• cümə axşamı, 18 aprel, 04:39
  • Baku Bakı 15°C

Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan sürücülərlə bağlı reyd

15.04.17 12:00 875
Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan sürücülərlə bağlı reyd
Ötən gün DİN Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "20 Yanvar” metro stansiyasının qarşısından Sumqayıt istiqamətində sərnişindaşıma ilə məşğul olan avtobuslarla bağlı reyd keçirildi. Bakı-Sumqayıt yolunda baş verən silsilə qəzalar həmin ərazidən hərəkət edən avtomobillərlə bağlı olan bir çox problemləri gündəmə gətirmişdi.
Bəs bu reydlər hansı problemləri üzə çıxarır? Reydlər həmin istiqamətdə hərəkət edən avtobuslarla bağlı problemlərin aradan qaldırılması istiqamətində bir addım olacaqmı?
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev"Kaspi”yə açıqlamasında bildirdi ki, bu reydlər mütəmadi olaraq keçiriləcək: "Bu tədbirin keçirilməsi ancaq yollarda təhlükəsizliyin təmin olunması ilə bağlı olan məsələlərdir. Çünki təhlillər də göstərir ki, son vaxtlar sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin törətdiyi yol-nəqliyyat hadisələrinin sayında artım var. Sözsüz ki, səbə bu sahədə xidmət edən nəqliyyat vasitələri sürücüləri tərəfindən tez-tez yol-hərəkəti qaydalarının pozulmasıdır. Bu cür tədbirlər ona görə keçirilir ki, qanunsuz fəaliyyət göstərən, konstruksiyasında dəyişiklik edilən, texniki cəhətdən nasaz olduğu halda sərnişin daşınan nəqliyyat vasitələrinin texniki vəziyyətinə gündəlik reysqabağı nəzarət olunsun, sürücüləri tibbi müayinədən keçsinlər”.
K.Əliyev deyir ki, həftənin ilk günündən reyd keçirilməsi ilə bağlı məlumat verilmişdi: "Məlumatı verməkdə məqsədimiz o idi ki, qanunsuz fəaliyyət göstərən, texniki nasaz nəqliyyat vasitələri ilə xəttə çıxan sürücülər xəttə çıxmasınlar, əlavə cərimə ödəmək məcburiyyətində qalmasınlar. Amma təəssüf ki, biz reydə başlayanda gördük ki, dəfələrlə olunan xəbərdarlığa baxmayaraq, yenə də o texniki cəhətdən nasaz avtomobillərlə xəttə çıxarılıb, konstruksiyasına dəyişikliklər olunmuş, kustar üsulla qoyulmuş oturacaqlarla təchiz edilmiş nəqliyyat vasitələri ilə sərnişin daşınırdı. Sözsüz ki, belə halların qarşısı alınır və bundan sonra da alınacaq”.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı da reydə iştirak edib. O bizimlə söhbətində bildirdi ki, sürücülər texniki baxışdan keçdiklərini əsas gətirərək, sərnişin daşımaları üçün heç bir problem olmadığını deyirlər: "Adətən, həmin ərazidə o avtobusların əlindən hərəkət etmək mümkün olmur, amma reyd başlayan kimi bir neçəsini saxladıq, çəkiliş aparıldı. Sonra qalanları yoxa çıxdı. Kimin kimə əli çatdısa, xəbər verdi, saxlanılanlar isə xəbəri olmadan gələnlər idi. Arqumentləri odur ki, deyirlər, mənim avtomobilim texniki baxışdan keçirilib, sərnişin daşıya bilərəm. İnsanlara izah etmək olmur ki, hər texniki baxışdan keçən nəqliyyat vasitəsi sərnişindaşıma üçün yararlı hesab edilə bilməz. Texniki baxış vaxtı avtomobilin texniki cəhətdən qaydasında olması yoxlanılır. Heç bir sürücü texniki baxışa gedəndə əlavə avadanlıq qoyub getmir axı. Qaydasına salıb gedir, texniki baxışdan keçir, sonra qanunsuz nələrsə edir, yoxlama zamanı da deyir ki, əgər problemim vardısa, yol polisi niyə məni texniki baxışdan keçirirdi?”
