• şənbə, 20 Aprel, 09:35
  • Baku Bakı 14°C

Bakı strateji dialoq platformasına çevrilir

27.11.19 17:18 1069
Bakı strateji dialoq platformasına çevrilir
Politoloqların fikrincə, Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşünün növbəti dəfə paytaxtımızda keçirilməsi Azərbaycana olan yüksək etimadın göstəricisidir

Azərbaycan hər ötən gün dialoq mərkəzi kimi dünyanın diqqətini cəlb etməkdədir. Ölkəmiz ard-arda müxtəlif mövzularda sammitlərin, toplantıların, beynəlxalq konfransların keçirildiyi məkan rolunu oynayır. Artıq 3-cü ildir ki, NATO və Rusiyanın hərbi dairələri dialoq mərkəzi olaraq Bakının seçir və burada müzakirələr aparır.
Azərbaycan Prezidenti İlham Əliyev həm Rusiya, həm də NATO hərbi rəhbərliyi ilə görüşü zamanı da bu məsələyə toxunub. Dövlət başçısı qeyd edib ki, Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsi yaxşı bir ənənəyə çevrilib: "Biz bunu yüksək qiymətləndiririk. Keçən il üç dəfə belə görüş olub. Bu il artıq ikinci görüşdür. Yəni, bu ənənə artıq yaşayır və düşünürəm ki, davam edəcək. Biz bunu bizə böyük etimad əlaməti kimi qiymətləndiririk. Ona görə ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilərdi, lakin seçim Bakının üzərinə düşüb və artıq üçüncü ildir ki, bu ənənə davam edir, - görüşlərin təməli 2017-ci ildə qoyulub, - bu, o deməkdir ki, bu məkan nəticə verir”.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, NATO və Rusiya hərbi rəhbərlərinin Bakıda görüş keçirməsi Azərbaycana olan etimadın nəticəsidir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir: "Digər tərəfdən, Azərbaycanın paytaxtı Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun Hərbi Komitəsinin sədri arasında görüş məkanı kimi növbəti dəfə Bakının seçilməsi, hər şeydən əvvəl, Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir. Bu fakt bir daha Azərbaycanın tərəfdaşlıq və əməkdaşlıq platforması kimi özünü beynəlxalq münasibətlərdə təsdiq etməsinin ifadəsidir. Hazırkı beynəlxalq nizamın xarakteristikasına və dünya siyasətində mövcud tendensiyalara nəzər salsaq, görəcəyik ki, qloballaşan dünyada hegemon güc mərkəzlərinin dialoq məkanı kimi seçəcəyi ünvanların sayı hər ötən gün bir qədər də azalır. Çünki bəzi qlobal məsələlər ayrı-ayrı milli dövlətləri beynəlxalq münasibətlərin aktoru kimi mövcud siyasi reallıqların fonunda müxtəlif qütblərə doğru itələməyə başlayıb. Bu tendensiya beynəlxalq münasibətlərin gələcəyi baxımından müsbət hal deyil. Belə bir situasiyada çox mürəkkəb geostrateji məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın tərəfdaşlıq məkanı kimi çıxış etməyi bacarması, öz strateji mənafelərini müxtəlif güc mərkəzlərinin maraqları ilə uzlaşdırma qabiliyyətinin olması diplomatiya tarixində ekstraordinar hadisə kimi qiymətləndirilməlidir”. H.Məmmədovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev qeyd etdi ki, Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsi yaxşı bir ənənəyə çevrilib: "Nəzərə çatdırmaq lazımdır ki, ötən il Rusiyanın və NATO-nun ali hərbi komandanlığının paytaxtı Bakıda üç dəfə görüşü olub. Bu, əlbəttə ki, təsadüfi xarakter daşımır. Bu fakt, hər şeydən əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursunun qanunauyğun nəticəsidir. Regional və beynəlxalq miqyasda əməkdaşlığa, təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan çoxvektorlu, praqmatik xarici siyasət həyata keçirir ki, bu da həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Bu isə həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı ölkələr, o cümlədən dünya siyasətində güc mərkəzi kimi çıxış edən milli dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Digər tərəfdən, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycanın regional və qlobal təhlükəsizliyə müstəsna töhfələr verməsi ölkəmizin beynəlxalq dialoq məkanı olaraq seçilməsini şərtləndirib. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycanın cazibə mərkəzinə çevrilməsi, qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Bütövlükdə, sözügedən görüşün növbəti dəfə Bakıda keçirilməsi sabitlik adası kimi xarakterizə edilən, Cənubi Qafqazın lider dövləti Azərbaycana olan yüksək etimadın göstəricisidir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Bakı ənənəvi olaraq NATO və Rusiya generalları arasındakı görüşlərin mərkəzinə çevrilib: "Bu, Prezident İlham Əliyevin həm Qərbdə, həm də Rusiyada etibarlı tərəfdaş və lider kimi qəbul edilməsinin göstəricisidir. Ümumiyyətlə, Azərbaycan prezidentinin ölkəmizə edilən təzyiqlər zamanı balanslı siyasətindən geri dönməməyi, apardığı oturuşmuş və gələcəyə hesablanmış xarici siyasət dövlətin milli təhlükəsizliyinin qorunmasına gətirib çıxartdı”.
Z.Məmmədov vurğuladı ki, bu gün Prezident İlham Əliyev bütün vektorlarla bərabərhüquqlu siyasət yürütməkdə davam edir: "Qərbin Azərbaycana silah satmadığı bir dövrdə, ən müasir texniki göstəricilərə cavab verən silahları bizə İsrail satır. Ölkələr arasında Şimal-Cənub nəqliyyat xəttinin inşa edilir. O cümlədən 1990-cı illərdə münaqişənin nizamlanması prosesində Azərbaycan əleyhinə layihələr təqdim edən, açıq-aşkar Ermənistanın lehinə bəyanatlar verən Rusiyanın bu gün cənub istiqamətindəki geosiyasi orientirlərində dəyişikliklər etməsi göz qabağındadır. Bundan başqa, 1990-cı illərdə ermənipərəst qanunlar qəbul edən ABŞ-ın bu gün Bakını özünün regiondakı bir nömrəli tərəfdaşı hesab etməsi də hər kəsə bəllidir. Əslində bu mövzu olduqca genişdir. Unutmayaq kı, siyasət incə oyundur, bunu isə, ancaq mahirlər bacarır”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər