• cümə, 26 Aprel, 22:52
  • Baku Bakı 22°C

Bakıda “Dəniz Kuboku-2017” adlı beynəlxalq yarışın açılış mərasimi keçirilib

01.08.17 20:18 1722
Bakıda “Dəniz Kuboku-2017” adlı beynəlxalq yarışın açılış mərasimi keçirilib
Dənizkənarı Milli Parkda (Saat qülləsinin qarşısında) "Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, "Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində avqustun 1-dən 11-dək Bakıda keçiriləcək "Dəniz Kuboku – 2017”nin açılış mərasimində ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin nümayəndələri iştirak ediblər.

"Dəniz Kuboku – 2017” yarışlarında Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, müşahidəçi qismində isə Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn silahlı qüvvələrinin nümayəndələri iştirak edirlər. "Dəniz Kuboku - 2017”də Azərbaycan Hərbi Dəniz Qüvvələri G-124, G-122 gözətçi gəmiləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyası "Qrad Sviyajsk” kiçik raket, "CB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələri "Peykan” və "Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələri "Qazaxıstan” və "Sarıarka” raket-artilleriya və "Jayık” hidroqrafiya gəmiləri iştirak edəcək. 300-ə yaxın şəxsi heyətin iştirak edəcəyi "Dəniz Kuboku - 2017” yarışları 3 mərhələdə - artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı və dəniz hazırlığı üzrə keçiriləcək.

Mərasimdə Azərbaycanla bağlı video-çarx nümayiş olunub, yarışların simvolu olan qayıq meydana daxil olub. "Azərbaycan fanfarası" ilə tədbirin başlandığı elan olunub. Meydanda yarışlara qatılan komandaların keçidi olub, Azərbaycanın dövlət himni oxunub. Sonra "Beynəlxalq Ordu Oyunları - 2017” və "Dəniz Kuboku – 2017” yarışlarının bayraqları qaldırılıb.

Mərasimdə çıxış edən "Dəniz Kuboku – 2017” beynəlxalq yarışları təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov bildirib ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub. Onun sözlərinə görə, Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan "Xəzər-2015” müsabiqəsinin nəticələrinə görə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası 3-cü, "Xəzər-2016” müsabiqəsində isə 2-ci yerə layiq görülüb və "Admiral-480” motorlu qayığı ilə mükafatlandırılıb. İki gün öncə isə III Beynəlxalq Ordu Oyunlarına Moskvanın Alabino poliqonunda start verilib. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri yarışların beş növündə güclərini sınayacaqlar.

N.Osmanov deyib ki, III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən "Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb: "Azərbaycanın Xəzər dənizindəki ərazi sularında iştirakçılar üç mərhələ və altı epizodda yarışacaqlar. Onların Vətənimizdən xoş təəssüratlarla ayrılacağına əminəm. Beynəlxalq Ordu Oyunlarının digər yarışları kimi "Dəniz Kuboku-2017” də iştirakçı ölkələrin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin inkişafına, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmət edəcək".

Açılış mərasimində çıxış edən müdafiə naziriZakir Həsənovisə Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub. Sonra müdafiə naziri "Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarını açıq elan edib.

Qeyd edək ki, iyulun 29-dan avqustun 12-dək 5 ölkə - Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya ərazisində keçiriləcək "Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər. "Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan hərbçiləri "Tank biatlonu”, "Səhra mətbəxi”, "Snayper həddi”, "Artilleriya atəşinin ustaları” və "Dəniz Kuboku – 2017” yarışlarına qatılıblar.

Avqustun 11-də "Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarının təntənəli bağlanış mərasimi keçiriləcək.
banner

Oxşar Xəbərlər