• cümə, 19 Aprel, 22:12
  • Baku Bakı 24°C

Bakıda insan hüquqları və diffamasiya haqqında qanunvericiliyin perspektivləri müzakirə edilib

22.05.13 10:49 1665
Bakıda insan hüquqları və diffamasiya haqqında qanunvericiliyin perspektivləri müzakirə edilib
Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Amerika Hüquqşünaslar Assosiasiyası ilə birgə “İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericiliyin perspektivləri” mövzusunda dəyirmi masa keçirib.
APA-nın məlumatına görə, tədbirdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev mövzunun əhəmiyyəti haqqında danışaraq bildirib ki, ictimaiyyət arasında adıçəkilən qanunun müzakirəsi zəruridir. O, bütün tərəflərin bu müzakirələrdə dinlənəcəyini söyləyib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Diffamasiya haqqında” qanun layihəsinin hazırlanması, əhəmiyyəti, beynəlxalq qurumların bu məsələdəki mövqeyinə dair çıxış edib. O, Azərbaycan hökumətin qanun və onun icrası ilə bağlı mövqeyini də açıqlayıb.
Tədbirdə USAİD-in Azərbaycan demokratiya və idarəçilik ofisinin direktoru Ronald Qlas, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əli Hüseynli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan üzrə ölkə nümayəndəliyinin rəhbəri Robert Stir, ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay və digərləri mövzu ilə bağlı məruzə ediblər.
Koray Tarqay bildirib ki, ATƏT-in təməl prinsipləri arasında media və söz azadlığı əsas yer tutur: “İllərdir bu məsələ Azərbaycanda müzakirə edilir. Hesab edirəm ki, Milli Məclisdə bu barədə ciddi müzakirələr keçirilməlidir. Ümid edirəm ki, məsələ ilə bağlı yaxın zamanlarda rəsmi çalışmalara start veriləcək. Azərbaycanda media hələ peşəkarlaşmayıb. Bu məsələni diqqətdə saxlamaq vacibdir”.
K. Tarqay ATƏT-in Bakı Ofisinin bu məsələdə istər hökumət, istər Milli Məclis, istərsə də vətəndaş cəmiyyətləri ilə danışıqların davam etdiriləcəyini qeyd edib: “Əsas məqsədimiz ATƏT-in prinsipləri əsasında Azərbaycanda mediada söz və ifadə azadlığını təmin etməkdir”.
Tədbirdə insan hüquqları təminatı məsələləri üzrə dövlət orqanları nümayəndələri ilə vətəndaş cəmiyyəti strukturlarının konstruktiv ictimai dialoq platformasını gücləndirmək barədə diskussiyalar aparılıb.
banner

Oxşar Xəbərlər