• cümə axşamı, 18 aprel, 10:54
  • Baku Bakı 12°C

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub - Fotolar

07.07.17 22:09 2341
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub - Fotolar
İyulun 7-də ABŞ-ın Müstəqillik Gününün 241-ci illiyi münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

AZƏRTACxəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Qəbulda çıxış edən səfir Robert Sekuta bildirib ki, müstəqilliyin 241-ci ildönümü ABŞ ilə Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə təsadüf edir. Azərbaycan ilk dəfə müstəqilliyini 1918-ci ildə əldə edib. Xalq Cümhuriyyəti adlanan bu dövlət qadınlara səsvermə hüququ verən ilk respublika olub. Bu, ABŞ-dan daha əvvəl olub və Azərbaycan haqlı olaraq bundan fəxarət duyur.

Səfir vurğulayıb ki, müstəqilliyinin ilk günlərindən ABŞ hər zaman Azərbaycanın yanında olub. "Biz müstəqil, sabit inkişaf edən və demokratik Azərbaycanı hər zaman dəstəkləyəcəyik" – deyə o əlavə edib.

Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və bu il diplomatik münasibətlərimizin qurulmasının 25 illiyi tamam olur. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılmasında kömək etməyə hazır olduğunu bəyan edən məktubu əlaqələrimizin möhkəm tərəfdaşlığa söykəndiyinin göstəricisidir. Azərbaycan bu əlaqələrin qarşılıqlı hörmət və strateji tərəfdaşlıq ruhunda davam etməsinə tərəfdardır. Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Hazırda ölkəmizdə 200 ABŞ şirkəti fəaliyyət göstərir. Birləşmiş Ştatlar Azərbaycanın həyata keçirdiyi transmilli layihələrə hər zaman güclü dəstəyini ifadə edib və bu mövqe heç zaman dəyişməyib.

S.Şərifov qeyd edib ki, beynəlxalq təhlükəsizlik və terrora qarşı mübarizədə də ölkələrimiz arasında güclü ikitərəfli əlaqələr mövcuddur. Xüsusilə Azərbaycan Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak edib və terrora qarşı mübarizədə öz töhfəsini verməyə davam edəcək. Terrora qarşı mübarizə aparan Azərbaycan 25 ildir ki, erməni silahlı qüvvələrinin təcavüzü ilə qarşı-qarşıyadır. Bu, regionda təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. İşğala son qoyulması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması, tarixi sərhədlərin bərpası, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması regionda təhlükəsizliyə və sosial rifaha imkan yaradardı. Ermənistanın təcavüzünün qarşısının alınmaması üç gün əvvəl Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı körpə Zəhra və nənəsi kimi günahsız insanların qətlə yetirilməsinə rəvac verir. Bütün dünya ictimaiyyəti bu qanlı cinayətə obyektiv münasibət bildirməlidir.
Azərbaycanın dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdikləri tədbir ziyafətlə davam edib.




banner

Oxşar Xəbərlər