• cümə axşamı, 28 mart, 20:49
  • Baku Bakı 13°C

Bakıda istehsal olunub, “Moskva malı” kimi təqdim edilir

18.12.18 09:30 1120
Bakıda istehsal olunub, “Moskva malı” kimi təqdim edilir
Sosial şəbəkələrdə məhsulların adının rus dilində olması ilə bağlı bir məlumatla rastlaşdım. Diqqət etdikdə gördüm ki, məhsul Azərbaycanda istehsal olunmasına baxmayaraq, adı rus dilində yazılıb. Sonradan bu məsələyə marketlərdə də diqqət etməyə başladım. Təsadüfən fikir verdim ki, alıcı qadın üstündə rus dilində "Moskva” yazılan peçenyeni görən kimi ona yönəldi. Digər yerli adda olan məhsulların isə demək olar ki, heç üzünə də baxmadı. Bu sadəcə bir nümunədir. Təəssüf ki, cəmiyyətimizdə belə nümunələr çoxdur. Sovet dövründən qalma ideologiya 2018-ci ildə də aktuallığını qoruyub saxlayır. İnsanlar Rusiyada istehsal olunan məhsulların birmənalı olaraq keyfiyyətli, Azərbaycanda istehsal olunan məhsulların isə keyfiyyətsiz olduğu qənaətindədirlər. Məsələ burasındadır ki, bizim daha keyfiyyətli bilib, adına aldanaraq aldığımız məhsul, əslində heç də Rusiyada istehsal edilmir. Bu malların əksəriyyəti ölkəmizdə istehsal edilir və insanların diqqətini cəlb etmək və onları aldatmaq üçün adı rus dilində yazılır. Bəs görəsən bu nə dərəcədə düzgündür? İstehlakçıların aldadılması ilə nəticələnən marketinq gedişini uğurlu saymaq olar?
Marketinq üzrə mütəxəssis Seymur Quliyevdeyir ki, şirkətlər bu addımla alıcılara psixoloji təsir göstərməyə çalışır: "Bu, şirkətlərin qəsdən və bilərəkdən atdığı bir addımdır. Marketinq dili ilə desək, şirkətlər müştərini cəlb etmək üçün müvafiq gedişlər edir. Çünki şirkətlər özü də bilir ki, yerli adda istehsal olunan məhsul müştərilərin diqqətini cəlb etmir. Məsələn, ölkədə istehsal edilən və satışa buraxılan hər hansı peçenyenin adını "Zaqatala” qoysan, onunla heç bir müştəri maraqlanmayacaq. Amma eyni məhsula rus və ya digər xarici bir dildə ad verilsə, həmin məhsul müştərilər tərəfindən alınacaq. Çünki Azərbaycan istehlakçılarının yerli məhsula inamı və etibarı yoxdur. Bu mənada, müştərini də qınamaq olmaz. Çünki bizdə istehsal olunan bəzi məhsulların keyfiyyət standartları tələb olunan səviyyədə deyil. Məhsullara xarici adlar qoymaqla, bir növ istehlakçılara psixoloji təsir göstərməyə çalışırlar. Çünki müştəri bilir ki, Rusiyada istehsal olunan peçenye Azərbaycandakından qat-qat keyfiyyətli olur. Ona görə də, xarici adda olan məhsullara müştərilərimiz daha çox önəm verir. Nəticədə şirkətlər öz məhsullarının adını yerli yox, rus dilində olmasına üstünlük verir”.
