• çərşənbə axşamı, 16 aprel, 16:44
  • Baku Bakı 19°C

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirinə yekun vurulub

28.04.19 20:19 1116
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirinə yekun vurulub
Aprelin 28-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirinə yekun vurulub.
AZƏRTACxəbər verir ki, son yarış günündə həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər üzrə finallar keçirilib.
Halqa ilə hərəkətlərdə rusiyalı gimnast Dina Averina (22.000 xal) qızıl medal qazanıb. İsrailli Linoy Aşram (21.850 xal) gümüş, ABŞ təmsilçisi Laura Zenq (20.350 xal) bürünc medala sahib olublar.
Təmsilçimiz Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə 16.850 xal toplayaraq 8-ci yeri tutub.
Linoy Aşram topla hərəkətlərdə isə 21.750 xal toplayaraq dünya kubokunun qalibi olub. Dina Averina (21.100 xal) ikinci, Belarus təmsilçisi Katsiarina Qalkina (20.500 xal) üçüncü yerə layiq görülüblər.
Gürzlərlə hərəkətlərdə rusiyalı əkiz bacılar – Dina və Arina Averinalar ilk iki pillədə qərarlaşıblar. Dina Averina 22.500 xalla qızıl, Arina Averina 22.300 xalla gümüş medal qazanıblar. İlk üçlüyü Ukrayna gimnastı Vlada Nikolçenko (21.400 xal) tamamlayıb.
Lentlə hərəkətlərdə isə Belarus təmsilçisi Anastasiya Salos (20.650 xal) birinci, Arina Averina (20.600 xal) ikinci, Dina Averina isə (20.250 xal) üçüncü olublar.
Fərdi proqramda ayrı-ayrı alətlər üzrə ilk üç yeri tutan gimnastlar mükafatlandırılıblar.
Eyni zamanda, bu il keçirilən dörd dünya kubokunun üçündə ən yaxşı nəticə göstərən gimnastlara Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokları da təqdim edilib.
Halqa və topla hərəkətlərdə kubok Dina Averinaya (Rusiya), gürzlərlə hərəkətlərdə Vlada Nikolçenkoya (Ukrayna), lentlə hərəkətlərdə isə Katrin Tasevaya (Bolqarıstan) verilib.
Mükafatları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, Milli Gimnastika Arenasının direktor müavini Nərminə Quliyeva, Bakı gimnastika məktəbinin direktoru Xaqani Fərəcov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov, Azərbaycan Gimnastika Federasiyasının menecerləri Sara Zeynalova və Bikə Abdullayeva, bədii gimnastika üzrə dünya çempionu, 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarının mükafatçısı Yana Batırşina, Azərbaycan Gimnastika Federasiyasının meneceri Fərid Məmmədzadə, Bakı Gimnastika Məktəbinin nümayəndəsi İnara İsrafilbəyova və başqaları təqdim ediblər.
Fərdi proqramda gimnastların gərgin mübarizəsini qrup hərəkətləri komandaları davam etdiriblər.
Beş topla yarışlarda Rusiya yığması 24.850 xalla birinci, Yaponiya millisi 24.450 xalla ikinci, Ukrayna təmsilçiləri 24.350 xalla üçüncü olublar. Üç halqa və iki cüt gürzlə hərəkətlərdə isə Bolqarıstan gimnastları (25.550 xal) qızıl, Rusiya atletləri (25.250 xal) gümüş, Ukrayna təmsilçiləri (25.150 xal) bürünc medal qazanıblar.
Qrup hərəkətləri komandalarının mükafatlandırılması mərasimi keçirilib.
Qalibləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, yarışların texniki direktoru Natalya Bulanova, bədii gimnastika üzrə Azərbaycan komandasının baş məşqçisi Mariana Vasileva, bədii gimnastika üzrə yığmamızın məşqçisi Lalə Məhərrəmova, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, "Ocag Sport" idman klubunun direktoru Surxay Qarayev təltif ediblər.
Bununla yanaşı, Rusiya yığması beş topla, Bolqarıstan millisi isə üç halqa və iki cüt gürzlə hərəkətlərdə FIG kuboklarına sahib olublar.
Mükafatları Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov təqdim edib.
Qeyd edək ki, aprelin 27-də keçirilən çoxnövçülük üzrə yarışlarda fərdi proqramda Rusiya təmsilçiləri - Dina Averina 85.600 xalla qızıl, Arina Averina isə 79.850 xalla gümüş medal qazanıb. Turnirdə üçüncü yeri ukraynalı Vlada Nikolçenko (78.900 xal) tutub.
Azərbaycan gimnastlarından Zöhrə Ağamirova 73.350 xalla 13-cü, Veronika Qudis isə 66.400 xalla 30-cu yerdə qərarlaşıb.
Qrup hərəkətləri komandaları arasında çoxnövçülük yarışlarında Yaponiya millisi 49.250 xalla qızıl, Rusiya yığması 48.950 xalla gümüş, Bolqarıstan təmsilçiləri 48.850 xalla bürünc medal qazanıb. Azərbaycan gimnastları isə 33.100 xalla 19-cu pillədə qərarlaşıblar.
Bakıda keçirilən dünya kuboku turnirində 39 ölkədən 200-dən çox gimnast iştirak edib. Üç gün davam edən yarışda 25 qrup komandası və 70-dən çox fərdi gimnast öz məharətini göstərib.

banner

Oxşar Xəbərlər