• çərşənbə, 24 Aprel, 21:22
  • Baku Bakı 23°C

Bakıda göydələnlərin tikilməsi məhdudlaşdırılmalıdır

27.12.13 09:44 1839
Bakıda göydələnlərin tikilməsi məhdudlaşdırılmalıdır
Ölkə prezidenti “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib ki, “bundan sonra Bakı şəhərində göydələnlərin tikilməsi məhdudlaşdırılmalı, ictimai maraqlara cavab verən zonaların inşası genişləndirilməlidir”.
Prezidentin fikrincə, bundan sonra Bakıda çoxmərtəbəli bina tikmək istəyən özəl şirkətlər şəhərin mərkəzində və ətrafındakı gecəqonduların sahibləri ilə anlaşaraq, halallıq yolu ilə o əraziləri satın almalıdırlar.
Prezident sahibkarlara tikinti yerini göstərib
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov heç olmasa bundan sonra mərkəzdə hündürmərtəbəli binaların tikilməsinin qarşısının alınacağına ümid etdiyini dedi: “Heydər Əliyev Sarayından Milli Dram Teatrına qədər olan yaşayış binalarının, dənizkənarı ərazidəki obyektlərin yerində park salınması prezidentin dediyi kimi ictimai maraqlara cavab verən zonaların inşasısa misal ola bilər. Hesab edirəm ki, bu iş şəhərin mərkəzində davam etməlidir. Bu həm şəhərin mərkəzi hissəsində kommunikasiya yükünü azaldacaq, həm paytaxtı daha da gözəlləşdirəcək, yaşıllıq artacaq. Bu baxımdan prezidentin toxunduğu məsələ alqışlanmalıdır”.
Prezidentin “gecəqondu”larla bağlı fikrinə gəlincə, S.Məmmədovun sözlərinə görə, ölkə başçısı bununla sahibkarlara tikililərin ucaldılmalı olduğu yeri də göstərib: “Şəhərin mərkəzi hisslərində belə zonalar qalmaqdadır. İnsanlar bu yerləri qanuni yaxud qeyri-qanuni, hər halda ehtiyacdan tikiblər. Baxmayaraq ki, sənədləri belə yoxdur. Bu insanlarla dil tapıb danışmaq, halallaşıb biznes mərkəzləri, müasir yaşayış binaları tikmək olar. Prezidentin işlətdiyi “hallaşmaq” sözünün həm də hüquqi mənası var. Hüquqi mənası qanunvericiliklə belə müəyyən olunub ki, bazar qiymətlərinə müvafiq olaraq həmin adamlara ədalətli kompensasiya verilməlidir”.
Sahibkarlar bu çağırışı qulaqardına vurmasalar …
Sosial Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynov tikililərlə bağlı məsələlərin ölkə prezidentinin çıxışlarından sonra aktuallaşdığını qeyd etdi: “Çox istərdim ki, bu cür məsələlərə Prezident müdaxilə etmədən problemlər həllini tapsın. Şəhərsalma ilə bağlı Bakıda çox ciddi problemlər var. Nə qədər ki, Bakının baş planı ilə bağlı məsələlər həllini tapmayıb istənilən şirkət istənilən sövdələşmə ilə yer alıb şəhərdə hündür mərtəbəli bina tikə bilər”.
Vaxtilə Bakının infrastrukturunun 2.5 milyon insan üçün nəzərdə tutulduğunu xatırladan müsahibimiz kanalizasiya sistemlərinin, su təchizatı sistemlərinin də əhali sayına uyğun olduğunu dedi: “Bakının birdən-birə bu qədər binalarla yüklənməsi şəhərin infrastrukturunda problem yaratdı. Bu baxımdan Bakıda hündürmərtəbəli binaların tikintisi məhdudlaşdırılsa, çox gözəl olar”.
İ.Hüseynovun sözlərinə görə, ölkə prezidenti sakinlərə ədalətli kompensasiya verməyən sahibkarlara mesaj göndərib: “İnsanları illərdir yaşadıqları yerlərdən köçürərkən onlara ədalətli kompensasiya verilməlidir ki, rahatlıqla köçə, özlərinə yenidən ev qura bilsinlər. Pulu bina tikintisindən külli miqdarda pul qazanan özəl şirkətlər verməlidirlər. Hesab edirəm ki, prezidentin çağırışı özəl şirkət nümayəndələri tərəfindən “qulaqardına” vurulmayacaqsa, bundan vətəndaşlar qazanacaq, bu, xalqın xeyrinə olacaq. Əgər özəl şirkətlər bu çağırışı qulaqardına vuracaqlarsa, onlar cəzalandırılmalı və sadə insanların məhkəmə hüquqları tanınmalıdır”.
Prezidentin çıxışı məsuliyyət yaradır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin olaylar.az-a verdiyi məlumata görə, şəhərin mərkəzində göydələnlərin tikilməsinin məhdudlaşdırılması məsələsini ölkə başçısı hələ bir neçə il əvvəl Nazirlər Kabinetinin iclasında da qeyd edib: “Həmin vaxtdan bəri xeyli iş görülüb. Bakının müfəssəl planı hazırlananda da bu məsələ əsas götürülüb. Ölkə başçısı bildirdi ki, şəhərin mərkəzi hissəsində tarixən formalaşmış mədəni memarlıq və mədəniyyət abidələri qorunmaqla o mühit saxlanılsın. Eyni zamanda bu məsələ də müfəssəl plan işlənəndə nəzərə alınıb. Bəzən hansısa bir iş adamı layihəsini ekspertizadan keçirmədən, icra hakimiyyətinə təqdim etmədən, razılıq almadan çoxmərtəbəli binanın tikintisinə başlayır. Bunlar yolverilməzdir. Amma bunların icrasına biz tərəfdən yalnız monitorinq aparıldıqdan sonra aydınlıq gətirilə bilər. Əks halda biz bundan xəbər tutmaya bilərik. Çünki ola bilsin ki, icra hakimiyyətində bütün sənədlər təqdim olunub və ekspertizadan keçib. Cənab prezidentin tikililərin salınması zamanı dəfələrlə şəhərsalama konsepsiyasının əsas götürülməsini vurğulaması bizim fəaliyyətimizi də dəstəkləmək kimi olur. Eyni zamanda bu sahədə çalışan insanların məsuliyyətini yüksəlməsinə səbəb olur".
Lalə
banner

Oxşar Xəbərlər