Mütəxəssis deyir ki, əslində, bu, müştərinin aldadılması da deyil: "Bu, heç də müştərini aldatmaq demək deyil. Çünki məhsulun üzərində həmin məhsulun istehsal tarixi, yararlılıq müddəti və istehsal edildiyi yer haqqında məlumat verilir. Alıcı həmin məlumatda məhsula dair bütün detalları oxuya bilər. Amma alıcılarımız çox vaxt bu məqamların heç birinə diqqət etmir. Şirkətlər də alıcıların bu xüsusiyyətini artıq yaxşı bilir. Əslində, belə hallara dünya təcrübəsində də rast gəlinir. Məsələn, İtaliyada ingilis dilində olan məhsullara rast gəlinir. Yaxud, İngiltərədə italyan restoranları fəaliyyət göstərir. Amma məsələ burasındadır ki, bu restoranlarda italyan yeməkləri hazırlanır. Bizdə isə peçenyeyə "Moskva” adı, müştərilərdə xarici mal düşüncəsini formalaşdırmaq üçün verilir. Əslində müştəri onun yerli məhsul olduğunu bilsə, almaqdan imtina edəcək. Ola bilsin ki, çox az hallarda məhsulun də fərqli dildə olduğuna görə, onu almaqdan imtina etsin. Burada qazanclı olan tərəf şirkətlərdir. Məncə, bu, kifayət qədər uğurlu marketinq gedişidir. Əgər uğurlu hesab olunmasaydı, bu gün bazarda bu adda peçenyelər satışda olmazdı. Məsələn, 2007-2008-ci illərdə "Moskva” peçenyeləri başqa adda satılırdı. Həmin məhsul demək olar ki, müştərilər tərəfindən alınmırdı. Eyni məhsulun yenidən adını dəyişib rus dilində qoyduqdan sonra məhsul satılmağa başlayıb. Çünki müştərilərin satınalma zamanı vaxtı məhdud olur. Ona görə də, çox zaman məhsulun istehsalçısına nəzarət etmirlər. Alıcıların əksəriyyəti çox hallarda belə məhsulları alırlar. Fikir veribsinizsə, bu tip peçenyelər marketlərdə xüsusi halda paketləşdirilərək satılır. Çox az hallarda isə istehsalçı ilə bağlı məlumat məhsulun deyil, ümumi qablaşmanın üzərinə vurulur. Ona görə də, müştərilər asanlıqla aldana bilir. Müştəri belə məhsulun üzərində yazılanları ümumiyyətlə, oxumur. İnsanlar məhsulu tez bir zamanda almaq istəyir. Hətta elə olur ki. məhsulun son istifadə müddətinə də diqqət etmirlər”.
"Azad İstehlakçılar” birliyin sədri Eyyub Hüseynovdeyir ki. şirkətlər bu addımla "Made in Azerbaijan” brendinə zərbə vururlar: "Təəssüflər olsun ki, Azərbaycan istehlakçıları xarici ölkələrdə, xüsusilə də Rusiyada istehsal edilən məhsullara böyük maraq göstərir. Onların bu məhsullara olan etibarı yerli məhsullarla müqayisədə qat-qat çoxdur. Nəticədə istehsalçılar alıcıların bu düşüncəsindən istifadə edirlər. Bir çox hallarda Azərbaycanda istehsal edilən mallar Rusiyada istehsal edilirmiş kimi təqdim olunur. Çox hallarda məhsulun adı rus dilində qeyd olunur. Bu, əslində istehlakçıların aldadılmasından başqa bir şey deyil və yeyinti məhsulları haqda qanunun tələblərinə ziddir. Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, Azərbaycanda əmtəə bazarında satılan bütün mallar bükülməli, üzərində istehsalçının adı, ünvanı, məhsul haqda vacib məlumatlar və ünvanı qeyd olunmalıdır. Təəssüflər olsun ki, bizdə satışda olan peçenyelər kağıza bükülərək üzərində rus dilində adlar yazılır. Ölkədə fəaliyyət göstərən biznes adamları dövlət başçısının apardığı siyasətə dəstək vermir. Prezident Azərbaycan brendinin yaradılması istiqamətində iş aparır. Bizim istehsalçılar isə digər brendləri imitasiya etmək və alıcıları aldatmaqla gəlir əldə edirlər. Bu, Azərbaycan brendinin inkişafına əngəl olan əsas faktlardandır. Təbii ki, bu, anormal hal kimi qiymətləndirilir. Ölkədə hətta böyük biznes qurumları da bu hiyləyə əl atırlar. Çalışırıq ki, bu kimi məsələləri aşkara çıxararaq ifşa edək. İstehlakçıların aldadılması biznes etikasından kənar bir haldır və bunun qarşısı alınmalıdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər