• cümə, 19 Aprel, 03:53
  • Baku Bakı 18°C

Bakıda “Əfqanıstan 2014-cü ildən sonra” mövzusunda sessiya başlayıb

01.07.13 10:11 1308
Bakıda “Əfqanıstan 2014-cü ildən sonra” mövzusunda sessiya başlayıb
Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NİSA) 10-cu yay sessiyası açılıb. APA-nın məlumatına görə, bu il sessiya “Əfqanıstan 2014-cü ildən sonra” mövzusuna həsr olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik departamentinin rəhbəri Qaya Məmmədov Azərbaycanın Əfqanıstanda sülh və stabilliyin bərqərar olmasına, həmçinin İstanbul prosesinə verdiyi töhfədən danışıb. O qeyd edib ki, Azərbaycan Əfqanıstanla aktiv əməkdaşlıq edir və dialoq qurur. “Biz bu ölkədə mövcud investisiya fəaliyyətimizi daha da genişləndirmək istəyirik”. Qaya Məmmədov bildirib ki, Azərbaycan narkotiklərə qarşı mübarizədə və regional infrastrukturun inkişafında Əfqanıstana kömək edir: “Əfqanıstanda stabillik – regional təhlükəsizlik məsələsidir”.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu bildirib ki, Əfqanıstan mövzusu NATO üçün mühüm əhəmiyyət kəsb edir: “Alyans Azərbaycanın İSAF sülhməramlı kontingentinə verdiyi töhfəni, tranzit imkanlarını və stabilliyin inkişafında maliyyə baxımından oynadığı rolu yüksək qiymətləndirir. Azərbaycan 2014-cü ildə NATO-nun Əfqanıstandakı yeni missiyasında iştirakını bəyan edən ilk dövlətlərdəndir”.
NİSA-nın direktoru Hüseyn Pənahovun sözlərinə görə, yay sessiyasında Əfqanıstanın 2014-cü ildən sonra qarşılaşa biləcəyi problemlər, ölkənin gələcək inkişafı üçün yaranacaq imkanlar, regional və beynəlxalq əməkdaşlıq strategiyaları müzakirə olunacaq.
Tədbirdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Əfqanıstan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadan 40-a yaxın tələbə, gənc alim iştirak edir. Sessiyada mövzu ətrafında ixtisaslaşmış və tanınmış yerli və xarici ekspertlər, habelə dövlət və beynəlxalq təşkilat nümayəndələri məruzəçi qismində çıxış edəcəklər.
2003-cü ildən fəaliyyət göstərən NISA-nın məqsədi Avro-Atlantik məkan və onun hüdudlarından kənarda yerləşən NATO üzv və tərəfdaş dövlətlərin gənc elmi tədqiqatçıları, müstəqil ekspertləri və habelə, hərbi və mülki nümayəndələri arasında əməkdaşlıq şəbəkəsinin qurulması, təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, çağdaş təhdidlərin müzakirəsi və birgə səylərlə, onların həlli yollarının araşdırılmasından ibarətdir.
Sessiya iyulun 6-də yekunlaşacaq.
banner

Oxşar Xəbərlər