Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan sürücülərlə bağlı reyd
Ötən gün
DİN Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və
Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "20 Yanvar”
metro stansiyasının qarşısından Sumqayıt istiqamətində sərnişindaşıma ilə məşğul
olan avtobuslarla bağlı reyd keçirildi. Bakı-Sumqayıt yolunda baş verən silsilə
qəzalar həmin ərazidən hərəkət edən avtomobillərlə bağlı olan bir çox problemləri
gündəmə gətirmişdi.
Bəs bu
reydlər hansı problemləri üzə çıxarır? Reydlər həmin istiqamətdə hərəkət edən
avtobuslarla bağlı problemlərin aradan qaldırılması istiqamətində bir addım
olacaqmı?
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi,
polkovnik Kamran Əliyev"Kaspi”yə açıqlamasında bildirdi ki, bu reydlər mütəmadi olaraq keçiriləcək:
"Bu tədbirin keçirilməsi ancaq yollarda təhlükəsizliyin təmin olunması ilə
bağlı olan məsələlərdir. Çünki təhlillər də göstərir ki, son vaxtlar sərnişindaşıma
fəaliyyəti göstərən nəqliyyat vasitələrinin törətdiyi yol-nəqliyyat hadisələrinin
sayında artım var. Sözsüz ki, səbə bu sahədə xidmət edən nəqliyyat vasitələri
sürücüləri tərəfindən tez-tez yol-hərəkəti qaydalarının pozulmasıdır. Bu cür tədbirlər
ona görə keçirilir ki, qanunsuz fəaliyyət göstərən, konstruksiyasında dəyişiklik
edilən, texniki cəhətdən nasaz olduğu halda sərnişin daşınan nəqliyyat vasitələrinin
texniki vəziyyətinə gündəlik reysqabağı nəzarət olunsun, sürücüləri tibbi
müayinədən keçsinlər”.
K.Əliyev
deyir ki, həftənin ilk günündən reyd keçirilməsi ilə bağlı məlumat verilmişdi:
"Məlumatı verməkdə məqsədimiz o idi ki, qanunsuz fəaliyyət göstərən, texniki
nasaz nəqliyyat vasitələri ilə xəttə çıxan sürücülər xəttə çıxmasınlar, əlavə cərimə
ödəmək məcburiyyətində qalmasınlar. Amma təəssüf ki, biz reydə başlayanda
gördük ki, dəfələrlə olunan xəbərdarlığa baxmayaraq, yenə də o texniki cəhətdən
nasaz avtomobillərlə xəttə çıxarılıb, konstruksiyasına dəyişikliklər olunmuş,
kustar üsulla qoyulmuş oturacaqlarla təchiz edilmiş nəqliyyat vasitələri ilə sərnişin
daşınırdı. Sözsüz ki, belə halların qarşısı alınır və bundan sonra da
alınacaq”.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə
ekspert Elməddin Muradlı da reydə iştirak edib. O bizimlə söhbətində
bildirdi ki, sürücülər texniki baxışdan keçdiklərini əsas gətirərək, sərnişin
daşımaları üçün heç bir problem olmadığını deyirlər: "Adətən, həmin ərazidə o avtobusların əlindən hərəkət
etmək mümkün olmur, amma reyd başlayan kimi bir neçəsini saxladıq, çəkiliş
aparıldı. Sonra qalanları yoxa çıxdı. Kimin kimə əli çatdısa, xəbər verdi,
saxlanılanlar isə xəbəri olmadan gələnlər idi. Arqumentləri odur ki, deyirlər, mənim
avtomobilim texniki baxışdan keçirilib, sərnişin daşıya bilərəm. İnsanlara izah
etmək olmur ki, hər texniki baxışdan keçən nəqliyyat vasitəsi sərnişindaşıma
üçün yararlı hesab edilə bilməz. Texniki baxış vaxtı avtomobilin texniki cəhətdən
qaydasında olması yoxlanılır. Heç bir sürücü texniki baxışa gedəndə əlavə
avadanlıq qoyub getmir axı. Qaydasına salıb gedir, texniki baxışdan keçir,
sonra qanunsuz nələrsə edir, yoxlama zamanı da deyir ki, əgər problemim
vardısa, yol polisi niyə məni texniki baxışdan keçirirdi?”
