Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Təfsilat
22 May 2019, 14:53 249
İyunun 24-26-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirəcək.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Bu forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.
Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki forumda BMT baş katibinin müavini Lui Zenmin, o cümlədən müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri iştirak edəcəklər.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiri olan bu forum çərçivəsində plenar sessiyalar, 9 fərqli mövzu üzrə seminar və 4 paralel tədbir təşkil olunacaq. Eyni zamanda 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, dövlət agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.
Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, "ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir.