• şənbə, 20 Aprel, 07:08
  • Baku Bakı 14°C

Bakıda faşizm üzərində qələbəyə həsr olunmuş beynəlxalq konfrans keçirilib

12.10.17 11:40 1522
Bakıda faşizm üzərində qələbəyə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Bakıda "Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.
APA-nın xəbərinə görə, konfrans İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Azərbaycan Veteranlar Təşkilatı, "Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda 19 ölkədən qonaqlar, Azərbaycanın dövlət nümayəndələri, millət vəkilləri iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, Azərbaycan İkinci Dünya Müharibəsində faşizm üzərində qələbəyə mühüm töhfələr verib: "Azərbaycan bütün potensialı ilə müharibəyə qatılmışdı. Müharibədə Azərbaycandan 600 mindən çox insan iştirak edib. Onlardan 320 min nəfəri həlak olub. On minlərlə soydaşımız yaralanıb, minlərlə həmyerlimiz itkin düşüb”.
C. Xəlilov deyib ki, Azərbaycandan xeyli sayda hərbçi Sovet İttifaqı Qəhrəmanı adı alıb.
Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, alman faşizmi üzərində böyük qələbədə Azərbaycan xalqının danılmaz payı var.
Ə. Mehdiyevin sözlərinə görə, bəzi saxtakar tarixçilər Azərbaycan xalqının faşizmə qarşı mübarizədə rolunu təhrif etmək istəyirlər: "Xalqımız cəbhəyə yalnız neft göndərməyib, eyni zamanda 600 min vətəndaşımız faşizmə qarşı mübarizədə fəal iştirak edib. Onların da yarısı həlak olub. O vaxt Azərbaycanın əhalisi 3,4 milyon nəfər idi. Bu isə o deməkdir ki, hər 5 vətəndaşdan biri döyüşürdü”.
Ə. Mehdiyev Azərbaycanda Böyük Vətən Müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə dövlət tərəfindən lazımi diqqət və qayğının göstərildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
"Ermənistanda faşistlərə yardım göstərən nasist Nijdeyə abidə qoyulub. Hətta bu abidənin açılış mərasimində Ermənistan prezidenti də iştirak edib. Regional "SS”-in yaradıcısı, xəyanətkar biri indi Ermənistanda milli qəhrəmana çevrilib. Təbii ki, bu hal bir çox ölkənin etirazına səbəb olub. Ermənistanda nasist ideologiyası təbliğ edilir. 25 ildir, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistanın işğalı altındadır. Erməni təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın faşist ideologiyasını yayması nəinki region, bütün dünya üçün təhdiddir. Bu məsələdə dəqiq və qəti mövqeyimiz olmalıdır”, - deyə Ə. Mehdiyev vurğulayıb.
Konfrans çıxışlarla davam etdirilib.
banner

Oxşar Xəbərlər