• cümə axşamı, 28 mart, 13:50
  • Baku Bakı 16°C

Bakıda "I Xəzər iqtisadi Forumu"na həsr olunan dəyirmi masa keçirilib

12.06.19 14:36 1318
Bakıda "I Xəzər iqtisadi Forumu"na həsr olunan dəyirmi masa keçirilib
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin və Türkmənistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə "I Xəzər iqtisadi Forumu"na həsr olunmuş dəyirmi masa keçirilib.
Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, Xəzəryanı ölkə səfirlikləri, ekspert və politoloqlar, ziyalılar və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov tədbiri giriş sözü ilə açaraq Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformalarının artırılmasının əhəmiyyətindən danışıb. O, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq perspektivlərinə diqqəti çəkib. Xəzərin hüquqi statusunun müəyyən edilməsindən sonra Xəzəryanı ölkə başçılarının iştirakı ilə bu ilin avqust ayının 12-də Türkmənistanda təşkil olunacaq I-ci "Xəzər İqtisadi Forum"unun vacibliyindən söz açan BMAM sədri Rufiz Qonaqov, keçirilən bu tədbirin də məhz həmin Foruma həsr edildiyini bildirib.
Türkmənistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşankuliyev "Birinci Xəzər İqtisadi Forumu" mövzusunda cıxış edərək, həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın, bu ölkələrin suverenliyinə vacib təsir göstərdiyini bildirərək, qlobal iqtisadi əməkdaşlığın genişləndiyi müasir dünyada Xəzəryanı dostluq və əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Məruzə ilə cıxış edən Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibi O.Cumanazarov "Xəzərin tranzit və logistika potensialı" mövzusunda məruzə ilə cıxış edərək, bildirib ki, müasir iqtisadi inkişaf dünya bazarlarına daha effektiv cıxış yollarının axtarışını tələb edir. Bu baxımdan Xəzəryanı ölkələr həm quru, həm də dəniz vasitəsilə geoiqtisadi baxımdan daha əlverişli imkanlarını möhkəmləndirməli və birgə səylərini daha da genişləndirməlidirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Xəzər hövzəsi ölkələrin beyin mərkəzlərinin əməkdaşlıq perspektivləri" mövzusunda cıxış edərək, Xəzəryanı ölkələrin birgə səylərin artırılmasında beyin mərkəzlərinin yaradılması ətrafında fəaliyyətin gücləndirilməsini təklif edib.
Həmçinin bildirib ki, iqtisadi təşəbbüslərin sistemli və effektli nəticələnməsi üçün beyin mərkəzlərinin rolu müstəsna xarakter daşıya bilər.
Milli Məclisin deputatı, professor Hikmət Məmmədov "Xəzər dənizi yeni enerji və nəqliyyat-kommunikasiya dəhlizi kimi" mövzusunda cıxış edərək Xəzərin nəqliyyat-kommunikasiya dəhlizi ətrafında real vəziyyət və Xəzəryanı dövlətlərin əməkdaşlıq perspektivlərindən, qarşılıqlı fayda gətirən iqtisadi əməkdaşlığın bütün region ölkələri üçün səmərəliliyinin artırılmasının əhəmiyyətindən bəhs edib. Millət vəkili əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Xəzərin qlobal və regional əhəmiyyətli enerji layihələri ətrafında sabit inkişaf strategiyasının bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
"BP-Azərbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Xəzər dənizində neft-qaz layihələri" mövzusunda çıxış edərək, Xəzər hövzəsinin neft-qaz layihələrinin dünya miqyasında artan əhəmiyyətinə diqqət çəkib, mövcud zəmində xəzəryanı ölkələrin qarşılıqlı fayda verəcək regional və qlobal əhəmiyyətli əməkdaşlığınn gücləndirilməsindən bəhs edib. O, həmçinin, Xəzər hövzəsi neft-qaz layihələrinin XXI əsrdə ən iqtisadi səmərəli və strateji enerji layihələrindən olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə "Xəzəryanı ölkələrdə elmi-innovativ əməkdaşlığın davamlı inkişafının əsasları" mövzusunda dəyirmi masanın aktuallığına diqqəti çəkərək, bildirib ki, Xəzəryanı ölkələr elmi-innovativ və humanitar əməkdaşlığı da artırmalıdırlar. Belə əməkdaşlığın həm də, regional iqtisadi və qlobal əhəmiyyətli layihələrə müsbət təsir göstərdiyini bildirən professor, gələcək elmi strateji perspektivlərin vacibliyindən danışıb.
Siyasi ekspert Rəfail Becanov "Xəzər regionunda inteqrasiya və regional əməkdaşlıq" mövzusunda inteqrasiya və əməkdaşlıq ətrafında həyata keçirilən layihələrin həm də regional təhlükəsizlik və sabit əməkdaşlığa böyük dəstək olduğunu qeyd etdi. O, enerji təhlükəsizliyinin davamlı təmin edilməsi istiqamətində hərtərəfli və çoxpilləli əməkdaşlıq formalarının axtarışlarının daim gücləndirilməsi vacibliyini vurğulayıb.
Fəlsəfə doktoru, ekspert Hüseyn İbrahimov "Xəzər regionu: Beynəlxalq iqtisadi və mədəni maraqlar" mövzusunda çıxış edərək, Xəzər regionu və bu zəmində iqtisadi-mədəni maraqların əlaqələndirilməsi məsələlərindən bəhs edib, mövcud mədəni əlaqələrin daha da gücləndirilməsinin iqtisadi əməkdaşlıqda oynayacağı roluna diqqəti çəkib.
"Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı "Xəzər hövzəsi və informasiya təhlükəsizliyi" kontekstində Xəzərətrafı ölkələrin media qurumlarının əməkdaşlığının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda çıxışlar ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə "Trend" İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Arzu Nağıyev, iqtisadçı ekspert Vüqar Bayramov, "Azpress.az" İnformasiya Agentliyinin rəhbəri Rasim Sadıxov, "Bakı-Xəbər" qəzetinin təsisçisi, siyasi şərhçi Aydın Quliyev və BMAM-ın eksperti Ramin Səmədov çıxış ediblər.
banner

Oxşar Xəbərlər