• şənbə, 20 Aprel, 11:21
  • Baku Bakı 14°C

Bakıda alternativ nəqliyyat növlərinin yaradılması vacibdir - Ekspert

26.08.20 09:39 563
Bakıda alternativ nəqliyyat növlərinin yaradılması vacibdir - Ekspert
Bakıda alternativ nəqliyyat növlərinin yaradılması vacibdir. Bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bu proses həm Bakı və bakıətrafı ərazilərdə ictimai nəqliyyatın yükünü, həm də ekologiyaya dəyən ziyanı azaldır:
"Alternativ ictimai nəqliyyat növlərinin yaradılması ilə bağlı 2018-ci ilin dekabr ayında Prezident İlham Əliev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. Yəni, həmin proqramda tramvay və trolleybus kimi ekoloji təmiz nəqliyyat vasitələrinin yaradılması göstərilib. Bu təcrübənin öyrənilməsi, reallıqlar müzakirə ediləndən sonra həmin nəqliyyat vasitələrinin fəaliyyətə başlaması təqdirəlayiqdir. Təəssüf ki, bu il pandemiya olduğundan bu sahədə ciddi işlər görülmədi. Sadəcə müəyyən açıqlamalar verildi ki, məsələ ilə bağlı təhlillər aparılır. Bütün hallarda tramvay və trolleybuslardan, həmçinin yerüstü metro xətlərindən istifadə bizim üçün çox önəmlidir. Çünki bunun tətbiqi gələcəkdə yollarda nəqliyyat sıxlığını aradan qaldıra bilər. Əks halda bugünkü şəkildə davam etsək, müəyyən müddətdən sonra vəziyyət daha acınacaqlı olacaq. Hazırda Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan "Bakubus" MMC-nin 600 yeni avtobusu fəaliyyətdədir, mərhələli olaraq bu avtobusların gətirilməsi davam etdirilir. Beləliklə, Bakıda avtobus parkındakı avtobusların sayı 2000-dən 2500-ə qədər artırılmalıdır. Amma bu avtobusların hərəkət trayektoriyası və digər məsələlər hələ də açıq qalır".

ƏTRAFLI
Project GLO
E.Muradlı bildirib ki, hazırda Bakı şəhərində metro xətlərinin çəkilməsi ciddi problemdir: "Bakı şəhərində tikinti bumu elə aparılıb ki, bu layihələrin icrası uzunmüddətli vaxt və böyük xərc tələb edir. Metronun stansiyalarının sayını artırmaq çətinləşdiyi bir halda bu layihələrin əvəzinə tramvay və trolleybus xətlərini bərpa etmək olar. Bunun özünü də bir növ yerüstü metro adlandırmaq olar. Bununla bağlı investisiya layihələri işləmək mümkündür. Azərbaycanda tramvay və trolleybus xətləri olub və buna görə də bunun bərpası mümkündür. Düzdür, o vaxtki tramvay və trolleybus yolları saxlanılmayıb. Həmin ərazilərdəki səkilər uzadılıb, yollar daralıb və sair. Amma buna baxmayaraq bu gün bu nəqliyyatı yaratmaq mümkündür və vacibdir. Məsələn bu gün pandemiya dövrüdür, Bakıda metro stansiyaları işləmir və nəticədə marşrut avtobuslarında sıxlıq yaranır. Avtobusların say nisbəti az olduğundan marşrutlar bu yükü çəkə bilmir. Bu cür problemlər ortaya çıxır".
Ekspert həmçinin digər nəqliyyat vasitəsi olan dəniz nəqliyyatının da yaradılmasını vacib sayır: "Bakı şəhərinin özündə, Bakı-Sumqayıt istiqamətində dəniz nəqliyyatının gerçəkləşdirilməsi mümkündür. Hətta Bakıdan Şimal bölgəsinə, Cənub bölgəsinə dəniz nəqliyyatı ilə marşrutların müəyyənləşdirilməsi maraqlı olardı. Bu həm də ölkədə turizmin inkişafına böyük töhvə vermiş olardı. Məsələn, bu gün yollarda daşınan ağır yüklər avtomobil yollarına kifayət qədər ziyan vurur. Amma həmin yüklərin dəniz nəqliyyatı və dəmir yolu xətləri ilə daşınmasını təmin etmək avtomobil yollarına dəyən ziyanın da qarşısını ala bilər. Bu layihələrin gerçəkləşməsi yolların da mühafizəsinə səbəb olacaq. Dünyanın inkişaf etmiş ölkələrində yükdaşımalar əsasən dəniz və dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Bizdə isə təəssüflər olsun ki, yükdaşımaların 70-80 faizi məhz avtomobil yolları ilə daşınır. Bu rəqəm hardasa 50 faizdən artıq aşağı düşməlidir. Dəniz nəqliyyatı ilə həmçinin dənizkənarı ərazilərdə sərnişin daşınması da həyata keçirilə bilər. Hətta pik saatlarda bu proses yollardakı sıxlığın azalmasına da kömək edər. Həmçinin bu turizmin inkişafı üçün də məqsədyönlüdür".
banner

Oxşar Xəbərlər