E.Muradlı
deyir ki, reyd zamanı bir çox problemlər üzə çıxdı: "Sürücüləri saxlayanda deyirlər
ki, ailəmi-uşağımı necə dolandırım? Mən onlara da dedim ki, 6 tələbənin ölümünə
səbəb olan sürücü də sizin kimi düşünürdü. İndi onun uşağını kim dolandıracaq?
Yük üçün nəzərdə tutulan avtomobillə sərnişin daşıyırlar. 14-15 nəfərlik
oturacaqlı avtobusda 20 oturacaq yeri düzəldirlər, ayaq üstə sərnişin daşıyırlar, ortaya əlavə oturacaqlar
qoyurlar. Bir neçə avtomobil aşkarladıq ki, təkərlərində protektordan əsər-əlamət
yoxdur, istismar üçün tam yararsız idi. Özü də ön təkərlər. Avtobusun hər təkəri
bir formada, ölçüdədir. Sürücülük vəsiqələrini yoxladıq, əksəriyyətinin 15-18 cərimə
balı var. Buna bir dəfə də cərimə yazılsa sürücülük hüququndan məhrum olunacaq.
Hamısı da sərnişindaşıma qaydalarının pozulmasına görə yazılıb. Bu adama bu qədər
cərimə yazılır, ondan nəticə çıxarmır”.
Ekspert
bildirdi ki, bu reydlər davamlı olmalı, eyni zamanda həmin istiqamətdə DYP əməkdaşları
nəzarəti gücləndirməlidirlər.
Bakı Nəqliyyat Agentliyinin
(BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir
ki, BNA paytaxtın inzibati ərazisində müntəzəm sərnişin daşımada
istifadə edilən avtobusların sürücülərinin həm yol hərəkəti qaydalarına ciddi əməl etməsi, həm də sərnişinlərlə münasibətdə etik davranış
qaydalarını gözləməsi ilə bağlı daşıyıcılar
qarşısında tapşırıqlar qoyub: "Mütəmadi olaraq tapşırıqların yerinə yetirilməsinə nəzarət edilir. Qeyd edim
ki, BNA ətraf kənd və qəsəbələrdən şəhər mərkəzinə, eləcə də əks istiqamətdə hərəkət edən avtobusların şəhər daxilində xaotik hərəkətinin qarşısını almaq
üçün 5 ünvanda Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması təşəbbüsü ilə çıxış edib. Və artıq "Koroğlu” metro
stansiyasında, Lökbatan dairəsində və Dəmir yolu vağzalının yanında
belə mərkəzlər yaradılıb. 20 Yanvar
dairəsi və ona yaxın ərazilərdə bu gün mövcud olan vəziyyət bizim agentliyi də ciddi şəkildə narahat edir”.
M.Ağayev
bildirdi ki, agentlik 20 Yanvar, "Şamaxinka” və 3-cü mikrorayon ərazisindəki xaotik vəziyyətin aradan
qaldırılması məqsədi ilə Nazirlər Kabinetinə Beynəlxalq Avtovağzal
Kompleksi ətrafında da Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması ilə bağlı 2016-cı ilin oktyabrın 18-də müraciət edib: "Hansı ki, bu
mərkəzin yaradılması ilə qeyd edilən ərazilərdə həm mikroavtobusların həm də taksilərin xaotik hərəkəti və parklanması maksimum
həll ediləcək. Hələlik bu mərkəzin yaradılması ilə bağlı müvafiq dövlət qurumları ilə işlər davam etməkdədir. Haqqında
danışdığımız problemin köklü həllinə nail olmaq istəyiriksə, konkret elmi əsaslandırılmış layihələrin icrasına üstünlük
vermək lazımdı. Doğrudur, müvafiq dövlət qurumlarının
vaxtaşırı keçirdiyi reydlər də olmalıdır. Amma bu məsələnin köklü həlli demək deyil”.
Aygün