• çərşənbə axşamı, 16 aprel, 23:14
  • Baku Bakı 18°C

Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransı keçiriləcək

18.08.16 13:58 891
Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransı keçiriləcək
Avqustun 29-da Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) "Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı keçiriləcək.

"APA-Economics”in məlumatına görə, konfransda əsas diqqət Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlərə yönəldiləcək və bu mövzu ətrafında müzakirələr aparılacaq.

Müzakirə olunacaq mövzular arasında son zamanlar neftin ucuzlaşması və ucuz neft fonunda Xəzər regionunun Avropa və dünya bazarlarında əsas enerji tədarükçüsü olaraq qalması, neft və təbii qazın qiymət dinamikası və gözləntilər, Xəzər regionunun zəngin neft və qaz ehtiyatlarının kəşfiyyatı, regionda ucuz enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələrinin inkişafı perspektivləri, regional enerji təhlükəsizliyi mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, konfransda neft iqtisadiyyatı, enerji geosiyasəti, enerji bazarları və onların tənzimlənməsi, qaz təchizatı və nəqliyyat problemləri, regional enerji bazarları, davamlı inkişaf üçün enerji siyasəti, enerji qənaətli tələbi iqtisadi artım, elektrik enerjisi sahəsində iş birliyi, enerji səmərəliliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlər də müzakirə olunacaq.

3 gün davam edəcək konfransda Enerji İqtisadiyyatları Beynəlxalq Təşkilatının sədri, Türkiyənin Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu, Azərbaycanın energetika naziriNatiq Əliyev, Qaz İxracatçısı Ölkələri Forumunun (GECF) baş katibi Mohammad Hossein Adeli, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Halil Ibrahim Akça, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin çıxış edəcəyi gözlənilir.

Konfrans avqustun 31-dək davam edəcək.

Qeyd edək ki,APAİnformasiya Agentliyi Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransının media sponsorlarından biridir.
banner

Oxşar Xəbərlər