• cümə axşamı, 25 aprel, 05:28
  • Baku Bakı 19°C

Bakı-Tbilisi-Qars “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verir

05.04.19 10:45 315
Bakı-Tbilisi-Qars “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verir
2019-cu ilin aprelin 3-4-də Vaşinqtonda NATO xarici işlər nazirlərinin növbəti iclası olub
AZƏRTACxəbər verir ki, NATO-nun 70-ci ildönümünə həsr olunan iclas çərçivəsində qurumun baş katibi Yens Stoltenberq mətbuata verdiyi açıqlamasında Azərbaycanın Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini deyib. Y.Stoltenberq 2017-ci ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın "Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan ilə NATO arasında tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 1994-cü il 4 may tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub. Azərbaycan SNT proqramının prinsiplərinə əsaslanmaqla, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, meydana gələn təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və əsas vurğusu təhlükəsizlik və müdafiə islahatlarına yönələn geniş spektrli məsələlər üzrə siyasi dialoq və praktiki əməkdaşlıq həyata keçirir.
Azərbaycan Respublikası 2003-cü ildən başlayaraq NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkim olmaqla 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasının tərkibində xidmət edir.
Azərbaycan NATO-nun Əfqanıstanda sülhü bərqərar etmə səylərinə eyni zamanda hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.
2017-ci ilin oktyabrın 30-da açılışı baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaradıb. Bakı-Tbilisi-Qars dəmir yolu Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə NATO dövlətlərinin Əfqanıstana fasiləsiz və təhlükəsizlik şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir. Ələtdə yerləşən Yeni Bakı Limanı da bu sahədə imkanları genişləndirir. Uzunmüddətli perspektivdə Azərbaycandan tranzit kimi istifadə NATO-nun Əfqanıstandakı missiyasının təchizatı, habelə Əfqanıstanın davamlı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edir.
banner

Oxşar Xəbərlər