AZE | RUS | ENG |

Bakı Uşaq Teatrı kimi müqəssir bildi?

Bakı Uşaq Teatrı kimi müqəssir bildi?
Ax bu qadınlar, qadınlar… Vallah, qadın olmağın özü bir ayrıcalıqdır. Kişilər bunu hər nə qədər dansa da bu məsələ Adəm və Həvva yaranandan müzakirə obyektinə çevrilib.
Nə isə, iyunun 12-də Bakı Uşaq Teatrı bizi "Kimdir müqəssir?” tamaşasının premyerasına yığdı. Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi, Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşada rejissor qadınları elə hala saldı ki, öz gücümüzə bir müddət şübhə etdiyimə peşman belə oldum. Biz qadınlar ki varıq, "Bəyin oğurlanması” filmində Səməndər Rzayevin kino ilə bağlı səsləndirdiyi fikrindəki kimi həm qəliz həm də vacib məsələlərdənik. Düzdür, qadın anadır, qadın bacıdır, qadın nəsil artıran, gələcəyin qurucularını yetişdirən və sair və ilaxır olan bir varlıqdır. Elşən Zeynallı Məlahət Əhmədin ifasında bizə elə bir qadın təqdim etdi ki, onların hərdən şeytan olduğunu bizə xatırlatdı. Ancaq rejissorun kişi olduğunu nəzərə alıb, qadınları niyə bu qədər zalım şəkildə təqdim etməyini də anlayıram. Bakı Uşaq Teatrının aktyoru Niyaz İlyasoğlunu mələk edib, bizə ideal kişi təqdim etməyə çalışan rejissor tamaşaya xüsusi mizanlar əlavə  edərək, onu müasirləşdirməyə can atıb.  
 
Deyingən qadın və səbrli kişi
Öz binası və tamaşa nümayiş etdirmək üçün münasib səhnəsi olmayan Bakı Uşaq Teatrı premyerasını Gənc Tamaşaçılar Teatrında gerçəkləşdirdiyi "Kimdir müəqssir?” tamaşası qadınla kişinin  mübahisəsi ilə başlayır. Əlində balta ilə Bahara hədə-qorxu gələn Mahmud xanımı ilə mübahisə edir, qadın isə heç də bu məsələdə kişidən geri qalmır. Əlində oraq tutan xanım kişiyə meydan oxuyur. Nəticədə onlar aralarında dava edir və bir-birlərini öldürürlər. O biri dünyaya gedən ər arvad  yaradanın qarşısında cavab vermək məcburiyyətində qalırlar. Mübahisə yenidən yaranır. 
Mahmud  onları ölümə sövq edən hadisəni olduğu kimi danışır. Hadisələr də bundan sonra başlayır.  Kasıb bir komada yaşayan ər-arvad işlərinin çoxluğundan şikayət edirlər. Çox adi səbəblərdən dava edən bu cütlüyün günü yaxşı keçməsə də bir-birlərinə olan sevgiləri öz işartılarını verir. Rejissor hazırladığı tamaşada qadınları geyim düşkünü, əllərinə düşən pulu paltara verən, bir şkaf dolu paltarı olmasına baxmayaraq yenə geyiminin yoxluğundan şikayət edə biləcək bir tip yaradır. 
Görünür bu məsələ rejissorun  ən yaralı məsələlərindəndir. Qadın özü hazırlayıb satdığı yağ-pendirin pulu ilə nəinki özünə bazarlıq edir, sevdiyi həyat yoldaşını da unutmur. Öz əlləri ilə, min əziyyətlə hazırladığı azuqələri satan Bahar  yoldaşına çarıq alır. Ancaq kişi hədiyyəni  elə "urvatsız” qəbul edir ki, hələ onu xanımının başına da vurur. Kasıb komalarında Adəmlə Həvvanın davasını edən bu ailənin rahat günü olmur. Qadın ev işləri, bazarlıq edərkən kişi də meşəyə odun yığmaya və evin ağır işlərini görür. Evlərində ət bişəndə onu bayram kimi qeyd edirlər. Bütün məsələlər Adəm və Həvvanın üzərində dayanır. Mövzu nə olursa olsun ara yerdə Həvva söyülür. Bahar isə Həvvanı müdafiə edir. Deyir, mən Həvva olsaydım bizi cənnətdən cəhənnəmə salmağa səbəbkar olan o almanı yeməzdim. Təsadüfən yoldan keçən varlı və müəmmalı bir insan onların səsini eşidir və maraqlı bir təklif irəli sürür. Deyir ki, sarayında heç kim yaşamır və onun heç bir varisi yoxdur. Bu saray onlara verilə bilər, amma bir şərtlə. Sarayın mərkəzində qoyulmuş qızılı qabın ağzı açılmayacaq. 
Tamaşa bundan sonra daha maraqlı davam edir. Qadın hər vəchlə qabın ağzını açmağa çalışır. Kişi isə onun qarşısını almağa çalışaraq, qabın ağzının açılmayacağını bildirir. Ağa kimi təqdim olunan varlı adam 3 saat səbr etsələr sarayın onlara hədiyyə ediləcəyini deyir. 2 saatdan sonra qabın içində olanlar qadını dingildətməyə başlayır. 
Rejissor bundan sonra daxilində qadınlara qarşı olan aqressiyasını daha çox büruzə verir və qadını salmadığı hal qalmır. Bahar qabın ağzını açmaq üçün yoldaşı ilə dalaşır, deyinir, özünü ölülüyə vurur, çırpınır və min bir bəhanə ilə qabın ağzını açmağa çalışır.  Kişi həyat yoldaşının öldüyünü zənn edir və həyatda ondan başqa heç kimi olmadığını düşünərək qabın ağzını açmaq qərarına gəlir. Qabı açarkən içərisindəki quş havaya uçur. Havada pərvaz edən quş onların var-dövləti, gələcəyini özü ilə göylərə aparır. Bundan sonra qadınla kişinin davası başlayır. Onlar bu məsələdə bir-birlərini günahkar bilirlər. Ağa vəziyyətdən xəbərdar olub onları öz kasıb komalarına göndərir. 
Ağa rolunu Əli Qulu Səmədov canlandırırdı. Rejissor ağanı eyni zamanda ilahi varlıq kimi də göstərməyə çalışmışdı.

