Bakıda beynəlxalq İKT sərgisi başlayıb

Bakıda beynəlxalq İKT sərgisi başlayıb

Siyasət
06 Noyabr 2012, 18:20 1640
Noyabrın 6-da Bakı Sərgi Mərkəzində “BakuTel-2012” XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olmuşlar.

AzərTAc xəbər verir ki, “BakuTel” sərgisi Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahəsində ən böyük tədbirdir. Artıq 18-ci dəfədir baş tutan “BakuTel” sərgisi keçirildiyi illər ərzində telekommunikasiya bazarında mühüm hadisəyə çevrilmişdir. “BakuTel” sərgisinin beynəlxalq nüfuzu BMT, Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi, həmçinin Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunmuşdur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlətimizin başçısının diqqətinə çatdırdı ki, “BakuTel-2012” sərgisində dünyanın 23 ölkəsindən 160 şirkət iştirak edir. Xarici iştirakçıların siyahısına Böyük Britaniya, Rusiya, Türkiyə, Çin, Koreya Respublikası, Malayziya, Litva, İran, Sloveniya, Ukrayna, Belarus və digər ölkələr daxildir. Kollektiv stendlərin fəal iştirakı artıq “BakuTel” sərgisinin ənənəsinə çevrilmişdir. Bu il sərgidə 8 kollektiv ekspozisiya iştirak edir. Onların arasında sərginin daimi iştirakçıları olan Avstriya, İsrail, Kanada, Fransa, Xorvatiya və Estoniyanın milli qrupları vardır. Milli qruplar Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin təmsil olunmuş ölkələrin müvafiq profilli strukturlarının dəstəyi ilə təşkil edilmişdir. Bu stendlərdə ziyarətçilərin diqqətinə təkcə Azərbaycan üçün deyil, həm də bütövlükdə Xəzəryanı region üçün yenilik sayılan maraqlı proqramlar təqdim olunur və İKT üzrə məhsul və xidmətlərin təqdimat mərasimləri keçirilir. Sərginin iştirakçıları portativ mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet kompyuterlər, telekommunikasiya sistemləri üçün müasir test və ölçü avadanlığı, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirirlər.

Bildirildi ki, budəfəki sərginin ekspozisiyası telekommunikasiya və şəbəkələr, genişzolaqlı kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları kimi seqmentləri əhatə edir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış oldu.

Vurğulandı ki, “BakuTel” sərgisində ilk dəfə əhaliyə göstərilən dövlət xidmətlərinin yeni keyfiyyətinin formalaşması, onların identikliyinin təmin olunması, habelə əlavə xərclərin və vaxt itkisinin azaldılması üçün nəzərdə tutulmuş “ASAN” mərkəzləri iştirak edir.

Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi isə öz yeni məhsulları ilə sərgiyə qatılmışdır. Buraya ağ işıq diodları, nanofosforlar və bionanotexnologiyalar daxildir.

Xarici ölkələrin pavilyonları ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu il sərgidə ilk dəfə iştirak edən Sloveniya 8 şirkətlə təmsil olunur.

Prezident İlham Əliyevə bu şirkətlərin məhsulları və onların perspektivləri, o cümlədən Cənub-Şərqi Avropa üzrə “Elektron hökumət”in inkişafı mərkəzinin məqsədləri və layihələri barədə məlumat verildi.

“Bakutel-2012” beynəlxalq sərgisində Avstriyanın şirkətlər qrupu hava hərəkətinin idarə olunması, ictimai təhlükəsizlik və nəqliyyat sistemlərinin istehsalı ilə bağlı məhsullarını təqdim edirlər.

Dövlətimizin başçısına telekommunikasiya və genişzolaqlı internetin inkişafı layihəsi barədə məlumat verildi. Qeyd edildi ki, 2013-2015-ci illəri əhatə edən bu layihə gələcəkdə ölkə üzrə bütün yaşayış məntəqələrinin fiber-optik kabel şəbəkəsi ilə təmin olunmasını, əhali arasında elektron xidmətlərdən istifadənin genişləndirilməsini nəzərdə tutur.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Delta Telekom” MMC-nin fəaliyyətindən bəhs edən pavilyonda oldular. Bildirildi ki, regionun ən iri telekommunikasiya operatorlarından olan “Delta Telekom” rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir. DWDM şəbəkə texnologiyalarında ən yeni nəsil olan ASON/GMPLS əsaslı infrastruktur üzərindən regionun tranzit tutumlarını daşıyan “Delta Telekom” dayanıqlı supermagistrala sahibdir. Qeyd edildi ki, regionun ən iri internet supermagistralı da “Delta Telekom”a məxsusdur.

Bu sərgidə Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkətinin də öz yenilikləri ilə tanış olmaq mümkündür. Şirkət sərgidə mobil telefonlar üçün İçərişəhər ərazisinə aid yeni bələdçi proqramını təqdim edir.

Dövlətimizin başçısı ölkəmizin milli peyk operatoru “Azərkosmos” ASC-nin pavilyonu ilə də yaxından tanış oldu. Bildirildi ki, 2010-cu ildə yaradılan “Azərkosmos” tərəfindən həyata keçirilən birinci layihə “Azerspace” geostasionar əlaqə peykinin buraxılışı və idarə olunmasıdır. Peyk Avropanı, Orta Asiyanı, o cümlədən Afrikanı əhatə edəcəkdir.

Çinin ilk telekommunikasiya avadanlığı istehsalçılarından olan ZTE şirkəti xaricdə bazarlarını genişləndirməyi qarşısına məqsəd qoymuşdur. Hazırda 70 min əməkdaşından 10 mindən çoxunun 107 ölkədə fəaliyyət göstərdiyi şirkət dünyanın 500-dən artıq aparıcı mobil operatoru və kommersiya şirkəti ilə əməkdaşlıq qurmuşdur.

“Azerfon” MMC-nin pavilyonu ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, şirkət 2007-ci ildən fəaliyyət göstərir. “Narmobile” hazırda Azərbaycanın telekommunikasiya bazarının inkişafında mühüm rol oynayır və xidmət sektorunu daha da genişləndirir. İndi bu sıraya təyyarələrdə uçuş vaxtı mobil telefondan yararlanmaq və rabitə xidmətlərindən istifadə etmək imkanlarının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev sistemin ilk istifadəçisi kimi bu xidmət növünün imkanları ilə yaxından tanış oldu.

Sərgi çərçivəsində “Microsoft Windows 8” əməliyyat sistemi sınaqdan keçirilir, “Windows Server 2012” əməliyyat sisteminin üstünlükləri təqdim olunur. Nömrələrin daşınması sahəsində xidmətlər isə mobil rabitə operatorları üçün xüsusilə maraqlıdır. Ölkəmizdə istehsal olunan ilk “Nexus Azpad Android” planşet kompyuteri və Azərbaycan dilində ilk antivirus proqramı da maraqla qarşılanır.

“Azercell” şirkətinin pavilyonu ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 1996-cı ildə yaradılan şirkət ölkənin mobil rabitə sektoruna bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirməkdə davam edir. Prezident İlham Əliyevə şirkətin virtual kart, kommunal ödənişlərin həyata keçirilməsini və bəzi tibbi müayinələrin aparılmasını nəzərdə tutan yeni xidmətləri barədə məlumat verildi.