“Bakı-Tbilisi-Qars Avrasiya məkanının iqtisadi coğrafiyasını dəyişdirmək imkanına malikdir”
Bakı-Tbilisi-Qars
(BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan və region
dövlətləri üçün deyil, qlobal əhəmiyyətli tarixi hadisədir. BTQ Bakıdan
başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin
Qars şəhərinə gedir və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir.
BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması
yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olub. Oktyabrın 30-da
Azərbaycan, Türkiyə prezidentlərinin, Gürcüstan, Qazaxıstan, Özbəkistan Baş
nazirlərinin, Türkmənistan və Tacikistan nümayəndə heyətinin iştirakı ilə
Bakıda sözügedən dəmir yolunun təntənəli açılış mərasimi keçirilib. Noyabrın
1-də isə TehrandaPrezidentlərİlham Əliyev, Həsən Ruhani və Vladimir
Putinin üçtərəfli zirvə görüşü keçirilib. Həmin görüşdə bir çox regional
məsələlərlə yanaşı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin
formalaşdırılması barədə müzakirələr aparılıb. Qeyd olunan hadisələr,
Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələr, onların ölkəmizə və regiona
faydası, iqtisadi-siyasi əhəmiyyəti ilə bağlı "Kaspi”nin suallarını Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir
Mirkişili cavablandırır.
- Tahir müəllim, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də
gələcəkdə reallaşacaq Şimal-Cənub layihəsi Azərbaycanın nəqliyyat qovşağına
çevrilməsində necə rol oynayır?
- İlk öncə qeyd
etmək istərdim ki, Avrasiya məkanında dünyanın iki nəhəng iqtisadi güc mərkəzi
yerləşir. Bunlar Qərbdə Avropa Birliyi, şərqdə isə Çindir. Bu iki nəhəng iqtisadi
mərkəz arasında olan ticarət əlaqələri, yük daşımaları hər il genişlənir.
Hazırda Avropa Birliyi ilə Çin arasında ticarət həcmi 500 milyard dolları
keçir. İki güc mərkəzi arasında yük daşımalarının həcmi illik 100 milyon tondan
çoxdur. Genişlənməkdə olan bu əlaqələr tranzit ölkələr üçün də böyük iqtisadi
mənfəət vəd edir. Hazırda Avropa Birliyi və Çin arasındakı yükdaşımalar
şimaldan Trans-Sibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə,
cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu vasitəsilə daşınır. Şimal
dəmir yolu marşrutu əsasən siyasi cəhətdən Avropa Birliyi ölkələri ilə sabit münasibətləri
olmayan Rusiyadan keçdiyindən yüksək siyasi risklər daşıyır. Cənub dəniz yolu marşrutu
isə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə
bilmir. Dünya üzrə avtomobil yolları ilə daşınan yüklərin 2030-cu ilə qədər 30,
2050-ci ilə qədər 50 faizinin dəmir yolları üzərinə keçirilməsi
proqnozlaşdırılır. 2050-ci ildə 2005-ci ilə nisbətən dəmir yolu ilə
daşımalarını 87 faiz artması gözlənilir. Məhz bu kontekstdə Avrasiya məkanında
daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək
bir marşruta ehtiyac yaranmışdı. Bu potensialı dəyərləndirərək, ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı
şəhərində Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya,
Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçılarının, 13 beynəlxalq təşkilat və
32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına
həsr olunmuş beynəlxalq konfrans keçirilib, Avropa İttifaqının TRASEKA proqramı
əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat
haqqında əsas çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.
Saziş 12 dövlətin – Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya,
Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin
dövlət və hökumət başçıları tərəfindən imzalanıb. Məhz bu Bakı Bəyannaməsi
Bakı-Tbilisi-Qars layihəsinin siyasi özəyini təşkil edirdi. 2007-ci ildə
Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin
iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata
keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalanıb. Qeyd
etmək lazımdır ki, o zamanlar digər bir layihənin də həyata keçirilməsi üçün
Ermənistan rəhbərliyi və onların havadarları bütün güclərini sərf etmişdilər.
Bu layihə, Qars-Gümrü-Tbilisi layihəsi idi. Bu layihənin həm də bəzi hissələri
hazır idi hətta. Ancaq Azərbaycan dövlətini gücü, Azərbaycan Prezidentinin nüfuzu
və Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi potensialı bu layihənin mübarizədə
qalib gəlməsinə səbəb oldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tiflis-Ərzurum
layihələrindən sonra hər üç ölkənin reallaşdırdığı üçüncü böyük layihə olan
Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya məkanının iqtisadi coğrafiyasını
dəyişdirmək imkanına malikdir. Tarixi ipək yolunun marşrutundan keçən
Bakı-Tbilisi-Qars dəmir yolunu "Dəmir İpək Yolu” layihəsi də adlandırmaq olar.
Tezliklə istismara veriləcək Şimal-Cənub nəqliyyat dəhlizi ilə
Bakı-Tbilisi-Qars layihəsi Azərbaycanda beynəlxalq nəqliyyat dəhlizlərinin
kəsişməsini yaradacaq ki, bu da ölkəmizin bu layihələrdən siyasi və iqtisadi
cəhətdən maksimum faydalanmasına imkan verəcək.
- İqtisadi baxımdan bu kimi layihələr Azərbaycana hansı dvidentlər
gətirəcək?
- Bakı-Tbilisi-Qars
dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq
gücünə sahibdir. Dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük
daşımaq potensialı vardır. BTQ layihəsi Qərb istiqamətində Türkiyə ərazisindən
Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir
yolları şəbəkəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin Şərq
limanları vasitəsilə Çinə qədər uzanacaq. Qeyd etmək lazımdı ki, hazırda Qazaxıstan
Aktau limanının yük aşırma gücünü ildə 19.5 milyon tona qədər çatdırıb. Ələtdə
inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanının da ilkin mərhələdə
yükaşırma gücü 20 milyon ton ətrafındadır. Beynəlxalq standartlara görə, dəmir
yollarında 1 ton yükün 1 km
daşınması 0.1 dollara başa gəlir. Bu standartlar ilə hesabladıqda Azərbaycanın
20 milyon ton yük daşınmasından əldə edə biləcəyi gəlir 1 milyard dollardan
çoxdur. Hazırda Türkiyə-Gürcüstan-Azərbaycan arasında xarici ticarətin həcmi
4.2 milyard dollardır. İlkin hesablamalara görə, BTQ dəmir yolunun işə düşməsi
ilə hər üç ölkə arasındakı ticarətin həcmi 10 milyard dollara çatacaq.
Layihənin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi
gəlir 1 milyard dollardan çox olacaqdır. Bu layihə həm də Azərbaycan
ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı
yaradacaqdır ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan
verəcəkdir. Qeyd etmək istərdim ki, Türkiyənin Körfəz və Orta Asiya ölkələrinə
ixracının artırılmasında ən böyük əngəl nəqliyyat problemləridir. Türkiyə ilə
İran arasındakı yol müasir ehtiyaclara tam cavab verə bilmədiyindən iki ölkə
arasında artan ticarət dövriyyəsinin təmin olunması üçün Bakı-Tbilisi-Qars
dəmir yolu mühüm rol oynayacaqdır. Belə ki, iki ölkə arasında dəmir yolu
üzərindən ildə 1 milyon ton yük daşımalarının planlaşdırılması Van gölü və
Saraksda ləngimələrin baş verməsi üzündən nəqliyyat şirkətlərinin bu yollardan
uzaqlaşıb Bakı-Tbilisi-Qars dəmir yoluna keçməsinə stimul yaradacaqdır. Eyni
zamanda, Türkiyə ilə Rusiya arasında illik 16 milyon tondan çox yük
daşımalarının da sürət və tarif baxımından daha əlverişli olan
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Şimal xətti üzərindən həyata
keçirilməsi gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasının mühüm
bir nəticəsi də regionda yeni bir enerji dəhlizi yaranması olacaqdır.
Azərbaycanın neft-kimya məhsullarının bu xətt üzərindən bütün dünyaya
çatdırılması imkanları xeyli artacaqdır. Buna əlavə olaraq Türkiyə ilə Orta
Asiya ölkələri arasındakı yük daşımalarını həyata keçirən mövcud nəqliyyat
qurumları bu xətdən faydalanmaq istəyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu hər
üç ölkədə məşğulluq və kiçik ticarət baxımından da böyük bir canlanma
yaradacaqdır. Yüklərin marşrutlar boyunca emal edilməsi, əlavə dəyərlərin
yaradılması, ixrac və xidmət üçün yeni sahələrin yaranması imkanları daha da
artacaq, bu isə son nəticədə insanların rifahının daha da artmasına gətirib
çıxaracaqdır.
- Azərbaycanın beynəlxalq iqtisadi layihələri reallaşdırılması dünyada
ölkəmizə olan münasibəti hansı səviyyəyə çatdırır?
- Azərbaycan
artıq uzun illərdir ki, beynəlxalq aləmdə etibarlı bir tərəfdaş kimi tanınıb.
Regionun inkişafına, Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin
olunmasına, Asiya və Avropa arasında etibarlı ticarət vasitəsi olmağı sübut
etmiş Azərbaycanın hər bir təşəbbüsü maraqla qarşılanır. Belə təşəbbüslərin
demək olar ki, hamısı reallaşır. Çünki, Azərbaycanın təşəbbüsləri praqmatikdir
və qarşılıqlı faydalara əsaslanır. Təsadüfi deyil ki, belə layihələrin həyata
keçməsi ilə ölkənin beynəlxalq aləmdə siyasi nüfuzu daha da artır.
- Bəs adlarını qeyd etdiyimiz iqtisadi layihələrin reallaşdırılması ölkəmiz
üçün siyasi baxımdan nə dərəcədə əhəmiyyətlidir?
- Bu layihənin
həyata keçməməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları uzun illər
çalışıblar. Hətta özlərini də inandırmışdılar ki, layihə həyata keçməyəcək. Ancaq
Azərbaycan Prezidentinin siyasi nüfuzu və Azərbaycan dövlətinin iqtisadi
qüdrəti ilə layihə reallaşdı. Bu, siyasi cəhətdən Azərbaycanın qələbəsi oldu.
Digər tərəfdən, bu layihə Azərbaycanın tərəfdaşlarının sayını daha da artırdı.
Layihəyə Orta Asiya dövlətlərinin, Qazaxıstanın qoşulması bu ölkələri həm də
siyasi cəhətdən daha yaxın tərəfdaşlara çevirəcək.
- Belə layihələr gələcəkdə regionun ümumi inkişafına necə təsir
edəcək?
- Həyata
keçirilən BTQ, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri bütövlükdə regionu Avropa
və Asiya bazarları ilə inteqrasiya edəcək. Bir tərəfdən regiona sərmayə,
texnologiya və bilik axını güclənəcək, digər tərəfdən regionun ixracatçıları
üçün xarici bazarlara əlverişli çıxış imkanı yaranacaqdır. Bu layihələr xarici
bazarlara daha ucuz və qısa müddətdə çıxış imkanı yaratdığından, bütövlükdə
regionun rəqabət qabiliyyətini artıracaqdır. Digər tərəfdən, Qarsdan Naxçıvana
dəmir yolunun çəkilməsi Muxtar Respublikanın iqtisadi blokadadan çıxmasına
geniş imkanlar yaradacaqdır.
- BTQ də daxil olmaqla, artıq neçənci layihədir ki, işğalçı
Ermənistan onun iştirakçısı olmur, kənarda saxlanılır. Bu baxımdan sözügedən
layihələrin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycanın
əsas problemi işğal olunmuş ərazilər və Dağlıq Qarabağ münaqişəsidir. Ölkənin
inkişafında əsas məqsədlərdən biri də bu münaqişədə ədalətin bərpa olunması və
işğalçılıq siyasətinə son qoyulmasıdır. Ermənistanın iqtisadi cəhətdən belə
layihələrdən kənar qalması onun işğalçı siyasəti ilə bağlıdır. Bunun da
nəticəsini onlar görürlər. Ermənistan artıq müstəqil dövlət kimi yox olma
həddinə çatıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi tezliklə Azərbaycana qarşı
işğalçılığa son qoyacaq və ölkəmizin region üçün yaratdığı iqtisadi və siyasi faydalardan
bəhrələnməyə çalışacaqlar. Bu, bir qədər əvvəl qeyd etdiyim kimi, Ermənistan yalnız
işğalçılıq siyasətinə son verdikdə mümkün ola bilər. Əks halda, bütün
layihələrdən təcrid olunmuş Ermənistanın gələcəyi sual altındadır.
Rufik İSMAYILOV