Tamaşaçı olaraq məni narahat edən nüanslar
Tamaşada kişi ilə qadının deyişmələri çox zaman aparır. Bəzən səhnə boş qalır. Bəzən də səhnədə arxa cərgədə oturan tamaşaçılara səs gəlib çatmırdı. Bunu da Bakı Uşaq Teatrının böyük səhnələrdə çalışmadığı ilə əlaqələndirirəm. 

Aktyorların səhnə performansı
Tamaşada aktyor oyunları xüsusilə seçilirdi. Niyaz İlyasoğlunun öz tərzi olan səhnə performansı maraqlı idi. Bu tamaşa məndə bir neçə il öncə teatrın hazırladığı "Heykəl” tamaşasını xatırlatdı. Həmin tamaşada da belə elementlər var idi və Niyaz o obrazın öhdəsindən də peşəkarlıqla gəlmişdi. 
Seriallardan yaxşı tanıdığımız Məlahət Əhməd də səhnədə maraqlı bir performans sərgilədi. Onun səhnə plastikası, rəqsləri Niyazla vəhdət təşkil edirdi. Onun tamaşa boyu qadınları müdafiə etməsi, kişinin hər sözünün üstündən vurması bir qadın olaraq  bizləri məmnun edirdi. Rejissor aktrisaya açıq-saçıq səhnələri də həvalə etmişdi. Aktrisa həmin səhnələrdə kişini necə başdan çıxarmağın və onu necə razı salmağın yollarını   göstərirdi.
Ağa rolunu canlandıran Əli Qulu Səmədov  şahzadə obrazını canlandırsa da geyimi düzgün seçilməmişdi. Geyim aktyoru zənginə, bəyə deyil, sirk ustalarına bənzədirdi.  
Hazırda dünya teatr prosesində səhnə dekorasiyalarından imtina olunduğu bir zamanda rejissor da səhnədə dekorasiyalardan minimum istifadə etmişdi. İndi bilmirəm bu, kasıblıqdan, yoxsa o proseslərlə ayaqlaşmaq istəyindən irəli gəlirdi. Səhnənin ortasında yumru bir yataq düzəlmişdi ki, bu yataq sonra ağanın evində masaya çevrilir və üzərinə müxtəlif nemətlər düzülürdü. Nemətlər demişkən, tamaşanın premyerasının saat 18:00-a təsadüf etməsi də öncədən planlaşdırılmışdı. Belə ki,  teatrın direktoru İntiqam Soltan tamaşaçıların iftar zamanını nəzərə alaraq tamaşanı 1 saat önə çəkmişdi. Bu alqışlanası ideya olsa da, ağanın evində süfrəyə naz-nemət düzən və həmin nemətlərin, xüsusən də kətələrin dadına acgözlüklə baxan aktyor iştahamızı açdı. 
Tamaşanın  musiqiləri də zövqlə seçilmişdi. Bu işdə musiqi tərtibatçısı Rauf Hüseynliyə afərin düşür. Quruluşu Könül Şahbazovaya məxsus olan rəqslərə də tamaşada geniş yer verilib. Niyaz  İlyasoğlunun məlahətli səsi isə bizi heyran etdi. Elə bu ifaya görə ona da bir təşəkkür göndərib, bütün heyəti premyera münasibəti ilə təbrik edək!
 
Xəyalə Rəis
 
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN