• çərşənbə axşamı, 19 mart, 09:24
  • Baku Bakı 8°C

Bakı turizm mərkəzinə necə çevrildi?

13.04.18 17:04 1352
Bakı turizm mərkəzinə necə çevrildi?
"Azərbaycan paytaxtı Bakı bütün dövrlərdə sivilizasiyaların kəsişməsində yerləşib, öz üzərində farsların, rusların türklərin təsirini hiss edib. İndi bu şəhər və bütün Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyatın neftdən asılılığı kimi problemlərdən qurtulmağa çalışır, eləcə də, islam adət-ənənələrinin qərb sekulyarizmi ilə birləşməsinin öhdəsindən gəlməyə çalışır”. Rusiyanın tanınmış "Vestnik Kafkaza” nəşri "National Geographic”də dərc olunan "This Ancient Silk Road City Is Now a Modern Marvel” başlıqlı məqaləni oxucularına bu formada təqdim edib. Qeyd edilir ki, mütəmadi dəyişikliklər qeyri-adi bir şəhərin yaranmasına gətirib çıxarıb: "XV əsr nümunəsi olan Şirvanşahlar sarayından başlayan dəyişiklik neft bumu dövründə daha da güclənərək, yeni görkəm alıb. Yeni memarlıq nümunələri nəticəsində hər küçədə təzə nəsə görmək mümkündür. Heydər Əliyev Mərkəzi və Alov qüllələri kimi məşhur olan üç göydələn artıq bir əfsanə statusu qazanıb. Bakılılar heç bir şəhərə bənzəməyən bir paytaxtda yaşayırlar. Azərbaycan rəhbərliyi neftin satışından əldə olunan gəlirdən dövlətin dünya arenasında imicini gücləndirməyə çalışır”. Müəllif yazır ki, Bakıda Ümumdünya Şahmat Olimpiadası, Avropa Oyunları, Avrovizon musiqi yarışması, Qran-Pri, Formula-1 yarışları keçirilib. Şəhər, həmçinin Olimpiya oyunlarını keçirmək istəyən namizədlər sırasında olub. Dünya mehmanxana brendləri sırasında olan "Four Seasons”, "Fairmont”, "Jumeirah i Hyatt Regency” Bakıda özlərinin filiallarını açıblar. Lakin ən effektiv marketinq aləti məhz memarlıq olub: "Aeroportdan şəhərin mərkəzinə doğru irəlilədikcə gözəl idman kompleksləri, kosmik gəmiləri xatırladan memorial və ticarət mərkəzlərinə rast gəlmək mümkündür. Heydər Əliyev Mərkəzini buz parçası, nəhəng balina və aeroport terminalına bənzədirlər. Lakin bu cür bənzətmələr belə bir möhtəşəm sənət əsərinə yaxın belə gəlmir. Dünya şöhrətli memar Zaha Hadidin müəllifi olduğu bu binaya istənilən bir bucaqdan nəzər salmaq mümkündür. Və belə bir təəssürat yaranır ki, o hərəkət edir”. Müəllif əlavə edir ki, mərkəzdən qərbə doğru daha bir arxitektura abidəsi ilə həzz almaq mümkündür: "Söhbət memarlıq incisi olan Xalça Muzeyindən gedir: "Bu bina bükülmüş xalçanı xatırladır. Alov qüllələrinin bir sıra hissəsi boş olsa da, onlar artıq Qız Qalası ilə birlikdə Bakının simvoluna çevrilib”. "Bakı müasir Paris idi. İndi isə kiçik Dubaydır”, - deyə rəssam və ictimai xadim Sitarə İbrahimova bildirir. O, öz ölkəsinin irsi ilə qürur duyur. Onun ayağında olan tatuda Qobustan qayaüstü rəsmləri əks olunub (Norveç etnoqrafi və səyyahı Tur Heyerdal inanırdı ki, Azərbaycan ərazisində vikinqlərin gəldiyi qədim sivilizasiya hökm sürüb). "Sitarə Xəzər sahili ilə gəzdiyi və əlini suya deyil, neftə saldığını əks etdirən film də çəkib. Filmin adı "Naftalan”dır. Onun sözlərinə görə, film bu resursun necə bir əhəmiyyət kəsb etdiyini nümayiş etdirir”, - deyə müəllif təəssüratlarını qeyd edib.