E.Muradlı deyir ki, reyd zamanı bir çox problemlər üzə çıxdı: "Sürücüləri saxlayanda deyirlər ki, ailəmi-uşağımı necə dolandırım? Mən onlara da dedim ki, 6 tələbənin ölümünə səbəb olan sürücü də sizin kimi düşünürdü. İndi onun uşağını kim dolandıracaq? Yük üçün nəzərdə tutulan avtomobillə sərnişin daşıyırlar. 14-15 nəfərlik oturacaqlı avtobusda 20 oturacaq yeri düzəldirlər, ayaq üstə sərnişin daşıyırlar, ortaya əlavə oturacaqlar qoyurlar. Bir neçə avtomobil aşkarladıq ki, təkərlərində protektordan əsər-əlamət yoxdur, istismar üçün tam yararsız idi. Özü də ön təkərlər. Avtobusun hər təkəri bir formada, ölçüdədir. Sürücülük vəsiqələrini yoxladıq, əksəriyyətinin 15-18 cərimə balı var. Buna bir dəfə də cərimə yazılsa sürücülük hüququndan məhrum olunacaq. Hamısı da sərnişindaşıma qaydalarının pozulmasına görə yazılıb. Bu adama bu qədər cərimə yazılır, ondan nəticə çıxarmır”.
Ekspert bildirdi ki, bu reydlər davamlı olmalı, eyni zamanda həmin istiqamətdə DYP əməkdaşları nəzarəti gücləndirməlidirlər.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, BNA paytaxtın inzibati ərazisində müntəzəm sərnişin daşımada istifadə edilən avtobusların sürücülərinin həm yol hərəkəti qaydalarına ciddi əməl etməsi, həm də sərnişinlərlə münasibətdə etik davranış qaydalarını gözləməsi ilə bağlı daşıyıcılar qarşısında tapşırıqlar qoyub: "Mütəmadi olaraq tapşırıqların yerinə yetirilməsinə nəzarət edilir. Qeyd edim ki, BNA ətraf kənd və qəsəbələrdən şəhər mərkəzinə, eləcə də əks istiqamətdə hərəkət edən avtobusların şəhər daxilində xaotik hərəkətinin qarşısını almaq üçün 5 ünvanda Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması təşəbbüsü ilə çıxış edib. Və artıq "Koroğlu” metro stansiyasında, Lökbatan dairəsində və Dəmir yolu vağzalının yanında belə mərkəzlər yaradılıb. 20 Yanvar dairəsi və ona yaxın ərazilərdə bu gün mövcud olan vəziyyət bizim agentliyi də ciddi şəkildə narahat edir”.
M.Ağayev bildirdi ki, agentlik 20 Yanvar, "Şamaxinka” və 3-cü mikrorayon ərazisindəki xaotik vəziyyətin aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinə Beynəlxalq Avtovağzal Kompleksi ətrafında da Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması ilə bağlı 2016-cı ilin oktyabrın 18-də müraciət edib: "Hansı ki, bu mərkəzin yaradılması ilə qeyd edilən ərazilərdə həm mikroavtobusların həm də taksilərin xaotik hərəkəti və parklanması maksimum həll ediləcək. Hələlik bu mərkəzin yaradılması ilə bağlı müvafiq dövlət qurumları ilə işlər davam etməkdədir. Haqqında danışdığımız problemin köklü həllinə nail olmaq istəyiriksə, konkret elmi əsaslandırılmış layihələrin icrasına üstünlük vermək lazımdı. Doğrudur, müvafiq dövlət qurumlarının vaxtaşırı keçirdiyi reydlər də olmalıdır. Amma bu məsələnin köklü həlli demək deyil”.
Aygün
banner

Oxşar Xəbərlər