Bakı təsadüfi seçilməmişdi
Xəbər
verdiyimiz kimi, Rusiya və ABŞ Baş Qərargah rəislərinin Bakıda tarixi görüşü
baş tutdu. Görüşdə gərginliyin azaldılması, risklərin qarşısının alınması ilə
bağlı birgə ölçü götürmək barədə razılığa gəlinib. Rusiya Müdafiə Nazirliyinin
yaydığı məlumata görə, hərbi fəaliyyətin təhlükəsizliyinin yaxşılaşdırılması, gərginliyin
və risklərin azaldılması üçün birgə iş istiqamətləri müəyyənləşdirilib.
Məlumatda
deyilir ki, ABŞ-ın Baş Qərargah (BQ) Rəisləri Komitəsinin sədri general Cozef
Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi Valeriy Gerasimov ABŞ-Rusiya arasında hazırkı vəziyyətlə
bağlı fikir mübadiləsi aparıblar, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər
regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Əlaqələrin
davam etdirilməsinə dair razılıq əldə olunub.
ABŞ-ın
Azərbaycandakı səfiri Robert Sekuta isə bildirib ki, ABŞ və Rusiya ali hərbi rəsmilərinin
görüşündə tərəflər arasındakı başlıca məsələlər müzakirə olunub.
Nəzərə
çatdıraq ki, bu iki böyük dövlətin generallarının görüşünün Bakıda reallaşması
təsadüf sayılmır. Mövzu haqda fikirlərini bölüşənlər deyirlər ki, bu, hər şeydən
əvvəl Azərbaycanın yaratdığı etibarlılıq imici və qazandığı etimadla bağlıdır.
Millət vəkili Bəxtiyar Sadıqov Trend-ə açıqlamasında deyib ki, ABŞ və Rusiya BQ rəislərinin
Bakıda görüşməsi Azərbaycana etimaddır: "ABŞ-ın Birləşmiş Qərargah Rəisləri
Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci
müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri
Gerasimovun görüş yeri üçün məhz Azərbaycanı seçməsi ölkəmizə göstərilən etimad
və etibarın nümunəsidir”.
B.Sadıqov
bildirib ki, həm Rusiya, həm də ABŞ dünyada söz sahibi olan dövlətlərdir: "Əgər
biz düşünsək ki, hər iki dövlət ATƏT-in Minsk qrupunun həmsədridir, hesab edirəm
ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycan üçün
siyasi bir xaldır. Eyni zamanda, Azərbaycanın belə bir görüşə ev sahibliyi etməsi
həmin dövlətlərin yanında Azərbaycanın nüfuzunun yüksək olmasından da xəbər
verir. Ona görə də bu görüşün Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm.
Ümid edirəm ki, görüşdə qarşıya qoyulan məqsədə nail olunacaq və bu da Azərbaycanın
nüfuzunu daha da artıracaq”.
Deputat əlavə
edib ki, artıq Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün mərkəzə
çevrilməsi təsdiq olunmuş bir aksiomdur: "Azərbaycanın beynəlxalq birlikdə
tutduğu mövqe bu cür tədbirlərin tez-tez ölkəmizdə keçirilməsinə imkan verir”.
Millət vəkili Aydın Mirzəzadənin fikrincə, Bakı görüşü İrəvanın təxribatını alt-üst
etdi. Axar.az-a danışan millət vəkili deyib ki, Azərbaycan beynəlxalq birlikdə
aktiv xarici siyasət yeridir: "ABŞ və Rusiya münasibətləri Obama dövründə ötən əsrin
70-ci illərinin soyuq müharibə vəziyyətinə yaxın idi. Donald Tramp münasibətləri
yaxşılaşdırmaqda maraqlı olduğunu göstərdi və ilk dəfə iki ölkənin yüksək səviyyəli
rəsmi şəxsləri Bakıda bir araya gəldilər. Azərbaycanın xarici siyasət xəttini təhlükəsizlik,
stabillik, qarşılıqlı əməkdaşlıq uğrunda birgə mübarizə təşkil edir. Bakının bu
istiqamətdə uğurları durmadan artır. Bu gün Azərbaycan dövlətçiliyinin uğuru
göz qarşısındadır. Azərbaycanda siyasi gərginlik, vətəndaş müharibəsi kimi
hallar mövcud deyil. Ölkədə təhlükəsizlik şəraiti yüksək səviyyədədir. Görüşün
məhz Bakıda reallaşması çox vacib siyasi bir faktorla - prezident İlham
Əliyevin beynəlxalq aləmdə yüksək nüfuzu ilə bağlıdır. Görüşün keçirildiyi müddətdə
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında "referendum” keçirmə təxribatı
baş tutmadı. Bu, o anlama gəlir ki, Azərbaycan dövlətinin siyasi uğurları sonda
erməniləri bütün cəbhələrdə acı məğlubiyyətlə üz-üzə qoyacaq”.
