• şənbə, 20 Aprel, 03:52
  • Baku Bakı 15°C

Bakıda “Ərəbşünaslıq mərkəzi” açılıb

11.07.19 19:00 4092
Bakıda “Ərəbşünaslıq mərkəzi” açılıb
Bakı Avrasiya Universitetində (BAU) "Ərəbşünaslıq mərkəzi” açılıb.
AZƏRTACxəbər verir ki, tədbir BAU ilə Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin əməkdaşlığı çərçivəsində baş tutub.
Universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova bildirib ki, mərkəzin təsis edilməsi ilə bağlı müqavilə 2019-cu ilin fevralında imzalanıb. Mərkəzdə təşkil ediləcək kursda dərs almaq üçün 80 tələbə yeri müəyyən edilsə də, müraciətlərin sayı 200-ü ötüb.
Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin baş katibi doktor Abdullah əl-Vəşmi bildirib ki, ərəb dili mədəniyyətlər arasında dialoqun qurulmasında mühüm rola malikdir. BAU ilə əməkdaşlıq çərçivəsində mərkəzdə kursların təşkili, tədris materiallarının çapı və tərcüməsi sahəsində işlər görüləcək. Həmçinin mərkəzin nəzdindəki kurslarda yaxşı fərqlənən bir neçə tələbə Ciddədə yerləşən Kral Əbdüləziz Universitetində 7-10 günlük kursa dəvət olunacaq.
Daha sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdullah bin Xudeyr çıxış edib. Səfir mərkəzin ərəb dilinin tədris və tədqiqatı sahəsində uğurlu fəaliyyət göstərəcəyinə inandığını ifadə edib.
Diplomat bildirib ki, mərkəzin fəaliyyəti yalnız Azərbaycanı deyil, Mərkəzi Asiya ölkələrini də əhatə edəcək.
Açılışdan sonra "Azərbaycan və Mərkəzi Asiyada ərəb dili” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə, həmçinin Küveyt dövlətinin səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi, Birləşmiş Ərəb Əmirliklərinin səfiri Məhəmməd Hamil əl-Qubeysi, Azərbaycan və Orta Asiya universitetlərinin tanınmış ərəbşünasları, alimlər, tələbələr iştirak ediblər.
KonfransdaAZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyevin "Ərəb dilinin tədrisində KİV-in rolu.AZƏRTAC-ın nümunəsində” mövzusunda məruzəsi maraqla dinlənilib. Məruzədə bölmənin yarandığı vaxtdan bəri gördüyü işlərdən bəhs edilib, ərəbdilli oxucuları ölkəmiz barədə məlumatlandırmaqla yanaşı, gənc azərbaycanlı ərəbşünasların dil biliklərinin inkişafına, onların yeni terminlərlə tanış edilməsinə töhfə verdiyi qeyd edilib.
İki gün davam edəcək konfransda ölkəmizdə və Orta Asiya respublikalarında ərəb dilinin tədrisi məsələləri barədə müzakirələr dinləniləcək.
banner

Oxşar Xəbərlər