Daha sonra "Kefli” barı adlanan məşhur ictimai iaşə obyekti barədə yazır: "Bu, Moskva və yaxud Bruklinin hər hansı bir barlarından heç nəyi ilə fərqlənmir. Burada hər cür yerli istehsallı qida satılır. Onun sahibi 30 yaşlı vəkil Rüfət Şirinov bu müəssisəni işgüzar tərəfdaşı İvan Uvarovla birlikdə sırf vətənpərvərlik jesti kimi açıb. "Sovet dövründə bir çox Azərbaycan əşyaları itirilib. Əsrlər boyu azərbaycanlılar qonşuları ilə adaptasiya olunsalar da, sınmayıblar. Öz milli xüsusiyyətlərini, qonşularından fərqli olan musiqi və mətbəxini qoruyub saxlamağa müvəffəq olub”, - deyə tarixçi Fuad Axundov nəşrin əməkdaşına bildirib. Müəllif yazır ki, məhz bu xüsusiyyət Azərbaycana tolerantlıq atmosferi formalaşdırmağa imkan verib: "Təsadüfi deyil ki, üç müxtəlif yəhudi icmaları- aşkinazi, gürcü yəhudiləri və dağ yəhudiləri paşalar, xəlifələr və komissarların idarəçiliyini yaşayıblar”. Müəllif onu da qeyd edir ki, Sitarə İbrahimovanın narahatçılığına baxmayaraq Bakı heç zaman Dubay olmayacaq: "Bura qədim bir yerdir, 20-ci əsrin əsəri deyil. Burada tarixin bütün təbəqələrini müşahidə etmək mümkündür. İçəri Şəhərin böyük bir hissəsi XII və XVI əsrlər arası inşa edilib. Lakin yerli küçələrin labirinti və dalanları tək dünya irsinin nümunəsi deyil, bütöv bir rayondur. Qədim çoxmənzilli evlər hökumət tərəfdən köklü təmirə ehtiyac duyur. Köhnə tikililər - məscidlər, ötən əsrin əvvəllərində neftxudaların neftin satışından əldə olunan gəlirlərlə tikdikləri tarixi binalar bərpa edilir. "Bakı neftin sayəsində inşa edilib”, - deyə mühəndis-texnik Zöhrab Hüseynov bildirib. Ən gözəl binalar, o cümlədən Qızlar İnstitutu neft bumu zamanı inşa edilib. Nobel mükafatının təsisçisi Alfred Nobel Xəzər nefti üzərində özünə və ailəsinə kapital quran biri olub. O və digərləri şəhərdə bir sıra möhtəşəm binalar, o cümlədən Səadət sarayını və hazırda ticarət mərkəzlərinin yerləşdiyi Hacınski binasını inşa ediblər. Adamı valeh edən hal odur ki, bu binalar sanki yüz il bundan əvvəlki neft pulları ilə deyil, indikilər hesabına inşa edilib. Daha sonra məqalədə turistlərə harada qalmaqla bağlı tövsiyələr verilir. Bu sırada məşhur "Sultan Inn” oteli göstərilir. Osmanlı üslubunu xatırladan bu binada heç olmasa bir dəfə nahar etmək gərəkdir. "Premier Old Gates” otelində isə Azərbaycan xalçaları və ərəb divar kağızlarını müşahidə etmək mümkündür. Buradan Xəzər dənizi və köhnə şəhərə gözəl mənzərə açılır. "Fairmont” oteli isə Azərbaycanın necə çiçəkləndiyini nümayiş etdirir. Nahar etmək üçün isə ən gözəl yerlərdən biri "Manqal” restoranıdır. Teatr və tamaşalara baxmaq üçün isə ən gözəl məkanlardan biri Bakı Marionet Teatrıdır. Onun rəhbəri Tərlan Qorçu möhtəşəm bir heyət formalaşdırmağa müvəffəq olub. Yanardağ - Abşeron yarımadasında yerləşib və "yanan dağ” mənasını verir. Daha sonra isə Bakının ən möhtəşəm bazarı olan Təzə bazar haqqında məlumat verilir. Bu bazar göstərir ki, Azərbaycan mədəniyyətlərin kəsişdiyi bir məkandır. Buradan yerli məhsullar, ədviyyatlar, quru meyvələr, yerli çaylar və Xəzər dənizindən çıxarılan balıqlar almaq mümkündür”.

Azər
banner

Oxşar Xəbərlər