Millət vəkili Elman Nəsirov da bu görüşün Bakıda keçirilməsini beynəlxalq aləmdə
Azərbaycana böyük etimad olduğunun göstəricisi sayır. E.Nəsirov AZƏRTAC-a
açıqlamasında bildirib ki, iki nəhəng dövlət həm ikitərəfli münasibətlərinin bu
günü və gələcəyi, həm də regional təhlükəsizlik məsələlərini, dünyanı narahat
edən mürəkkəb məsələləri müzakirə etmək üçün məhz Bakı şəhərini seçib: "Bakının
görüş məkanı kimi seçilməsi ona dəlalət edir ki, Azərbaycan sözün həqiqi mənasında,
dünyanın ən sabit, ən təhlükəsiz ölkələrindən birinə çevrilib. İkincisi, bu,
onun təsdiqidir ki, prezident İlham Əliyev olduqca balanslı, çevik siyasət həyata
keçirir və bu siyasətin gətirdiyi divident həm ABŞ-ın, həm də Rusiyanın diqqətini
cəlb edib. Belə bir siyasət, ilk növbədə, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq
münasibətlərinə söykənir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində
Azərbaycan BMT Təhlükəsizlik Şurasına iki il müddətinə qeyri-daimi üzv
seçilmiş, iki dəfə Şuraya sədrlik etmişdi. Azərbaycan bu gün beynəlxalq təhlükəsizliyə
çox ciddi töhfələr verir. Bütün bu reallıqlar heç şübhəsiz ki, iki supergüc
dövlətin hərbi sahədə önəmli generallarının Bakıda bir araya gəlməsini şərtləndirən
əsas amillərdəndir”.
YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, bu görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın həyata
keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri
tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir:
"Dünyanın diqqət mərkəzində olan, beynəlxalq aləmdə iqtisadi, siyasi və
humanitar mərkəz kimi tanınan Azərbaycan eyni zamanda, bir çox hallarda beynəlxalq
əməkdaşlıqların qurulduğu məkan kimi də tanınır. Mütəmadi olaraq paytaxt Bakıda
demək olar ki, bütün dünyanı əhatə edən qlobal tədbirlər, humanitar forumlar,
maraqla izlənilən beynəlxalq idman yarışları keçirilir. Respublikamıza gələn
qonaqlar inkişafın Azərbaycan modelini öz gözləri ilə görür, ölkəmizin kifayət
qədər sabit, təhlükəsiz olduğunu xüsusi olaraq vurğulayırlar. Sözsüz ki, qeyd
etdiyimiz bu uğurlar ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam
etdirən möhtərəm prezidentimiz İlham Əliyevin həyata keçirdiyi mükəmməl daxili
və xarici siyasətin bəhrəsidir. Liderlər Azərbaycanı etibarlı tərəfdaş,
prezident İlham Əliyevi dünya şöhrətli siyasi xadim kimi qəbul edir, onunla əməkdaşlıq
əlaqələrini yüksək qiymətləndirirlər. Qeyd etdiyimiz kimi, Azərbaycan dünyanın
super-gücləri olan ABŞ və Rusiya ilə kifayət qədər yaxın münasibətlər qurub, həmçinin
qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf
etdirir”.
V.Rəhimzadə
vurğulayıb ki, ölkəmiz dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli
təkliflər verir.
APA-nın
məlumatına görə, Rusiya Müdafiə
Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin keçmiş rəisi, ehtiyatda olan
general-leytenant Yevgeni Bujinski Gerasimov-Danford görüşünün Bakıda
keçirilməsindən təəccüblənmədiyini söyləyib. Azərbaycanın hər iki ölkə ilə əlaqələrinin
yaxşı səviyyədə olduğunu vurğulayan general Azərbaycanın hərbi sahədə regionun
güclü dövləti olduğunu vurğulayıb: "Azərbaycanın regional səviyyədə özünün
milli maraqlarını müdafiə etməsi üçün hər bir potensialı, o cümlədən hərbi
potensialı var”.
Digər rusiyalı hərbi ekspert Aleksandr Perenciyevdə generalların görüşünün Bakıda keçirilməsinin təsadüfi olmadığını deyib:
"Bakı buna qədər də belə formatlarda görüşlərin keçirildiyi məkan olub. Bundan
öncə Bakıda Rusiya vəNATOölkəsi olan Türkiyənin ordularının beyin mərkəzlərinin
rəhbərlərinin görüşü keçirilib. Bir sözlə, Bakının belə formatda görüşlərin
keçirilməsi üçün böyük təcrübəsi var. Digər tərəfdən isə, Azərbaycan həm Rusiya
ilə, həm də ABŞ-la bərabər tərəfdaşlıq və münaqişəli olmayan münasibətlərə
malikdir. Məhz bu faktorlar Bakının iki nəhəng ölkənin silahlı qüvvələrinin baş
qərargah rəislərinin görüş yeri kimi seçilməsinə yardım edib”.
H.Əsgər