• cümə axşamı, 28 mart, 16:08
  • Baku Bakı 16°C

Bakı Uşaq Teatrının adı dəyişdirildi

28.01.20 10:00 3095
Bakı Uşaq Teatrının adı dəyişdirildi
Kollektiv bundan sonra gənclərə də xitab edəcək
19 ildir ki, Bakı Uşaq Teatrı rəngarəng tamaşaları ilə uşaqları, yeniyetmələri, gəncləri maarifləndirmək missiyasını yerinə yetirir. Teatrın qarşısına qoyduğu əsas məqsədlərdən biri də gələcəkdə cəmiyyətə yararlı övladlar yetişdirməkdir. Bu 19 il ərzində teatr məqsədinin müəyyən hissəsinə nail olub. Belə ki, teatrın direktoru, əməkdar artist İntiqam Soltan düşünür ki, cəmiyyətə yararlı övlad yetişdirmək istəyiriksə, ilk növbədə dəyişikliyi uşaqlardan deyil, onları yetişdirən valideynlərdən başlamalıyıq. Əgər valideyn maariflənərsə və düzgün tərbiyə metodikasını mənimsəyərsə, o zaman cəmiyyətə yararlı övlad yetişdirə bilər.
Məhz bunu nəzərə alaraq, teatrın direktoru zaman-zaman repertuara yeniyetmə və gəncləri də əhatə edən tərbiyəvi əhəmiyyətə malik tamaşalar da salmağa çalışdı. Ancaq onun bu addımı heç də birmənalı qarşılanmadı. Dövrü mətbuatda "Bakı Uşaq Teatrı hara, "16 +” tamaşa hara?” - deyə suallar və tənqidlər özünü göstərdi. Nəhayət, 2020-ci ildə teatrın əldə etdiyi ilk nailiyyət adının dəyişdirilməsi oldu. Belə ki, Bakı Uşaq Teatrının adına "gənclər” sözü əlavə olundu. Bundan sonra uşaqların zövqünü oxşayan teatrın kollektivi Bakı Uşaq və Gənclər Teatrı olaraq fəaliyyət göstərəcək. Uşaq Teatrı böyüyərək gənclərə və yeniyetmələrə xitab edəcək. Biz də teatrın direktoru ilə əlaqə saxladıq.
İ.Soltan bizimlə söhbətində bildirdi ki, hər şey ilkin təməldən başlayır, onlar da təməlin əsasını qoymaq üçün dəyişikliyi addan başlamağı zəruri hesab ediblər: "Hər yaş dövründə insanların maariflənməyə ehtiyacı var. Belə ki, hər kəs başladığı işdə bir uşaqdır. Bizim əsas məqsədimiz insanları, xüsusən də uşaqları, yeniyetmələri düzgün yola istiqamətləndirməkdən ibarətdir. Amma Uşaq Teatrı olaraq bəzi çətinliklərlə üzləşirdik. Çünki Uşaq Teatrı adı altında müxtəlif yaşlarda olan insanlar üçün hazırladığımız tamaşaların təqdimatını ürəklə edə bilmirdik. Misal üçün, bizim narkomaniya ilə bağlı olan tamaşamıza valideyn 3-5 yaşında uşağı ilə gəlirdi. Valideynə sual edəndə ki narkomaniya ilə bağlı tamaşaya niyə uşaq gətirmirsiniz, cavab olaraq bildirirdi ki, Bakı Uşaq Teatrına gəlirəmsə, uşaq gətirməliyəm. Əslində, valideyn də hardasa haqlıdır. Bizdə bir az tənbəllik var, yəni hər hansı tamaşanı izləməyə gedəndə, afişanı oxumuruq. Oxuyanda da, axıra kimi oxumuruq. Axı afişada qeyd olunub ki, tamaşa böyüklər üçün nəzərdə tutulub. Biz də Bakı Uşaq Teatrı olaraq repertuarımızı, tamaşaçı əhatəmizi genişləndirmək məqsədi ilə bu qərarı verdik”.
Rejissor teatrın aktyorlarının uzun müddət yalnız uşaq tamaşaları ilə işlədikdən sonra müəyyən qəlibə düşdüklərini bildirir: "Aktyor hərtərəfli yetişməlidir. Peşəkar aktyor nə vaxta qədər teatrda it, pişik rollarını oynamalıdır? O özünü digər mövzulu tamaşalarda da sınamaq haqqına sahibdir. Teatrımızın aktyorları sabah hər hansı kino və serial çəkilişinə getsə, digərlərindən fərqlənməyəcək. Biz də həm aktyorlarımızı inkişaf etdirmək, həm də teatrın repertuarını genişləndirmək üçün belə bir addım atdıq. Buna görə də Bakı şəhər Mədəniyyət Baş İdarəsinə, daha sonra Mədəniyyət Nazirliyinə müraciət etdik. Onlar da bizim müraciətimizə biganə qalmadılar. Biz nazirliyə adımızı "Uşaq və Gənclər Teatrı” kimi təqdim etmişdik. Ancaq cənab nazir Əbülfəs Qarayev "Bakı Uşaq və Gənclər Teatrı” kimi təklif etdi”.
Teatrın direktoru hər bir teatrın özünün auditoriyasının olduğunu bildirir: "Uşaq və Gənclər Teatrının öz tamaşaçısı var. Bakı Uşaq Teatrı olaraq özümüzü təqdim etdikdə, insanlar düşünürdülər ki, burda ancaq uşaqlar işləyir. "Gənclər” sözünün əlavə olunması bir tərəfdən də yaradıcılıq yükümüzü ağırlaşdırdı. Missiyamızı daha ətraflı şəkildə yerinə yetirmiş olacağıq. Ötən il "Boş məkanın dolğunluğu-2” festivalında özünü jurnalist hesab edən bir nəfər Bakı Uşaq Teatrının böyüklər üçün tamaşa hazırladığını və məhz bunun üçün teatrın bağlanmasını təklif etmişdi. Onlar deyirdilər ki, Bakı Uşaq Teatrı uşaqlara aid deyil. Hansı ki, biz afişalarda nümayiş etdirdiyimiz tamaşaların üzərində hansı təbəqə üçün olduğunu qeyd edirdik”.
7 ildir ki, Qaraçuxurda yerləşən Mədəniyyət Evində müvəqqəti yerləşdirilən teatrın binasına gəlincə isə, İ.Soltan bildirir ki, teatrın yeni bina ilə təmin olunması ilə bağlı hər gün yeni bir vəd verilir: "Söz verənlərin sayı günü-gündən çoxalır. Eyni sözü nə qədər demək olar? Hər kəs bilir
ki, teatrımızın binası yoxdur. Güman edirəm ki, yaxşı olacaq, nə olursa-olsun, baş verən hər bir hadisə xeyirliyə doğrudur”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər