• cümə axşamı, 18 aprel, 21:47
  • Baku Bakı 21°C

Bakıda ilk “Şopinq Festivalı” start götürdü

10.04.17 20:46 1086
Bakıda ilk “Şopinq Festivalı” start götürdü
Aprelin10-da "Bakı Şopinq Festivalı”nın rəsmi açılış mərasimi keçirilib. Festival təkcə Azərbaycanda deyil, bütün regionda və hətta dünyada böyük marağa səbəb olub. Elə bu münasibətlə festivalın ilk günündə İçərişəhərdə şou-proqram da təşkil edilib. Əyləncə proqramı İçərişəhərin Qoşaqala qapısı tərəfdən girişində baş tutub.
Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər” haqqında sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının ("shopping festival”) hər il keçirilməsini təmin etmək tapşırılıb. Həmçinin sözügedən sərəncama əsasən, keçiriləcək festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub.
Paytaxtımızda təşkil edilən "Baku Shopping Festival” Qafqazda və Orta Asiyada ilk belə təcrübə olacaq. Festivalaqonşu ölkələrdən, eyni zamanda, son dövrlər Azərbaycana böyük turist axınının müşahidə olunduğu Fars körfəzi ölkələrindən də xeyli maraq var. Müxtəlif dövlətlərin təcrübəsi göstərir ki, ənənəvi şopinq festivalları turizmin inkişafına, xaricdən turist axınının artmasına müsbət təsir göstərir. Dünya Turizm Təşkilatının hesabatında da ticarət festivalları nəticəsində turist axınının 30 faizədək artdığı qeyd olunur. Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da dünya təcrübəsində bir ilk olan "Tax free” (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə biləcəklər. Bir ay ərzində şopinq festivalı həm xarici turistlərə, həm də yerli istehlakçılara əlverişli alış-veriş imkanı yaradacaq və müxtəlif əyləncələr təqdim edəcək.
Qeyd edək ki, festival çərçivəsində xidmət göstərən mağazaların siyahısı da açılanıb. Trend-in məlumatına görə, müştərilər mayın 10-dək "İdeal", "Soliton", "Next", "Carlo Pazolini", "Mango", "Albatros", "Celio", "Emporium Young", "Emporium Man", "Escada", "Scoop", "Tods", "Emporio Armani", "Guess", "Corneliani" və "VIP Aviasiya Xidmətləri" mağazalarında alış-veriş edə bilərlər. Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur. Onu da qeyd etmək yerinə düşər ki, festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da "Tax free" sistemi tətbiq ediləcək. ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi "Baku Shopping Festival – Tax Free" stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq. ƏDV-ni 5 bankın - "Kapital Bank", "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank Silk Way" və "Azərbaycan Sənaye Bankı"nın filiallarında, həmçinin bəzi ticarət mərkəzlərində quraşdırılmış köşklərdən geri almaq mümkün olacaq.
Turizm Assosiasiyası sədrinin müşaviriMüzəffər Ağakərimovqəzetimizə açıqlamasında bildirdi ki, festivalın keçirilməsmində əsas məqsəd ölkəyə daha çox turistin cəlb olunmasıdır: "Azərbaycanda turizmin təbliği və təşviqi ilə əlaqədar bu ərəfədə təkcə şopinq festivalı deyil, müxtəlif əyləncəli şou proqramlar da təşkil olunacaq. Ölkəmizdə belə bir festival ilk dəfədir ki, keçirilir. Bundan sonra festivalın ildə iki dəfə – yaz və payız aylarında keçirilməsi nəzərdə tutulub. Festivalın yüksək səviyyədə təşkili ilə aidiyyəti qurumlar məşğul olur. Turizm Assosiasiyası olaraq biz də bu işdə əlimizdən gələn köməkliyi edirik. Hesab edirəm ki, turizm şirkətləri bu işdə özləri fəal iştirak etməlidirlər. Onlar özlərinin yeni proqram və marşrutlarını təşkil etməklə turistlər üçün şərait yaratmalıdırlar. Festival çərçivəsində turistlərə şəhərin gəzməli-görməli yerləri haqqında məlumatlar verilməlidir. Qeyd edim ki, bu ərəfədə, həmçinin otellərdə yaşayan turistlərə də xüsusi diqqət ayrılmalıdır. Otelin işçiləri də şopinq festivalının mahiyyətini aydınlaşdırmalı, turistlərə hərtərəfli məlumatlar verməlidirlər. Muzeylər, sərgilər, incəsənət yerləri haqqında turistlər əvvəlcədən məlumatlandırılmalıdır. Bunun üçün də otel işçiləri özləri məlumatlı olmalıdırlar”.
Açılış mərasimində jurnalistlərə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirib ki, bu şopinq festivalı həm xarici, həm də ölkə vətəndaşları üçün mühüm imkanlar yaradır: "Artıq 110-a yaxınmağaza festivala qoşulub. Festival çərçivəsində vətəndaşlar 50-yə yaxın restoran və mehmanxananın xidmətlərindən istifadə edəcəklər. Artıq bu gündən vətəndaşların əlavə dəyər vergisini (ƏDV) geri alması üçün Vergilər Nazirliyi 7 alış-veriş mərkəzində xüsusi köşklər quraşdırıb. Vətəndaşlar alış-veriş etdikdən sonra çeklərini təsdiqlədib ƏDV-ni ala bilərlər".
Açılış mərasimində təşkil olunan əyləncəli proqramda "Natiq” ritm qrupu, "Qaya” ansamblı, müğənnilər Murad Arif, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər sənətçilər çıxış etdilər.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər