• şənbə, 20 Aprel, 16:41
  • Baku Bakı 23°C

Bakı yarışlara tam hazırdır

12.02.15 09:38 1313
Bakı yarışlara tam hazırdır
Rusiyanın nüfuzlu “Championat.com” idman saytında “Min bir gecə. Bakı Avropa Oyunlarına necə hazırlaşır?” başlıqlı məqalə dərc olunub
Azərbaycanın paytaxtı Bakıda keçiriləcək birinci Avropa Oyunları dünya mediasının diqqət mərkəzindədir. Rus mətbuatı da Bakıda keçiriləcək Avropa Oyunlarına böyük maraq göstərir. Rusiyanın nüfuzlu “Championat.com” idman saytında yazar Mixail Çesalinin “Min bir gecə. Bakı Avropa Oyunlarına necə hazırlaşır?” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, Avropa Olimpiya Komitəsi 2012-ci ilin dekabrında ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib: “Avropa Oyunları 2015-ci il iyunun 12-dən iyunun 28-nə kimi davam edəcək. Bakı böyük idman hadisəsinə təxminən iki ilyarım - “min bir gecə” müddətində hazırlaşıb. Azərbaycanlılar qısa vaxt ərzində Bakını Avropanın əsas idman mərkəzinə necə çevirmələri haqqında bütün dünyaya danışmalıdırlar. Avropa Olimpiya Komitəsinin və azərbaycanlıların qarşısında çox çətin vəzifə dururdu. Bəzi tənqidçilər Bakının oyunlara vaxtında hazırlaşa bilməyəcəyini düşünürdü. Lakin oyunların başlamasına təxminən 6 ay qalmasına baxmayaraq, artıq Bakı yarışlara tam hazırdır”.
Yazar qeyd edir ki, keçən həftə Avropa Olimpiya Komitəsinin üzvləri Bakıya beşinci - axrıncı dəfə səfər ediblər və əmin olublar ki, Bakı Oyunlara vaxtında hazırlaşa biləcək: “Bakıda görülən işlər nümayəndə heyətinin üzvlərini tam razı salıb. Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki mətbuat konfransında bildirib ki, olimpiya komitəsinin son səfəri Bakının böyük idman tədbirini qəbul etməyə hazır olduğunu təsiqləyib”.
Müəllif vurğulayır ki, birinci Avropa Oyunlarının başlanmasına az müddət qalıb və Azərbaycan rəhbərliyi Oyunların qitədə dostluğa töhfə verəcəyi fikrindədir: “Qeyd edək ki, Avropa Oyunlarında Ermənistan idmançıları da mübarizə aparacaq. Dövlətlər arasında olan münasibətlər Avropa Oyunlarına heç bir təsir göstərməyəcək. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının qitədə dostluq rəmzi və idman bayramı olması üçün əllərindən gələni edəcəklərini bildirib”.
Mixail Çesalin qeyd edir ki, əgər siz Bakıda Avropa Oyunlarının keçirilməsi haqqında məlumatlı deyilsinizsə, onda Azərbaycana səfərinizin ilk 5 dəqiqəsindəcə burada böyük bir tədbirin keçiriləcəyini təxmin edə bilərsiniz: “Qonaqlar Oyunların rəsmi rəmzi ilə aeroportda qarşılaşırlar. Avtobuslarda və taksilərdə də Oyunların simvolu ilə rastlaşmaq olar. Qeyd edək ki, Bakıya Böyük Britaniyadan bənövşəyi rəngdə yüzlərlə taksi gətirilib. “Alov qülləri”nin görünüşü də Bakıda böyük bir tədbirin keçiriləcəyini xatırladır”.
Məqalədə Avropa Olimpiya Komitəsinin üzvü Spiros Kapralosun Bakının Oyunlara hazırlıq tempindən razı olduğu bildirilir: “Avropa Oyunlarına hazırlıqlar son mərhələdədir və narahatlığa heç bir səbəb yoxdur. Bakıda keçiriləcək ilk Avropa Oyunları yeni idman ənənəsinin başlanğıcı olacaq. Mən iyun ayında baş tutacaq Oyunların açılış mərasimini səbirsizliklə gözləyirəm”.
Müəllif vurğulayır ki, Bakının əsas rəmzi yenilənmiş infrastrukturu və idman kompleksləridir: “Şəhərdə doğrudan da böyük işlər görülüb. Hazırda Bakıda tikinti kranları ilə rastlaşmaq olar. “Milli stadion” oyunların açılışı üçün hazırdır, su idman növlərinin keçiriləcəyi kompleksdə 50 metrlik hovuz hazırlanıb və su ilə doldurulub. Yenilənmiş Heydər Əliyev adına kompleks də artıq atletləri və azarkeşləri qəbul eləməyə hazırdır”.
Məqalədə “Bakı-2015”-in icraçı direktoru Saymon Kleqin Oyunlara hazırlıqla bağlı Avropa Olimpiya Komitəsinin iclasında çıxışına da yer verilib: “Bakı Avropa Oyunlarına hazırlıqları başa vurmaq üzrədir. Avropa Olimpiya Komitəsi nümayəndə heyətinin səfəri Bakıda yerinə yetirilmiş layihələri görmək üçün əla fürsətdir. Biz Oyunların Azərbaycan üçün tarixi hadisə olması üçün əlimizdən gələni edəcəyik. Mən inanıram ki, biz hər şeyi yüksək səviyyədə, dünya standartlarına uyğun həyata keçirəcəyik. Azərbaycanı son qonaq tərk edənə kimi hər şey nəzarətimiz altında olacaq”.
Yazar sonda qeyd edir ki, ilk Avropa Oyunlarına hazırlıqlar başa çatmaq üzrədir və azərbaycanlıların qonaqpərvliyi də bütün dünyaya məlumdur.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər