümid edirəm ki, Azərbaycanda kitaba olan sevgi daima yüksək səviyyədə yaşayacaq”.
Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev jurnalistlərə açıqlamasında kitabın insanların həyatındakı rolunu xüsusi qeyd etdi: “Azərbaycanda III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının açılışı son dərəcə fərəhli bir hadisədir. Bu yalnız kitabın deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin, ictimai fikrinin, elminin, incəsənətinin bayramıdır. Hər bir elmin, incəsənətin, maarifin, mədəniyyətin, ictimai fikrin də əsasında kitab dayanır. Kitab bəşəriyyətin, insanlığın ən böyük kəşflərindən biridir və əgər kitab olmasaydı, elmlərin də inkişafı olmazdı. Hesab edirəm ki, Qobustan qayalarındakı rəsmlərimiz ibtidai insanın bizə yadigar qoyduğu kitablardır. Hər zaman kitab bu və ya digər formada insanla birgə olub. Heydər Əliyev vaxtilə nəşriyyatlar haqqında fərman imzalayıb və bununla da bütün nəşriyyatlardan lisenziyalar götürülüb. Ondan sonra bütün nəşriyyatlar öz fəaliyyətlərini qurublar. Hazırda Prezident İlham Əliyevin sərəncamı ilə minlərlə kitab çap olunur və kitabxanalara paylanılır. Hesab edirəm ki, kitaba bu hörmət xalqa hörmətin təzahürüdür”.
Oksford Universitetinin nəşriyyat evinin nümayəndəsi Kenan Barut beynəlxalq sərgilərdə dəfələrlə iştirak etdiyini, belə sərgi-yarmarkaların nəşr evlərinin, eləcə də müəlliflərin tanınmasında müsbət rol oynadığını vurğuladı: “Oksford Universiteti dünyada ingilis dilində danışılan, əsərlər dərc olunan ilk universitetdir. Türkiyədə də bir mərkəzimiz var, ancaq ana mərkəzimiz İngiltərədədir. Nəzərinizə çatdırım ki, İngiltərədə də Azərbaycan kitablarına rast gəlmək mümkündür. Biz də bu sərgidən sonra Azərbaycan nəşrlərinə daha çox yer verməyi düşünürük. Bu sahədə daha yaxşı kitablara sahib olub, onlara da öz nəşriyyat evimizdə yer ayırmağı planlaşdırmışıq. Bu kimi sərgilərin keçirilməsinin çox böyük potensialı olduğunu düşünürük. Biz nəşriyyat evi olaraq sərgilərin daha çox beynəlxalq şəkildə keçirilməsinin tərəfdarıyıq və bunun da hər zaman müsbət nəticələrini görmüşük”.
Norveçli yazar Raguhild Thori Azərbaycan yazarlarının dünyada az tanınmağından bəhs etdi. Yazıçı Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini uşaqlar üçün hazırlayaraq Norveç dilində çap etdirib. Raguhild Thori tam bir Nizami Gəncəvi həvəskarıdır, bunu onun sözlərindən də hiss etmək olar: “Azərbaycanı çox bəyənirəm. Hələ 6 ay da burada qalmağı düşünürəm. Burada Nizami Gəncəvinin yaradıcılığı ilə maraqlanıram. Həmçinin də yeni-yeni yazarlarla tanış oluram. Xüsusi diqqətimi çəkən isə Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri olub. Bu əsər çox məşhur bir əsərdir. Nə üçün bu qədərə gözəl olan bir əsərdən bizim azyaşlı oxucularımız yararlanmasın deyə, düşündüm və onu Norveç dilinə tərcümə etdim. Hər zaman klassik ədəbiyyat ilə maraqlanmışam. Amma indi ömrümü Nizami Gəncəvinin yaradıcılığına həsr etmişəm. O, dünyada məşhur yazıçı deyil, amma onun “Xəmsə”-sini oxudum və doğru yolda olduğumun fərqinə vardım. Axı nə üçün belə gözəl əsərlər kənarda qalsın? Dünyada hazırda rus, ingilis dramaturqları məşhur olduqları halda, nə üçün Azərbaycan dramaturqları da tanınmasınlar? Düşünürəm ki, onların buna haqqı çatır”.
“Nil” dəftərxana və kitab evinin direktoru Rəsul bəy 20 ildir ki, Bakıda fəaliyyət göstərdiklərini və Azərbaycan oxucularının kitaba böyük marağı olduğunu söylədi: “Artıq 3-cü dəfədir ki kitab sərgisinə qatılırıq. Belə sərgiləri kitab satışları və tanınma üçün yüksək dəyərləndiririk. Biz nəşriyyat evi olaraq Türkiyədən kitablar və hədiyyəlik əşyalar gətiririk. Azərbaycanda türkcə oxuyan milyonlarla insan var. Alıcılarımız da bizdən hər zaman razı gedir. Problemimiz odur ki, bizdən həddindən artıq əlavə dəyər vergisi alınır. Biz də məcbur qaldığımız üçün müştəriyə əlavə dəyər vergisini ödətdiririk. Misal üçün, siz nəsə alanda, malın qiymətinin 100-də 18-ini həmin vergiyə görə ödəyirsiniz. Türkiyənin gömrüyündə biz o vergini ödəmirik. Həmin vergi olmasa, Azərbaycan oxucuları üçün kitablar daha endirimlə olar. Müştərilər daha çox kitab oxuyar”.
“İntellekt” dəftərxana dünyasının direktoru Mais Əliyev belə sərgilərin keçirilməsini müsbət hal kimi dəyərləndirdiyini və sərgi-yarmarkaların nəşr evlərinin tanınmasında böyük rolu olduğunu qeyd etdi: “Azərbaycanda elmə, savada, biliyə, qiraətə böyük ehtiyac var. Kompüterləşmə əsrinin əsiri olan bugünkü gənclər yalnız telefonla oynayırlar. Bizim zamanımızda metroya minərkən insanların 80%-nin əlində kitab olardı. İndi isə hər gəncin əlində telefon var. Bilmirəm, onlar oyun oynayır, yoxsa nəsə oxuyur. Sərgiyə gəlincə isə, kitabın qüdrətini, şöhrətini qaldırmaq üçün belə tədbirlərin keçirilməsi vacibdir. İnsanlar bu gün qəzeti belə, kompüterdə oxumaqda üstünlük verirlər, mənsə onu başa düşə bilmirəm”.
Sərgidə insanlar stendlərə yaxınlaşaraq alacaqları kitabları dəqiqləşdirir, xarici kitabların müəllifləri ilə maraqlanırdılar. Yarmarkada gənclər, ziyalılar, uşaqlarla yanaşı, Azərbaycanın tanınmış yazarlarına da rast gəldik. Onlar xarici nəşriyyat evlərinin yazarları, onların yaradıcılıqları ilə maraqlanırdılar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər